İqtidar Qərbin təzyiqləri nəticəsində siyasi məhbusları öz ənənəsinə uyğun azad etmək istəyir
Qərbin ciddi təzyiqləri Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etmək barədə düşünməyə məcbur edib. Lakin iqtidar onları ənənəsinə uyğun olaraq, əfv ərizəsi yazmaq şərtilə azadlığa buraxmaq istəyir. Redaksiyamıza daxil olan məlumata görə, siyasi məhbusların bəzilərinə əfv ərizəsi yazdırılması da bununla bağlıdır.
Bildirilir ki, 9 noyabr Dövlət Bayrağı Günü, yaxud da 12 noyabr Konstitusiya Günündə əfv fərmanı imzalanması planlaşdırılır. Bir neçə gün əvvəl Əfv Komissiyası toplanıb və bu məsələ xüsusi müzakirə olunub. Məlumata görə, ərizə yazan siyasi məhbusların gözlənilən əfvdə azadlığa buraxılması düşünülür. Bununla hakimiyyət Qərbin bir qədər yumşalacağını hesab edir. Lakin məsələ burasındadır ki, Azərbaycan siyasi məhbusların siyahısında 100-dən artıq şəxsin adı var. Qərb siyahıda olan bütün məhbusları azad etməyi tələb edir. Ona görə də hakimiyyətin bu addımı ilə məqsədinə nail olacağı inandırıcı görünmür.
Iqtidarın başqa bir problemi də var. Indiki vəziyyətlə hakimiyyət Iranla münasibətləri yaxşılaşdırmağa çalışır. Lakin Tehran həbs olunan dindarların azad edilməsini istəyir. Bildirilir ki, iqtidar problemi həll etmək üçün dindarların ad əfv yazması üçün çaba sərf edib. Amma dindarlar təklifi qəbul etməyiblər. Mövsüm Səmədovun, Abgül Süleymanovun qapalı həbsxanaya köçürülməsinin kökündə də məhz bu məsələ dayanır. Yəni, iqtidar xüsusi olaraq onları əfv ərizəsi yazmağa məcbur etməyə çalışır.