Yaxud repressiv siyasətin uğursuzluğunu IŞID-lə sığortalamaq cəhdi
Oktyabrın 12-də Milli Şura “Siyasi məhbuslara azadlıq, repressiyalara son” şüarı ilə mitinq keçirdi. Bu mitinqin keçirilməsinə görə sevinənlər də, “təzyiq”i qalxanlar da oldu. Hətta, Milli Şuranın mitinqinə kölgə salmaqla hakimiyyətə yarınanlar, özünü mütəxəssis kimi göstərib, mitinqə qərəzli qiymət verənlər də tapıldı.
Bütün hallarda 12 oktyabr mitinqi məqsədinə çatdı və hakimiyyətin reaksiyası da bunu sübut etdi.
Əvvəla, hakimiyyətə o mesaj verildi ki, repressiyalar, məhrumiyyətlər, hədə-qorxular demokratik düşərgəni sarsıda bilməyib. Eyni zamanda aydın göründü ki, Milli Şura ayaqdadır və müəyyən qopmalar bu qurumun gücünü azaltmayıb. Mitinqin ən böyük uğuru bilirsinizmi nədə ifadə olundu? Uzun illər mübarizə aparan, ehtiyac içində yaşayan, məhrumiyyətlərə düçar olan adamlar yenə də öndədilər və qətiyyən həvəsdən düşməyiblər.
Bütün bu faktlar onu deməyə əsas verir ki, Milli Şuranın 12 oktyabr mitinqi hakimiyyəti pərt duruma saldı. Mitinqdən 4 gün ötməsinə baxmayaraq hökumət mətbuatı 12 oktyabrdan uzaqlaşa bilməyib. Hakimiyyətin təxribat törədərək mitinqin təsirini azaltmağa çalışması da, yaranmış narahatlıqdan doğur. Ancaq ağ qara ləkə götürmədiyi kimi, hökumətimizin “IŞID kompozisiya”sı da Milli Şuranın “ritm”inə düşmədi. Bu iyrənc təbliğat da bumeranq effekti verdi. Məlum oldu ki, IŞID-in bayrağına sarılanlar hökumətin “yetirmə”ləridir. Sən demə, IŞID-in bayrağına sarılan Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qayınıdır. Məsələ ilə bağlı danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib. Ramil Quliyev də mətbuata açıqlamasında bildirib ki, bayrağı ona tanımadığı bir şəxs verib.
Yəni hökumətimizin kompromat kimi AzTV-lərə çıxardığı “məhsul” zay çıxdı.
12 oktyabr mitinqi hökuməti o qədər sarsıdıb ki, YAP-ın mətbu orqanı olan “Yeni Azərbaycan” qəzeti palaz-palaz səhifəslərini Milli Şuranın “ixitiyar”ına verib. Vəziyyət o qədər kritik olub ki, “Müsavata tribuna verilmədi”, “IŞID-in bayrağı qalxdı”, “Erməni sevgisi ifadə olundu” kimi “srok”u keçmiş arqumentlərlə qidalanıblar. Bir sözlə, dünənə qədər “Milli Şura adlı qurum ölüb” deyənlər, 4 gündür Milli Şuranın diri olması haqda təbliğat aparırlar.
Görkəmli mitinqoloq, YAP icra katibinin müavini Mübariz Qurbanlı da mitinqə qiymət verib: “Hesab edirəm ki, mitinq keçirməklə Milli Şura deyilən qurumda toplaşan insanlar öz mövcudluqlarını göstərmək istəyirlər. Ötən prezident seçkilərində tam məğlub olaraq sıradan çıxmış bu qurum reanimasiyadan çıxaraq özünü göstərmək və mövcud olduğunu nümayiş etdirmək istəsə də, bir daha ”ölü” olduğu təsdiqləndi. Oktyabrın 12-də keçirilən aksiya göstərdi ki, radikalların insanlara mitinq çağırışları istənilən nəticəni vermədi. Milli Şura isə cüzi adamlar toplayıb, tədbir keçirdi. Milli Şura oktyabrın 12-də keçirdiyi “mitinqlə” yenə də gülüş hədəfinə çevrildi”,- deyə ölkənin din işlərinə baxanı vurğulayıb.
Bildiyiniz kimi, Mübariz Qurbanlı həm də Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədridir. Əslində, gülməli olan Milli Şuranın mitinqi deyil, Mübariz müəllimin bu quruma gətirilməsidir.
Yaxşı olar ki, bu ciddi komitə sədri Milli Şuranın mitiniqinə deyil, bu mitinqdəki “IŞID xor”una münasibət bildirsin. Necə olur ki, şəhərin mərkəzində istənilən adam IŞID-in bayrağını dalğalandıra bilir? Niyə Mübariz müəllim qeydiyyatdan keçirdikləri icmalara nəzarət edə bilmir? Bəlkə, Mübariz Qurbanlını bu vəzifəyə gətiriblər ki, müxalifətin terrorçu imicini formalaşdırsın.
YAP icra katibinin digər müavini Siyavuş Novruzov da mitinq “bəyanat”ını əsirgəməyib: “Milli Şuranın bugünkü mitinqi Azərbaycan xalqının, millətinin, dövlətinin əleyhinə iş aparanların müdafiəsinə hesablanmışdı. Milli Şuranın mitinqi bütün hallarda xaricdən planlaşdırılmış aksiya idi. Təbii ki, Azərbaycanın da qanunları istənilən bir vətəndaşın, təşkilatın sərbəst toplaşmaq azadlığına hörmətlə yanaşmağı tələb edir”,- deyə Siyavuş Novruzov bildirb.
Millətimizin bu vəkili bir qayda olaraq daxildə baş verənləri, xaricdə axtarmaqla məşğuldu. Və bütün axtarışların nəticəsində “erməni dəyirmanı” tapmağa “müvəffəq” olur. 12 oktyabr mitinqində də “xarici nümunə”lər tapıb. Ancaq həmişəki kimi bu dəfə də əldə olunmuş tapıntının “bazar” dəyəri yoxdur.
Ümumiyyətlə, həm hakimiyyət təmsilçilərinin, həm də rejim qəzetlərinin 12 oktyabr mitinqinə istiqamətlənməsi onun göstəricisidir ki, bu mitinq öz hədəfinə çatıb.
Bəli, siyasi məhbuslara azadlıq tələb olundu, dünya ictimaiyyəti buna şahidlik etdi və minlərlə vətəndaş bu mitinqə dəstək verdi.
YAP-ın mitinqlərindən fərqli olaraq, Milli Şuranın mitinqinə gələnlər könüllülərdi. Baxmayaraq ki, mitinq başlamazdan öncə hakimiyyət “bomba” həyəcanı yaşadıb aksiyaçıları qorxutmağa çalışmışdı.
Bu ölkədə könüllülərin hələ də qalması, meydanlara insanların toplanması hakimiyyəti pərt vəziyyətə saldı və aydın oldu ki, repressiv siyasət məqsədinə çatmayıb.
Akif