Azərbaycan hakimiyyətinin yürütdüyü repressiv siyasət beynəlxalq aləm tərəfindən sərt reaksiya görməkdədir. Avropa Birliyinin komissarları Ştefan Füle və Ketron Eşton Azərbaycandakı son durumla bağlı iki kəskin reaksiya ilə çıxış ediblər. Bundan başqa Fransa, Norveç dövlət səviyyəsində Azərbaycanda yürüdülən siyasəti tənqid edib. Almaniya ombudsmanı insan haqlarının bu cür pozulmasının yolverilməz olduğunu dilə gətirib. Avstriya xarici işlər nazirinin Azərbaycanı səfəri və səfər çərçivəsində insan haqları, demokratiya ilə bağlı məsələni də qabartması birmənalı dəyərləndirilməməlidir.
Azərbaycan hakimiyyətinə növbəti beynəlxalq zərbə Avropa Parlamentindən gəldi. Azərbaycanda formalaşan vəziyyətlə bağlı sərt bəyanatla çıxış edən bu təşkilat sentyabrın 15-18-də keçiriləcək növbəti sessiyasında Azərbaycandakı vəziyyəti də müzakirə edəcək. Avropa Parlamentinin sentyabrın 18-də keçiriləcək plenar iclasında birliyin insan hüquqları və demokratiya ilə bağlı illik hesabatı təqdim olunacaq. Diqqət yetirin Azərbaycanda insan haqlarının durumu hansı ölkələrlə bir müzaikrə ediləcək. Bunlar Burundi və Banqladeşdir. Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət artıq Azərbaycanı dünyanın ən avtoritar ölkələri ilə bir sıraya qoyub.
Fuad Qəhrəmanlı: «Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətin yenidən müzakirəyə çıxarılması siyasi təzyiq xarakteri daşıyır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, təxminən bir il bundan əvvəl Avropa Parlamenti Azərbaycanda insan haqları, demokratik prinsiplərin pozulması ilə bağlı sərt qətnamə qəbul etmişdi. Həmin sənədə Qarabağ problemi və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin də daxil edildiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, bu yanaşma həmin qətnamənin ermənilərin sifarişi ilə qəbul olunması arqumentini hakimiyyətin əlindən almışdı. Sənəddə eyni zamanda ölkədəki insan haqları ilə bağlı durum kəskin tənqid olunaraq, hakimiyyətin yürütdüyü siyasət pislənirdi: «Avropa Paralamentinin yenidən Azərbaycandakı insan haqlarını müzakirəyə çıxarması onu göstərir ki, ötən müddət ərzində ölkədə nəinki müsbətə doğru dəyişiklik baş verib. Əksinə vəziyyət daha da pisləşib. Azərbaycanın vəziyyəti o ölkələrlə birgə müzakirə olunur ki, həmin dövlətlərdə insan haqlarının vəziyyəti ciddi narahatlıq yaradır. Artıq aydın görünür ki, Azərbaycan hakimiyyəti hər hansı tənqidi fikirləri nəzərə almaq niyyətində deyil. Əksinə Azərbaycandan demokratiya tələb edən dövlətlərlə diplomatik təmaslarda sərt üslublar nümayiş etdirilir. Məsələnin bu şəkildə davam etməsi Azərbaycanla Avropa strukturları arasında gərginliyi daha da artırır. Avropa Parlamentinin Azərbaycanda insan haqları ilə bağlı vəziyyəti yenidən müzaikrəyə çıxarması siyasi təzyiq xarakteri daşıyır. Azərbaycana o mesaj verilir ki, bu şəkildə Avropa qurumları ilə əməkdaşlıq sual altına alınır».
Azərbaycan hakimiyyətinin öz maraqları naminə ölkənin beynəlxalq imicini korlamaqla məşğul olduğunu deyən F.Qəhrəmanlı söylədi ki, bu cür yanaşma ölkənin maraqlarını zərbə altında qoyur: «Azərbaycanın Qarabağ kimi problemi var. Azərbaycan belə bir durumda beynəlxalq aləmin dəstəyinə böyük ehtiyac duyur. Amma Azərbaycan hakimiyyəti beynəlxalq aləmlə qarşıdurma xətti tutur. Bu isə onu deməyə əsas verir ki, hakimiyyətin Qarabağın azad olunması ilə bağlı bəyanatları formal xarakterlidir. Ərazi bütövlüyümüzü təmin etmək istəyən hakimiyyət beynəlxalq aləmin rəyini nəzərə alardı».
F.Qəhrəmanlı hesab edir ki, baş verənlər eyni zamanda onu deməyə əsas verir ki, hakimiyyət ciddi beynəlxalq təzyiq olmadan siyasətini dəyişmək niyyətində deyil.
Gültəkin Hacıbəyli: «Azərbaycandakı insan haqlarının durumunun müzakirəyə çıxarılması təsadüfi deyil»
Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının rəhbəri Gültəkin Hacıbəylinin isə fikrincə, hazırda dünyanın diqqəti Ukrayna hadisələrinə yönəlib. Buna görə də bütün dünya qüvvələrini Rusiyanın işğalçı siyasətini durdurmağa səfərbər edib. G.Hacıbəyli hesab edir ki, amma bu o demək deyil ki, digər ölkələrdə insan haqlarının kəskin şəkildə pisləşməsinə Qərb demokratiyası göz yumacaq. G.Hacıbəyli bu baxımdan hesab edir ki, Avropa Parlamentində müzakirələr gərgin keçəcək: «Müvəqqəti situasiyadan istifadə edərək repressiyaları gücləndirmək, vətəndaş cəmiyyətinin üstünə getmək heç də uğurlu yol deyil. Bu müvəqqəti fürsətdən istifadə edənlər onu nəzərə almalıdır ki, proseslər Qərb dəyərlərinin qələbəsinə doğru aparır. Bundan sonra gündəmə məhz Azərbaycanın Avropaya inteqrasiyası gələcək. Ona görə Avropa Parlamentində Azərbaycandakı insan haqlarının durumunun müzakirəyə çıxarılması təsadüfi deyil. Özü də bu müzakirələr Azərbaycan üçün utancverici müstəvidə olacaq. Azərbaycandakı durum Burundi və Banqladeş kimi ölkələrlə müzakirəyə çıxarılacaq».
Dövlət Departamentinin sözçüsünün də bugünlərdə Azərbaycandakı durumla bağlı narahatlıqlarını dilə gətirdiyini deyən G.Hacıbəyli vurğuladı ki, hakimiyyətin yürütdüyü siyasət Qərblə açıq qarşıdurmaya getməkdir. Bu addımların Azərbaycanın xarici siyasətinə uğur gətirmədiyini deyən G.Hacıbəyli bildirdi ki, hakimiyyət anlamalıdır ki, Rusiyanın aqressiyası qarşısında ən yaxşı müdafiə Qərbin demokratik institutlarıdır.
Xəyal