Adminstrasiya rəhbəri yüksək bal toplayanlardan yazmağı tövsiyə edib
Son günlər saytlarda yüksək bal toplayan tələbələr haqqında məlumatlar dərc olunur, təhsil sahəsində müəyyən irəliləyişlərin olması qabardılır. Sən demə, bu tendensiyanın yaranması təsadüfi deyilmiş. Belə ki, PA rəhbəri Ramiz Mehdiyevin jurnalistlərlə keçirdiyi müşavirədə iştirak edənlərdən birinin dediyinə görə, administrasiya rəhbəri bununla bağlı tapşırıq da verib. Ramiz Mehdiyev bildirib ki, jurnalistlər yüksək bal toplayan tələbələr və şagirdlər haqqında yazılar yazmalı, bunu ictimailəşdirməlidir.
Əslində, yüksək bal toplayan tələblərə dəstək olmaq, onları cəmiyyətə tanıtmaq, bu gənclərə stimul vermək yaxşıdır və belə gənclərin olması sevindirici haldır. Amma reallıq onu göstərir ki, bu nümunələr dövlət təbliğatına çevriləcək uğur deyil. Çünki, ümumi mənzərəyə nəzər salanda, imtahan nəticələri utandırıcıdır. Bu nəticələri elan edən isə, “Azadlıq” qəzeti deyil, TQDK-nın rəsmi saytıdır.
Məsələn, bu il bir neçə orta məktəbdə keçirilən buraxılış imtahanlarında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 8975-i “Ana dili”, 10 336-sı isə “Riyaziyyat” fənnindən “2″ qiyməti alıb. 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan 5298-i ”Ana dili”, 5391-i isə “Riyaziyyat” fənnindən “2″ qiyməti alıb.
Ümumilikdə bu il orta məktəblərdə keçirilən imtahanların yekunu onu göstərir ki, 89748 nəfər “3″, 50472 nəfər ”2″ alıb.
Yəni bu göstəricilərlə müqayisə etdikdə 600-700 bal toplayanlar həddindən artıq kiçik görünür.
Birdə ki, Ramiz Mehdiyev özü etiraf etmişdi ki, PA-da işə götürmək üçün savadlı hüquqşünas tapılmır. Əslində, ölkə təhsilinin real vəziyyəti hökumətin başında oturanlara da agahdır.
Sadəcə olaraq demək istəyirik ki, təhsilin səviyyəsini yüksəltmək, yüksək bal toplayan şagirdlərin təbliğatından asılı deyil. Təhsildə inkişafa nail olmaq üçün təhsil haqlarını azaltmaq, orta və ali məktəblərdə rüşvətə son qoymaq, müəllimlərə yüksək əmək haqqı vermək, keyfiyyətli dərsliklər çap etmək, tələbəyə “pul kisəsi” kimi baxmamaq lazımdır.
Onu da qeyd edək ki, yeni təhsil naziri Mikayıl Cabbarovun dediyinə görə, ölkədə 2000-dən çox müəllim saxta diplomla fəaliyyət göstərir. Ona görə də yaxşı olar ki, hökumətimiz təhsili saxtakarlıqlardan xilas etsin və bunun təbliğatını aparsın.
O, zaman jurnalistlər də əldə olunmuş uğurları həvəslə qələmə alarlar. Indiki halda isə, uğurdan yazanda, pis imtahan nəticələri adamın barmaqlarını dondurur.
Akif