«Hakimiyyət idarəçiliyindən fərqli olaraq mətbuat direktivlərlə işləmir»
«Azərbaycan mətbuatı yeganə sahədir ki, burada heç bir sahədə olmayan qədər peşəkarlar çalışır»
“Mən Azərbaycan mətbuatı, jurnalistikası ilə bağlı heç də pessimist deyiləm. Əksinə, əminliklə demək istərdim ki, bu gün bizim mətbuatımız, bütün çatışmazlıqları, qüsurları ilə birlikdə cəmiyyətimizin ən işlək, ən çevik bir strukturudur. Azərbaycan jurnalistləri cəmiyyətimizin ən vətənpərvər və ən məhrəm kəsimidir. Bu həqiqəti heç kim inkar edə bilməz”. Bu sözləri “Yeni Müsavat” qəzetinə müsahibəsində, hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin keçmiş baş redaktoru Alqış Musayev bildirib.
Alqış Musayev daha sonra qeyd edib ki, Azərbaycan mətbuatı yeganə sahədir ki, burada heç bir sahədə olmayan qədər peşəkarlar çalışır: “Mən sizə heç bir çətinlik çəkmədən onlarla peşəkar jurnalistin, redaktorun adını çəkə bilərəm. Ancaq başqa sahələr haqqında bu cür arxayınlıqla danışmağa tərəddüd edirəm. Çox uzağa getməyə ehtiyac yoxdur”.
Keçmiş baş redaktoru bildirib ki, media haqqında danışarkən ilk növbədə məmur-mətbuat münasibətləri diqqəti cəlb edir: “Bu kontekstdə bir neçə həssas və vacib məqam var. Onları mütləq şəkildə nəzərə almaq lazımdır. Unutmayaq ki, jurnalist, redaktor hər hansı bir çətinliyə dözər, istənilən məhrumiyyəti asanlıqla yaşaya bilər. Ancaq ona nəyi və necə yazmağı öyrədəndə jurnalist belə cəhdləri çox ağrı ilə qarşılayır, belə təpkilərə daha çox aqressiya ilə reaksiya verir. Onu da nəzərə alaq ki, digər tərəfdən, jurnalistika ilə hakimiyyət, dövlət idarəçiliyi arasında çox-çox əvvəllərə, mətbuatın yarandığı günə qədər gedib çıxan klassik bir ziddiyyət mövcuddur…
… Hakimiyyət idarəçiliyi bir qayda olaraq həmişə direktivlərlə tənzimlənir, göstərişlərə əsaslanır. Nəzərə almaq lazımdır ki, hər bir peşə öz xarakterini onun daşıyıcısına təlqin edir. Nəticədə nə alınır? Direktivlərlə, tapşırıqlar əsasında fəaliyyət göstərən məmurda təbii olaraq belə bir təsəvvür yaranır ki, hamı, o cümlədən jurnalistlər də, mətbuat da onun kimi direktivlərlə yazmalı, müəyyən standartlar çərçivəsində düşünməlidir. Bu, əlbəttə ki, çox yanlışdır. Həm də çox təbii və başadüşüləndir…
…Hakimiyyət idarəçiliyindən fərqli olaraq mətbuat direktivlərlə işləmir. Jurnalist öz fəaliyyətini göstərişlər üzərində qurmur. O, hər şeyə yaradıcı yanaşır. Nəticədə jurnalist də öz fəaliyyət prinsipi ilə dövlət idarəçiliyinə yanaşır, məmurdan hər şeyə yaradıcı münasibət tələb edir”.
Qeyd edək ki, avqustun 29-da Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin KIV rəhbərlərilə müşavirəsi keçirilib. Həmin müşavirədə və bu tədbirdən sonra keçirilən növbətçi toplantılarda Azərbaycan mətbuatı haqqında qeyri-peşəkar, anti-milli obraz yaradılıb. Şəxsən Ramiz Mehdiyev özü mətbuatın ünvanına bir sıra ittihamlar səsləndirib. Müşavirənin sonunda isə ora toplaşan KIV redaktorlarına tapşırıqlar verməsilə, mətbuatın onun direktivləri əsasında fəaliyyət göstərməli olduğunu nümayiş etdirib. Alqış Musayevin bu fikirləri həmin müşavirəyə və Ramiz Mehdiyevə yarınmaq üçün mətbuatı ittiham edənlərə tutarlı cavab sayıla bilər.