Almaniyanın insan haqları üzrə müvəkkili (Ombudsman), AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə keçmiş məruzəçisi Kristof Ştrasser ölkəmizdə hüquq müdafiəçilərinə qarşı başlanmış təqib kampaniyasından danışıb.
Ştrasser Almaniyanın “N-TV” kanalına müsahibəsindədeyib ki, 2012-ci ildə keçirilən «Avroviziya» yarışmasını Azərbaycan öz təbliğatı üçün istifadə edirdi. Bu ilin may ayından Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməyə başlayıb. Ancaq bu müddətdə ölkədə azadlıqlar boğulur. «Avroviziya»dan keçən iki il müddətində ölkədə vətəndaş azadlıqları sahəsində vəziyyət daha da pisləşib.
Almaniyalı müvəkkil iyulun sonlarından Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artdığını deyib: “Ölkədə QHT-lərin fəaliyyəti ciddi araşdırılır və bu, əslində, onların fəaliyyətinin dayandırılmasına hesablanıb. Bu təşkilatlar üzün illərdir ciddi tərəfdaşlarla əməkdaşlıq edir. Ona görə də onlara qarşı ittihamlar şübhəlidir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi vaxtda bir həftə ərzində dörd hüquq müdafiəçisi həbs olunub. Bunlar vəkil İntiqam Əliyev, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunus, İnsan Haqları Evinin rəhbəri Rəsul Cəfərovdur. Leyla Yunus şəkər xəstəliyindən əziyyət çəkir, vəkili həbsxanada onun vəziyətinin pisləşdiyini deyir. Almaniya hökuməti Leyla Yunusa xüsusi dərmanlar çatdırmağı öz üzərinə götürüb”.
Hüquq müdafiəçilərinin vergi fırıldaqlarında ittiham edildiyini deyən Ştrasser Azərbaycan hakimiyyətinin müxalifətçilərə qarşı əsasən narkotik ittihamlarından istifadə etdiyini də qeyd edib.
Ştrasser beynəlxalq təşkilatların İlham Əliyevə siyasi məhbusları azad etməklə bağlı çağırış etdiyini də xatırladıb.
İnsan haqları üzrə müvəkkil Avropa Şurasının demokratiya və insan haqları prinsiplərinə riayət etməli olduğunu və Azərbaycanın bu imkandan istifadə etmədiyindən təəssüfləndiyini dilə gətirib.
azadlıq.info