Məhəmməd Bağırovun tutdurduğu Ərşad Ibrahimovun ailəsi Ilham Əliyevə müraciət etdi
“Ərşad Kəlbəcər Rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun korrpusiya əməllərini araşdırdığına görə həbs edilib. Təəssüf ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı bəyan edilsə də, bu məsələyə diqqət yoxdur”. Bu sözləri “Azadlıq”a jurnalist Ərşad Ibrahimovun qardaşı Tariyel Ibrahimov deyib.
Qeyd edək ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin keçmiş müdiri Məhəmməd Bağırovun müraciəti əsasında həbs olunan jurnalist Ərşad Ibrahimov avqustun 13-də Gəncə Şəhər Məhkəməsinin qərarı ilə 11 il azadlıqdan məhrum olunub. Ərşad Ibrahimov 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinib. Jurnalist ona qarşı irəli sürülən ittihamları rədd edib. Həbsinin sifariş əsasında həyata keçirildiyini bildirib.
Ərşad Ibrahimovun qardaşı Tariyel Ibrahimov bildirib ki, ailəsi ölkə başçıs Ilham Əliyevə müraciət edib: “Biz istəyirik ki, prezident bu işə diqqət etsin. Ona görə mətbuat vasitəsilə də prezidentin diqqətinə çatdırıram ki, Ərşad nə xuliqanlıq edib, nə də kiməsə hədə-qorxu gəlib. Ərşad Məhəmməd Bağırovun ifşa etdiyinə görə həbs olunub. Bu o Məhəmməd Bağırovdur ki, Kəlbəcər Rayon Təhsil Şöbəsində aparılan yoxlamalar onun korrupsiya əməlləri üzə çıxıb və barəsində cinayət işi başlanıb. Ərşad da onun onun korrupsiya əməllərindən yazıb. Məhəmməd Bağırovun barəsində cinayət işi başlanmasını həzm edə bilməyib. Ona görə də Ərşadı tutdurub.
Mən prezidentə üzümü tutub deyirəm, cənab prezident, siz Azərbaycanda korrupsiyaya qarşı mübarizədən danışırsız. Ərşad Ibrahimli də Məhəmməd Bağırovun korrupsiya əməllərini ifşa edirdi. Indi bu adam onun əməllərini ifşa edən jurnalisti həbs etdirib. Əgər siz həqiqətən də Azərbaycanda korrupsiyaya qarşı mübarizə elan etmisinizsə, o zaman həbsxanada Ərşad yox, Məhəmməd Bağırov olmalı idi. Jurnalisti yox, korrupsioneri həbs etmək lazımdır”.