Vəfa Quluzadə yayılan məlumatların inandırıcı olmadığını deyir
«Rusiya müxtəlif manevrlərlə özlərinin təcrid olunmasını pərdələməyə çalışacaq»
Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirən Türkiyənin bu ölkə ilə qarşılıqlı hesablaşmalar zamanı milli valyutalardan istifadəni təklif etməsinə dair məlumatlar yayılıb. Xatırladaq ki, bir müddət əvvəl Rusiya dollardan imtina edəcəyinə dair hədələr səsləndirirdi. Qərblə münasibətləri gərgin olan Rusiyanın bəzi məsələlərdə Qərblə üz-üzə gələn Türkiyə ilə yaxınlaşmaq istəyi də başa düşüləndir.
Bu arada Ermənistan mətbuatında Rusiya-Türkiyə əlaqələrinin genişlənməsinjən narahatçılıq ifadə olunur. Erməni nəşrləri hətta bu yaxınlaşmanın Ermənistan üçün problem yaradacağını deyir və Rusiyanı ittiham edir.
Bu yaxınlaşma hansı həddə qədər davam edə bilər və Türkiyə Rusiya ilə ticarət əlaqələrində dollardan imtina etsə, bu hansı nəticələrə gətirib çıxarar?
Politoloq Vəfa Quluzadə Türkiyə ilə Rusiyanın yaxınlaşmasını inandırıcı hesab etmir. Eyni zamanda Türkiyənin dollardan imtina ilə bağlı təklif irəli sürməsi də mümkünsüz görünür: «Burda başqa haqq hesabdır. Ruslar özlərinin izolyasiyaya düşməsini gizlətmək üçün və Türkiyənin onlarla bir olduğunu göstərmək üçün bu metoddan istifadə edirlər. Türkiyə Rusiyaya küllü miqdarda mal ixrac edir. Türkiyənin güclü yüngül sənayesi var. Rusiyanın yüngül sənayesi yoxdu, heç sovet ittifaqının da yox idi. Ona görə Rusiya Türkiyənin yüngül sənaye mallarını barterlə, neftə, qaza ala bilər. Bunu da güya Türkiyə ilə bunların əməkdaşlığında dollardan imtina kimi göstərmək istəyirlər. Başqa bir şey görmürəm. Barter həmişə olub. Sovet ittifaqı vaxtilə Amerika, Avropa ilə barter edirdi. Sovet ittifaqı Avropaya neft verirdi, əvəzində digər mallar alırdı. 80-ci illərdə zinət malları sovet ittifaqına tökülmüşdü. Fransız ayaqqabıları, ətirləri hamısı qəpik quruşa idi. Çünki hamısı neftə alınmışdı».
Ekspertin sözlərinə görə, Rusiya da keçmiş sovet ittifaqına doğru gedir. Barterlə etdiyi əməliyyatları yaxınlaşma və dollardan imtina kimi göstərəcək: «İnanmıram ki, Türkiyə ilə Rusiya bu cür müqavilə bağlayıblar. Türkiyə rus mallarını lirə ilə alsa da, bunun dollara dəxli yoxdur. Rusiya öz özünü təcrid etdiyinə görə dollar zonasından xaric edilə bilər. Amma Türkiyə heç vaxt. Rusiya müxtəlif manevrlərlə özlərinin təcrid olunmasını pərdələməyə çalışacaq. Buna hazır olmaq lazımdır».
Ekspert bu tip məlumatları Rusiyanın propaqanda oyunu adlandırdı: «Türkiyə rusların Malayziya təyyarəsini vurmasına münasibətini bildirib. Ərdoğan da bununla bağlı Rusiyanı ittiham edib. Deyib ki, təyyarəni Rusiya vurub. Bunun üstündən də gəlib bunlar Amerikanın əleyhinə ittifaq bağlayırlar? Bu, gülüncdi».
Fizzə