Mühacir polkovnik AXC-nin 25 illiyi üçün yazdı: Gələcəyi qurmaq missiyası şərəflidir
İsa Sadıqov
Hər şeydən əvvəl bütün həmvətənlərimi mühüm və əlamətdar bir hadisə – Xalq Cəbhəsinin yaranmasının 25-ci ildönümü münasibətilə təbrik edirəm! Bu, milyonlarla insanın sovet rejiminə qarşı mübarizədə, tarixi ədalətin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda savaşda birləşməsi kimi mühüm bir hadisədir. Məhz həmin illərdə Moskva köhnə sovet respublikalarını əlində saxlamaq üçün yalnız Azərbaycanda deyil, bütün Sovet İttifaqı coğrafiyasında millətlərarası və ərazi münaqişələri yaratmışdı və dövlətimizin ərazi bütövlüyünə təhlükənin əsası da o zamanlar qoyuldu.
Baxmayaraq ki, bir çox onilliklər ərzində milli özünüdərk rəsmən inkar edilir və onun bütün görsənişləri boğulurdu, azərbaycanlılar bir millət olaraq, güc taparaq öz ölkələri, milli istiqlal, ərazi bütövlüyü uğrunda mübarizədə birləşməyi bacardılar. Bu prosesdə millətin bütün təbəqələri fəal iştirak etdilər. O ağır günlərdə və aylarda millətin bütün təbəqələrinin qatıldığı Xalq Cəbhəsi yarandı. SSRİ-də baş verən proseslər yalnız Azərbaycanda deyil, İttifaqın tərkibində olan bütün respublikalarda – Pribaltikada, Moldovada, Ukraynada, Gürcüstanda… milli azadlıq hərəkatlarının yaranması ilə müşayiət olunurdu. Amma Azərbaycan Xalq Cəbhəsinin başçılıq etdiyi milli azadlıq hərəkatı öz qətiyyəti və ramedilməzliyi ilə bütün başqalarından fərqlənirdi. Moskva bu hərəkatları boğmaq, zərərsizləşdirmək üçün bütün vasitələrə əl atır, hətta hərbi gücdən də istifadə edirdi. Amma mümkün olmadı. Buna görə də Azərbaycandakı xalq hərəkatı başqalarından daha amansızlıqla cəzalandırıldı – dinc nümayişçilərə qarşı ordu birlikləri, hərbi texnika yeridildi, yüzlərlə insan öldürüldü.
Milli azadlıq hərəkatları dövründə heç bir respublika bu qədər itki vermədi. Bu, həmin dövrdə prosesə rəhbərlik edən AXC-nin qüdrətinin daha bir göstəricisidir.
O günlərdə anladım ki…
O ərəfədə mən Azərbaycanda deyildim, Leninqradda hərbi akademiyada oxuyurdum. Azərbaycanlı olaraq qürur duyurdum ki, mənim tarixi vətənimdə millət başqa SSRİ xalqları ilə birlikdə azadlıqlar uğrunda qətiyyətli, ləyaqətli bir mübarizə aparır. Elə həmin günlərdə mən anladım ki, mütləq öz tarixi vətənimə dönməliyəm. Bir müddət sonra Xocalı faciəsi baş verdi və bu faciə mənim Azərbaycana gəlişimi sürətləndirdi. Və mən Azərbaycana gəldim…
Sonra prezident seçkiləri oldu və Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy şəffaflığına və demokratikliyinə heç kimin şübhə etmədiyi seçkilərlə Azərbaycanın prezidenti seçildi. O zamanlar mən Azərbaycanda, eləcə də Müdafiə Nazirliyində hələ heç kimi tanımırdım. Nazirliyə özümü təqdim etdikdən sonra məni Qərb cəbhəsindəki hərbi hissələrin birinə yolladılar. İlk tanışlığım da bu bölgənin rəhbərləri, o cümlədən icra hakimiyyəti başçıları ilə oldu. Qazaxda Cavanşir Carçıyevlə, Ağstafada Ayvazalı ilə, Gədəbəydə Saleh Məmmədovla… Daha sonralar öyrəndim ki, onların hamısı Xalq Cəbhəsinin üzvləridir. Mənim bu insanlar və Xalq Cəbhəsi ilə tanışlığım belə başladı. Daha sonra isə, əlinə silah götürüb Vətənin müdafiəsinə qoşulan çoxsaylı könüllülərlə…
Mən xeyli müddət Sovet Ordusunda xidmət etmişəm. Amma o zamanlar Azərbaycan ordusunda müşahidə edə bildiyim konsolidasiyanı, sədaqəti, Vətənə sevgi və patriotizmi heç zaman görməmişəm və bunu tam məsuliyyətimlə bəyan edirəm.
Az əvvəl qeyd etdim ki, ilk tanışlığım rayon icra hakimiyyəti başçıları ilə oldu. Elə bir problem yox idi ki, bu adamların qatqısı ilə həll etmək mümkün olmasın. Onlar Xalq Cəbhəsinin bütün başqa üzvlərilə birlikdə tamamilə və bütünlüklə özlərini Vətənə xidmətə həsr etmişdilər. Onlar gecəni gündüzə qataraq, bizim ümumi işimiz olan hərbi məsələlərə əllərindən gələn yardımı edirdilər. O şəraitdə biz də hərbçilər olaraq, əlimizdən gələn hər şeyi edirdik ki, bu adamların göstərdikləri etimadı doğrulda bilək. Onlar yalnız öz imkanlarını deyil, bütün rayon əhalisinin imkanlarını bizim ümumi işimiz naminə səfərbər etməyi bacarırdılar. O zamanlar bütün cəbhə boyu nə qədər müdafiə qurğuları tikilmişdi! Ölkə üçün o ağır günlərdə, o dəhşətli çətinliklərin içində ordunun silahlanması, hərtərəfli təchizatı üçün nə qədər güc və zəhmət sərf edilirdi! Bu qədər patriotizmi nə o zamana qədər, nə də ondan sonra heç yerdə müşahidə edə bilmədim.
İsaxan Aşurovla – o zamankı hakimiyyətin ləyaqətli nümayəndələrindən biri, böyük hərflə İNSAN olan rayon polis idarəsinin rəisi ilə tanışlıqdan sonra isə Azərbaycanda çox şeyi öyrəndim və ölkəni daha da yaxşı tanıya bildim.
Xalq Cəbhəsinin yaratdığı tarix
Hakimiyyətdə olduğu həmin qısa zaman kəsiyində AXC-nin ölkə üçün nələri edə bildiyini, hansı islahatları apardığını, cəbhədə isə faktiki olaraq, qələbə qazandığını, sadəcə, xatırlamaq kifayətdir. Bu, bizim tariximizin şərəfli səhifəsidir; Azərbaycan Xalq Cəbhəsinin, onun liderinin, Azərbaycan Prezidentinin və Ali Baş Komandanın tarixidir!
O zamanlara qədər mən heç vaxt Azərbaycanda olmamış və orada yaşamamışdım. Açığını desəm, buradakı həyat prinsipləri və münasibətlər də mənim üçün yad, anlaşılmaz idi. Xalq Cəbhəsinin hakimiyyəti devrildikdən sonra ölkədə, əsasən də sırf insani münasibətlər sahəsində vəziyyət kökündən dəyişdi. Çevrilişdən sonra inandığın, etibar etdiyin, güvəndiyin, Vətən yolunda hər şeyini qurban verməyə hazır olan, müharibənin ən ağır anlarında səninlə yanaşı olan insanlara münasibətini dəyişməli idin. Xüsusilə də, Xalq Cəbhəsinin üzvlərinə. İndi onların demək olar ki, hamısı “Vətən xainləri” idi. Və onları “Vətən xaini” edənlər həmin çətinlikləri yaşamayan, o çətinliklərlə üz-üzə gəlməkdən həmişə yayınan adamlar idi. Bu zamana qədərki dəyərlərdən imtina etmək və sənə əmr edilən yaşamağa məcbur idin…
Mən Gürcüstanda doğulub böyümüşəm. Sonra 8 il Şərqi Avropada yaşamışam və orada hərbi xidmətdə olmuşam. Yeni tətbiq edilən qaydalar mənim heç cür ağlıma batmırdı. Mən Vətən uğrunda hər şeyini qurban verməyə hazır olan insanlar, özəlliklə də Xalq Cəbhəsinin üzvləri naminə hər şeyi fəda etməyə hazır idim. Çox xəbərdarlıqlar, hədələr alsam da, bu insanlarla bir yerdə olmaq, onlarla ünsiyyət saxlamaq mənim üçün dəyər idi. İndi də dəyərdir!
Xalq Cəbhəsi Partiyası hədəflərindən zərrə qədər yayınmadı!
Sonrakı illərdə Xalq Cəbhəsinin istər rəhbərləri, istərsə də sıravi üzvlərilə daha yaxından tanışlıq imkanlarım oldu. Onların arasında müxtəlif səbəblər üzündən başqa-başqa partiyaların üzvləri olanlar da vardı. Amma onların hamısı doğma insanlardır, eyni həqiqət uğrunda mübarizə aparmaqdadılar və bu mübarizəyə hər kəs fərqli yanaşa bilər.
Mübarizə isə bitməyib. Sovet hakimiyyətinin yerində indi Əliyevçi rejimdir və bu əski kommunist mirasını övladlarımızın üzərinə ata bilmərik. Buna görə də, 80-ci illərin sonunda başlanan o proses yenidən başlamalıdır. Uğrunda bizim minlərlə partiyadaşımızın həyatını qurban verdiyi o cəmiyyəti qurmaq bizim borcumuzdur. Biz bu ölkəni xalqa qaytarmalıyıq. Sıralarında olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası bu amal uğrunda yorulmaz mübarizəni davam etdirir. Bütün təqiblərə, təzyiqlərə baxmayaraq, Xalq Cəbhəsi Partiyası öz hədəflərindən zərrə qədər də yayınmadan, qəddar rejimlə mübarizəni davam etdirməkdədir.
Zərrə qədər də şübhə etmirəm ki, bizim mübarizəmiz uğurla başa çatacaq və Azərbaycanda xalq əleyhinə olan rejim tarixin onun mahiyyətinə layiq olan yerinə atılacaq.
Eyni zamanda, ona da inanıram ki, Xalq Cəbhəsinin şinelindən çıxan bütün partiyalar və onların üzvləri də bu mübarizədə əzm və səbat göstərərək, ölkədəki dibsizliyin sona çatması üçün aparılan bu mübarizədə birləşə biləcəklər.
Mən Xalq Cəbhəsinin üzvüyəm və öz partiyadaşlarımı, eləcə də bu partiyanın şinelindən çıxaraq onun mübarizə hədəflərini öz savaş hədəfi saymaqda davam edən bütün sabiq Xalq Cəbhəsi üzvlərini bu əlamətdar tarixi gün münasibətilə təbrik edirəm!