Elxan Şahinoğlu: «Münasibətlər soyuqdur və xeyli cavabsız suallar var»
Iranın ali dini rəhbəri Ayətullah Xamneyinin nümayəndəsi və Ərdəbilin imam cüməsi Həsən Amili iki qonşu ölkə arasında münasibətlərə dair açıqlama verib: “Ilham Əliyevin Irana səfəri o zaman faydalı olacaq ki, Azərbaycan Respublikası hökuməti ciddi şəkildə Israildən uzaqlaşsın, Iranofobiya və dinofobiyanı kənara qoysun, xüsusilə də sırf dini dəyərlərin müdafiəsinə görə həbs olunmuş böyük insanları azad etsin”- deyə o bildirib.
Həsən Amilinin fikirlərini “Şəbestan” informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, Həsən Amili ümid edir ki, Əliyevin Tehrana səfəri iki ölkə münasibətlərində dönüş nöqtəsi olacaq: “Bu məsələ Azərbaycan hökumətinin iradəsinə bağlıdır və Iran tərəfindən heç bir problem yoxdur”.
Bu fikirlərdən də görünür ki, Iranla münasibətlərdə yaxınlaşma mümkün olmayıb və Ilham Əliyevin səfəri müsbət nəticə verməyib. Zaman-zaman hakimiyyət təmsilçiləri Iranla münasibətlərin normal olmasından danışsalar da, Iran tərəfinin ultimativ mövqe sərgilməsi bunun yalan olduğunu təsdiqləyib.
Siyasi ekspert Elxan Şahinoğlu bildirdi ki, Həsən Amilinin fikirləri iki ölkə arasındakı münasibətlərin soyuq olmasını təsdiqləyir: “Həmişə rəsmi səfərlər zamanı yüksək fikirlər səslənsə də, səfər sonrası bunun əksini müşahidə edirik. Ilham Əliyevin səfərindən sonra da münasibətlərin əvvəlki axarına qayıtması müşahidə olunur. Yenə də Iran Azərbaycanın daxili işinə qarışır, aşağılayıcı, hədələyici bəyanatlar səsləndirir. Israillə münasibətlər Azərbaycanın daxili işidir. Bütün bunlar göstərir ki, münasibətlər səmimi deyil və xeyli cavabsız suallar var”.
Akif