Səxavət Əlisoy qurultay keçirə bilmədiklərinə görə partiyadaşlarını tənqid etdi
“Biz qurultay keçirmək niyyətində ciddiyikmi?”
Müsavat partiyasının gecikən qurultayı partiya içində özünütənqid ruhunu gücləndirib. Bu yöndə birmənalı qarşılanmayacaq fikirləri partiya başqanının müşaviri Səxavət Əlisoy öz facebook statusunda qeyd edib. O bildirib ki, faktiki 4 ildir Müsavat növbəti qurultaynı keçirə bilmir və buna görə bütün günahları iqtidarın üzərinə yükləmək fikrində olanlara qatılmır. “Cümlə müsavatçıların, xüsusən, qurultayın keçirilməsi üçün çiyninə məsuliyyət götürənlərin fəaliyyətsizliyini də qeyd etmək gərəkdir. Etiraf etmək lazımdır, mahiyyətindən asılı olmayaraq, dünyada bütün iqtidarlar GÜC qarşısında geri addım atır. Gücümüz yetərli deyil və bunu etirafda bulunmaq heç də Müsavat Partiyasının zəif olduğunu təsdiq etmək demək deyil. Fəaliyyət proqramı nöqsanlıdır, məhz bu barədə ciddi düşünməyə dəyər. Dörd ildə biz bu problemin həlli üçün Avropa Məhkəməsinə gedib çıxardıq. Təəssüf ki, Bakı şəhər məhkəməsindən savayı bir kimsənin qapısını döymürük. Bir dəfə Konstitutsiya Məhkəməsinə üz tutduqmu? Qurultayla ilgili ATƏT-in və digər qurumların iştirakı ilə bir dəyirmi masa təşkil etdikmi? Haradadır, Müsavat Partiyasının hüquqşünasları?”.
Daha sonra o, müsavatçıların qurultay keçirmək fikrinin ciddi olduğunu şübhə altına alır: “Ciddidirsə, bəylər və xanımlar, lap belə namünasib yer olsa da, qurultayın keçirilməsinə nail olmalıyıq. Yer vermirlər, gəlin, çadır qurub qurultay keçirək, ya da sosial şəbəkələrin birindən yararlanıb bu işi bitirək”.
Yeri gəlmişkən, Müsavat Partiyasının aprelin 12-də keçirilən Məclisində də partiyanın qurultayı ilə bağlı deyib: “Biz ən yaxın zamanlarda qurultayın keçirilməsinə nail olmalıyıq. May ayının sonuna nəzərdə tutmuşuq, çatdırmaq mümkündür, amma müvafiq yerin ayrılmaması problem yaradır. Artıq məhkəməyə də müraciət etmişik. Hakimiyyətə təzyiqlərimizi artırmalıyıq ki, bizə yer ayırsın. Sadəcə hakimiyyət istəmir ki, Müsavatın yüksək səviyyəli tədbiri keçirilsin. Həmçinin anlayır ki, bizə normal yer ayrılsa, digər təşkilatlara da o yeri verməyə məcbur olacaq”.
Novruz