PA rəhbərinin hakimiyyətin namizədilə bağlı konkret danışmaması müxtəlif mülahizələrə səbəb olub
Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan 2020: gələcəyə baxış” mövzulu beynəlxalq konfransa qatılan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Media forum” saytının sualını cavablandırıb:
– Cəmiyyətdə Yeni Azərbaycan Partiyasının 2013-cü ilin prezident seçkisində namizədinin kim olacağı ilə bağlı müxtəlif fikirlər səslənir. Bu müzakirələri necə qiymətləndirirsiniz? YAP-ın namizədi kim olacaq?
– Bu, cəmiyyətin, ictimaiyyətin apardığı müzakirələrdir və bunu da təbii qəbul etmək lazımdır. Insanları maraqlandırır ki, gələn 5 ildə Azərbaycanın prezidenti kim olacaq, Azərbaycanın taleyi nədən ibarət olacaq, kiminlə bağlı olacaq. Bu da məlumdur. 2020-ci ilə qədər Azərbaycanın konsepsiyası var, bu gün burada keçirilən konfransda biz bunu müzakirə etdik və hər bir insan bundan özü üçün nəticə çıxara bilər ki, Azərbaycanın prezidenti kim olacaq.
Ramiz Mehdiyevin suala konkret cavab verməməsi bəzi mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, Ramiz Mehdiyevin ehtiyatlı danışması, Ilham Əliyevin adını çəkməməsi hakimiyyətiçi ziddiyyətlərlə bağlıdır. Bəlli olduğu kimi iqtidar daxilində 2013-lə bağlı fərqli mövqelər var. Hakimiyyətin iki nəhəng qrupu – Paşayevlər və Naxçıvan qruplaşması namizəd məsələsində fərqli düşünür. Paşayevlər öz namizədilə seçkiyə qatılmaq niyyətindədir. Naxçıvan qruplaşması isə Ilham Əliyevin növbəti dəfə prezident olmasına çalışır. Ölkə başçısı özü də hələ qəti mövqe açıqlamayıb. Bəzi mülahizələrə görə, bu Ilham Əliyevin Paşayevlərin seçki planına üstünlük verməsilə bağlıdır. Belə bir vəziyyətdə Naxçıvan qruplaşmasının rəhbərlərindən hesab edilən Ramiz Mehdiyevin qəti olaraq Ilham Əliyevin namizəd olacağını bəyan etməsi ziddiyyətləri bir qədər də alovlandıra bilərdi.
Başqa mülahizələrə görə Ramiz Mehdiyevin Qərbin təzyiqlərindən ehtiyat edərək namizəd məsələsi barədə konkret danışmayıb.
Namiq