Britaniya qəzetindən Azərbaycanla bağlı təhlükəli xəbər
Elxan Şahinoğlu: «İsraillə İran toqquşsa, İran Azərbaycanı hədəfə alacaq»
İngiltərənin “The Sunday Times” qəzeti Azərbaycanla Irana arasında yeni qalmaqala səbəb ola biləcək məlumat yayıb. Qəzetin yazdığına görə, Israil ordusundakı qaynaqlar Azərbaycandakı hərbi bazada yerləşdirilmiş nəhəng “Eitan” pilotsuz təyyarəsinin Iran ballistik raketini start meydançasında vuracağını açıqlayıb.
Məlumatda deyilir ki, Iran ballistik raketlərini Amerika radarları qeydə alacaq, Israil isə onları elə start meydançasında Azərbaycan ərazisindən havaya qalxan pilotsuz kəşfiyyat təyyarəsi ilə zərərsizləşdirəcək. Qəzetin yazdığına görə, “Eitan” pilotsuz təyyarələri 70 saat fasiləsiz havada qala bilir və onlar artıq Israilin sıx hərbi tərəfdaşlıq etdiyi Azərbaycanın ərazisindəki hərbi bazada dislokasiya olunub.
Bir neçə ay əvvəl də Britaniya mətbuatında Israilin Iranı vurmaq üçün Azərbaycan ərazisindəki aerodromlardan istifadəyə dair məxfi razılaşma əldə etdiyi barədə xəbər yayılmışdı. Lakin o zaman rəsmi Bakı bu xəbərləri təkzib etdi.
Bu dəfə yayılan məlumat nə dərəcədə həqiqətə uyğundur və Azərbaycan Israil üçün belə bir imkan yaratsa, Iranla münasibətlər hansı hədə çata bilər?
Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Azərbaycanın heç vaxt öz ərazisindən üçüncü tərəfi vurmaq üçün istifadəyə imkan verməyəcəyini bildirdi. Ingiltərə mətbuatında yer alan fikirləri absurd adlandıran XIN sözçüsü Azərbaycanın hər zaman mehriban qonşuluq siyasəti yürütdüyünü və öz qonşuları ilə münasibətlərə əhəmiyyət verdiyini qeyd etdi.
Məsələyə münasibət bildirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın Israilə belə bir imkan yaradacağına şübhə ilə yanaşır. Çünki Israil raketlərinin Azərbaycan ərazisində yerləşdirilməsi ölkəmizi faktiki hədəfə gətirir. Israillə Iran arasında toqquşma baş versə, Iran Azərbaycanı hədəfə alacaq və ölkəmiz ciddi təhlükələrlə üzləşək. Ona görə də ölkəmizin Israilin bu planlarında yer alacağı inandırıcı deyil. Baxmayaraq ki, Azərbaycanla Israil arasında çox sıx münasibətlər var.
Azərbaycan hakimiyyətinin şifahı təkzibinin yetərli olmadığını deyən ekspertin firkincə, rəsmi Bakı Qərb mətbuatı nümayəndələrinin ölkədə araşdırma aparması üçün şərait yaratmalıdır: “Təklif edərdim Azərbaycan hakimiyyəti Qərb mətbuatının nümayəndələrini dəvət etsin və onlar yerində vəziyyətlə tanış olsun. Artıq təkziblərə heç kim inamır. Iranda da belə inam var ki, Azərbaycan Israil raketlərinə ev sahibliyi edir”.
Fizzə