Azərbaycan tərəfin dəvət olunmadığı tədbirdə “ərəb baharı” və “kürü diplomatiyası” söhbətləri
Fransa Senatında “Dağlıq Qarabağ: Sülh və dialoq” mövzusunda dinləmələr keçirilib. Amma maraqlıdır ki, tədbirə yalnız erməni parlament üzvləri, araşdırmaçı və jurnalistləri dəvət edilib. Bu isə etirazlara səbəb olub.
Tədbiri Fransada “erməni soyqırımı” ilə bağlı inkar qanununun müəlliflərindən biri, Sosialist Partiyasından senator, Senatın Fransa-Ermənistan dostluq qrupunun sədri Filip Kaltenbaç təşkil edib.
Tədbirə yalnız erməni tərəfin dəvət edilməsini iştirakçılar etirazla qarşılayıb. Ən sərt təpkini isə Azərbaycan Dostluq Dərnəyinin sədr müavini, senator Natali Qoulet göstərib. “Sülh və dialoqdan bəhs edirsiniz, amma burada bir tərəfə tribuna verirsinizsə, buna dialoq deyə bilməzsiniz”, – deyə o, çıxışında bildirib.
Erməni nümayəndələr isə onu Azərbaycan prezidentinin xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva ilə yaxınlığa görə “kürü diplomatiyası aparmaqda” günahlandırıb.
Qoulet isə ittihama belə cavab verib ki, o kürü xoşlamır və yemir, amma dialoq istəyənlər müzakirəyə qarşı tərəfi də dəvət edər.
“Ermənistan da “Ərəb Baharı”ndan uzaqda deyil”
Yığıncaqda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovun etiraz məktubu da oxunub. Tədbirin təşkilatçısı Kaltenbaça ünvünlanan məktubda sülh və dialoq mövzusunda belə birtərəfli müzakirə aparılması qınanıb. Kaltenbaç səfirin məktubu barədə məlumat verərək “Bu ilk addım idi, ümid edirəm, gələcəkdə üçlü görüşlər də mümkün olacaq” deyə bildirib.
Yığıncaqda danışan araşdırmaçı Qaidz Minasyan Qarabağ problemi haqqında məlumat verəndən sonra deyib: “Ərəb Baharı”na diqqət edin. Bu dalğa diktator rejimlərini yıxır, Əliyev rejimini də vura bilər. Amma Ermənistan da bu dalğadan uzaqda deyil. Ermənistan demokratiyadan uzaqlaşmamalıdır”.
“Hər iki dövlət problemi daxili siyasətə alət edib”
Qarabağ probleminin həlli üçün Fransa, ABŞ və Rusiyadan ibarət Minsk Qrupunun uzun müddət həmsədri olmuş fransalı diplomat Bernard Fasie Azərbaycan və Ermənistan rəhbərliyini bu problemdən daxili siyasət üçün istifadə etməkdə suçlayıb: “Hər iki dövlət problemin həllində ayaq dirəyib, bu problemi daxili siyasətə alət edərək zamanın məhz onun lehinə işlədiyini düşünür. Amma ikisi də çox böyük yanlışlıq içindədir. Zaman döyüşə doğru işləyir. Bir gün kiçik bir qığılcımla orada müharibə alovlana bilər. Mən problemin həllində tərəflərin maraqlı olduğunu düşünmürəm. Onların yerinə isə biz sülh əldə edə bilmərik. Tanqo üçün iki adam lazımdır. Amma bu problemdə tərəflər tək başlarına tanqo oynamaq istəyirlər. Bu, olmaz”.
“Gəlin bir-birimizi düşmən yox, qonşu olaraq tanıdaq”
Ermənistan-Fransa parlamentlərarası dostluq qrupunun başçısı Axtar Babloyan çıxışında qarşılıqlı şəkildə nifrət və düşmənçiliyi aradan qaldırmağa çağırıb: “Mən uşaqlarıma qonşumun düşmən olduğunu öyrətmək istəmirəm. Onların da bizim kimi olduğunu və ən əhəmiyyətlisi, bizim əsrlərdir bir yerdə yaşadığımızı izah etmək istəyirəm. Gəlin məktəblərimizdə, evlərimizdə bir-birimizi düşmən olaraq deyil, qonşu olaraq tanıdaq. Başqa qonşumuz yoxdur, onlarla yaxşı münasibətlər yaradıb inkişaf etdirməliyik. Biz burada dostluqvə dialoqdan danışırıq, bu, əhəmiyyətli bir addımdır, amma gəlin hər kəsin sülh üçün çözüm tapacağı daha geniş addımlar ataq”.
“Bu qarşıdurma hər iki dövlət üçün böyük yükdür”
Sonda təşkilatçı Kaltenbaç yenidən çıxış edərək bildirib ki, əgər sülh əldə olunacaqsa, bunu Azərbaycan və Ermənistan edəcək, üçüncü ölkələr yox. “Dialoq və güvən mühitini yenidən yaratmaq lazımdır. Sarkisyan Parisə gələndə hiss etdim ki, o da artıq bu qarşıdurmanın Ermənistan iqtisadiyyatına çox böyük zərər verdiyini düşünür. Onun da bu problemin həllindən yana olduğunu hiss etdim. Ermənistan kimi bir dövlətin 65 min əsgər saxlaması çətindir. Bu qarşıdurma hər iki dövlət üçün böyük yükdür. Barış şərtlərini yaratmaq hər kəsin xeyrinədir”, – deyə o bildirib.