AXCP rəhbərliyinə qarşı düşməncəsinə düşünülmüş siyasətin memarlarına
Bakıda keçirilən son aksiya xoş həyəcanla müşayiət olundu. Ancaq aksiyadan sonra polis bölməsindən gələn xəbər naxoş həyəcan yaratdı: Polis AXCP sədrinin müavini Gözəl Bayramlının qolunu çıxarmışdı. Ən pisi isə bu idi – onun təcili yardım çağırışına məhəl qoyulmurdu. Bu fakt hakimiyyətin rəqibləri ilə davranışına aydınlıq gətirirdi, yəni şübhə qalmırdı ki, polis səhlənkarlığı, daxili kobudluğu ucbatında tanınmış bir siyasi xadimi zədələməyib. O bunu qəsdən edib və işgəncəni artırmaq üçün onu təcili tibbi yardımdan da məhrum edir.
Biz azca geriyə dönürük. “Eurovison” öncəsi aksiyalar zamanı polis AXCP sədrinin başqa bir müavininin – Nurəddin Məmmədlinin də qolunu sındırmışdı. O zaman bir yandan Nurəddin Məmmədlinin təvazökarlığı, o biri yandan isə təmsil olunduğu partiyanın cəmiyyətdə xof yaratmaq istəməmək cəhdi bu xəbərin ətrafında ajiotaj yaratmağa imkan verməmişdi. Fakt isə danılmaz olaraq qaldı: Professor N.Məmmədli iki eşşəyin arpasını bölə bilməyən hansısa nadanın zorakılığı ucbatından aylarla əli qoynundan asılı gəzdi.
Elə həmin ərəfədə siyasi məhbusların azad olunması tələbi ilə Elmlər Akademiyasının bağında vicdan məhbuslarının müdafiəsi üçün keçirilən aksiyada bir qrup cəbhəçi saxlanıldı. Yasamal rayon Polis Idarəsinin önündə onlarla siyasi fəalın, jurnalistin olmasına rəğmən, polis içəridə AXCP Gənclər Komitəsinin sədri, partiyanın Rəyasət Heyətinin üzvü Əbülfəz Qurbanlıya elektro-şok tətbiq etdi.
Heç nə ilə fərqlənməyən münasibət AXCP sədrinin başqa bir müavininə – Fuad Qəhrəmanlıya da göstərilmişdi. AXCP-nin Nərimanov adına parkda keçirdiyi aksiyada saxlanılan Qəhrəmanlı idarədə Süleyman Nemətovun, daha çox pitekantropun davranışına xas olan hərəkətlərinə məruz qalaraq zədə almışdı.
Ictimai Palatanın “2 aprel” aksiyasından sonra Yasamal rayon Polis Idarəsində vəhşicəsinə döyülən AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırı da əlavə edə bilərik siyahımıza.
Siyahını uzatmaq çətin deyil. Bu yazıya saxlanılarkən fiziki zorakılıqla üzləşən əksər partiya rəhbərliyini də əlavə edə bilərik. Amma burda dayanaq. Məqsəd cəbhəçilərin əzabkeş obrazın yaratmaq deyil. Belə olsa, qəzetin bir neçə sayı təkcə aksiyada fədakarcasına qəhrəmanlıq edənlərin adını yazmağa yetər.
Yuxarıdakı natamam faktlar bir fikir ətrafında düşünməyə dəvətdir. Xüsusi olaraq qeyd edirəm; bu adamlar təsadüfü kobudluğun qurbanları deyillər. Onlar məhz tanındıqları, kimlikləri bəlli olduqlarına görə əziliblər. Polis onlardan şəxsi intiqamını almayıb və ya saxlama zamanı qeyri-peşəkarlıq etməyib. Onlara əmr belə olub: Əli Kərimlinin ətrafı fiziki olaraq məhv edilməlidir. Uzun illər Əli Kərimlinin ətrafını seyrəltmək üçün hökumət mümkün olan və olmayan bütün namərdliyə əl atdı. Bunlardan səmərə verəni, təbii ki, oldu, ancaq son çağlar daş qayaya rast gəlib. Artıq stabil və möhkəm komandaya təsir imkanları qalmayıb. Belədə səssiz fiziki terror işə düşür. Bəli, bunun adı səssiz fiziki terrordur.
Azca dolaşıq günlər olsaydı, yuxarıda adı çəkilənlərin küçənin ortasında güllələyərdilər. Lakin, xoşbəxtlikdən zaman Ilham Əliyevə belə şansı verməyib. Ona görə o, daha təhlükəsiz yolla rəqiblərini sıradan çıxarmaq istəyir.
Əks halda cəmiyyətdə tanınan, ölkənin ən aparıcı partiyasının əsas simalarına qarşı bu zorakı davranışın adı nədir?
Ilham Əliyev və onun idarə üsulu görünür, törətdikləri bu əməllərin sabahını düşünmürlər. Doğrudanmı, onlar əbədi səltənət arzusundadırlar? Yoxsa, bir gün müxalifət qədərinin onları da yaxalayacaqlarını bilmirlər?
Görəsən, elin dilindən süzülüb gələn “nə tökərsən aşına, o da çıxar qaşığına” hikmətini də eşitməyiblər?
Və nəhayət… Azərbaycanda sivil, tolerant dövlət quruluşu olduğunu iddia edənlər bu sualı da cavablamalıdır: Hakimiyyətdə olduğu zamanda bir erməninin də burnunu qanatmayan Ilham Əliyevin siyasi rəqiblərinə qarşı bu divan tutmasının səbəbləri çoxmu qəlizdir?
Natiq Güləhmədoğlu
P.S. Yuxarıda sadalanan faktlar həm də bir məkirli iddiaya cavabdır – niyə partiya rəhbərliyi aksiyalarda olmur?