«WikiLeaks» naziri pis vəziyyətdə qoydu
“Azadlıq” qəzetinin ötən saylarının birində dərc olunan “WikiLeaks” saytının Azərbaycanla bağlı açıqladığı yeni sənədlər hakimiyyət daxilində aləmi bir-birinə vurub. Daha dəqiqi ABŞ-ın keçmiş səfiri Enn Dersinin ölkənin ekoloji siyasəti və konkret olaraq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşünün detalları barədə dedikləri nazirə qarşı münasibəti kəskin formada dəyişib. Bununla da Hüseynqulu Bağırov hakimiyyətin ən yüksək eşelonunda arzuolunmaz şəxsə çevrilib. Xatırladaq ki, Dersinin gizli teleqramında Hüseynqulu Bağırov ölkənin ekologiya sahəsində ciddi dəyişikliklərin həyata keçirilməsi üçün səlahiyyətlərinin olmadığını söyləyib. Nazirin sözlərinə görə, onun fəaliyyət imkanları məhduddur. Hüseynqulu Bağırov əsas işinin içməli su probleminin həlli və çirkli suların təmizlənməsinə dair layihələrin həyata keçirilməsindən ibarət olduğunu deyib.
Keçmiş səfir teleqramın şərh hissəsində vurğulayıb ki, Hüsyenqulu Bağırov israrla hökumət daxilində geniş səlahiyyətlər sahibi və ətraf mühitin problemlərinin həllində son qərar vermək iqtidarında olmadığını səfirlik əməkdaşlarına söyləməyi çalışırdı.
Enn Dersinin ABŞ-a göndərdiyi bu teleqramın mahiyyəti hakimiyyətin yüksək eşelonunun qəzəbinə tuş gəlib. Hüseynqulu Bağırovun ABŞ səfiri ilə görüşdə özünü islahatçı və korrupsiyaya bulaşmayan nazir kimi göstərməsi və bununla da dolayısı ilə hər şeyi ölkə rəhbərliyinin üstünə atıb öz yaxasını kənara çəkmək istəməsi nazirin keçmişinin yenidən yada salınmasına səbəb olub. Hakimiyyətin yuxarı dairələri hesab edir ki, özünü islahatçı kimi göstərmək və hər şeyi hakimiyyətin üzərinə atıb yaxasını kənara çəkmək taktikası keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsusdur və o da Qərb nümayəndələri ilə görüşlərində hər zaman belə mövqe nümayiş etdirirdi. Eyni zamanda xüsusi vurğulanır ki, Hüseynqulu Bağırov bir vaxtlar Fərhad Əliyevin kadrı sayılırdı və onun hakimiyyətin yüksək təbəqələrinə çıxmasında keçmiş iqtisadi inkişaf nazirinin müstəsna xidmətləri olub.
Məlumatlara görə, artıq Hüseynqulu Bağırovun korrupsiya şəbəkəsi, rüşvət mexanizmi, qanuni və qanunsuz obyektlərinin siyahısı, ətraf mühitin mühafizəsi departamentinin qanunsuz əməlləri, nazirlikdə “vahid kassa” sisteminin yaradılması və başqa məsələlər barədə faktlar toplanıb və bir neçə gündən sonra istefa ərizəsi onun qarşısına qoyulacaq. Hüseynqulu Bağırovun xeyir-duası ilə qırılan meşələr hesabına fəaliyyət göstərən qanuni və qeyri-qanuni mebel, taxta-şalban və parket sexləri, həmçinin daş və qum karxanaları, eyni zamanda şimal bölgəsi başda olmaqla respublikanın müxtəlif rayonlarındakı obyektləri, şəxsi biznesi hazırlanan qara siyahıda öz əksini tapıb. Bundan əlavə, içməli su probleminin həlli və çirkli suların təmizlənməsi layihələrində yol verilən maxinasiyalar da siyahıda xüsusi qabardılıb.
Məlumatlara əsasən yaxın günlərdə hazırlanan sənədlər tam şəkildə ölkə başçısına təqdim ediləcək və bundan sonra Hüseynqulu Bağırovun gələcək taleyi müəyyənləşdiriləcək. Ən pis halda Bağırovun işdən çıxarılacağı və Fərhad Əliyevin gününə salınacağı, ən yaxşı halda isə nazirliyə yoxlamaların göndəriləcəyi və nazirin əməlli başlı “soyulacağı” gözlənilir. Artıq Maliyyə Nazirliyinə və Hesablama Palatasına hazır olmaları və göstəriş verilən kimi işə başlamaları barədə tapşırıq da verilib.
Mehri