Sabiq polis zabitinin açıqlamaları təsdiqini tapır
Akademik Ziya Bünyadovun qətlilə bağlı “Azadlıq”da dərc olunan sabiq polis zabiti Salman Əliyevin açıqlaması ciddi maraq doğurub. Həmin açıqlamada S.Əliyev Z.Bünyadovun qətlinin izinin Daxili Işlər Nazirliyinə (DIN) gedib çıxdığını bildirmişdi.
Qəzetimizə danışan S.Əliyev demişdi ki, bu qətllə bağlı DIN-ə ilk məlumat verən şəxslərdən olub: “Həmin məlumat isə Ziya Bünyadovun daxili işlər orqanlarında kök salmış bir dəstə tərəfindən qətlə yetirilməsi barədə idi. Məhz bundan sonra məni sabiq baş prokuror Eldar Həsənovun məktubu əsasında bu qətllə bağlı yaradılan istintaq qrupuna daxil etdilər. Sübutlar, dəlillər, məlumatlar deməyə əsas verirdi ki, Ziya Bünyadov DIN-in bir qrup əməkdaşı tərəfindən qətlə yetirilib. Lakin işi sona çatdırmağa imkan vermədilər”.
Akademikin qətli ilə bağlı yaradılan iki əməliyyat-istintaq qrupundan birincisinə daxil olan S.Əliyev qətllə bağlı araşdırmalar zamanı kifayət qədər fəallıq göstərib. O, DIN-dəki dəstə barədə tutarlı faktlar əldə edərək istintaqa təqdim etsə də, onlar nəzərə alınmayıb. Əvəzində əməliyyat-istintaq qrupunun üzvlərinə, xüsusilə də S.Əliyevə qarşı ciddi təzyiqlər başlayıb. Bu təzyiqlərin isə DIN-in yuxarı səviyyələrindən gəldiyi hiss olunurmuş.
S.Əliyevin sözlərinə görə, Z.Bünyadovun qətlində əsl günahkarları məsuliyyətdən kənarda saxlamaq üçün sonda əməliyyat-istintaq qrupu yenisi ilə əvəzləndi. Nəticədə əməliyyat-istintaq qrupu sifarişlə cinayəti “Hizbullah” təşkilatının üzərinə yönəltdi. Bununla da akademikin qatilləri məsuliyyətdən kənarda qaldı.
S.Əliyevin açıqlamasında maraqlı məqamlardan biri Z.Bünyadovun qətlə yetirildiyi silahın Hacı Məmmədovun dəstəsini zərərsizləşdirəndə MTN tərəfindən məhz onların üzərindən tapılması ilə bağlı söylədikləridir. Amma məsələnin daha bir qaranlıq tərəfi həmin silah barədə daha sonra heç bir məlumatın verilməməsidir.
Ziya Bünyadovun qətli ilə bağlı həbsdə yatanlar günahsızdır
“Yeni Müsavat” qəzetinin dünənki sayında isə qəzetimizdəki açıqlama ilə bağlı tanınmış jurnalist, keçmiş siyasi məhbus Eynulla Fətullayevin maraqlı fikirləri yer alıb. 1 saylı cəzaçəkmə müəssisində olarkən bu qətldə ittiham olunan qrupun üzvləri ilə rastlaşıb və onlarla söhbət etdiyini deyən E.Fətullayev hazırda bu qətlə görə həbsxanada yatanların günahsız olduğunu söyləyir: “Onlarla həftələrlə söhbətlərim olub. Bu insanlar doğrudan da günahsız həbsdə yatırlar. Bu qətllə bağlı iki qrup həbs olunub. Sonradan onları birləşdiriblər. Belə təəssürat formalaşdırmaq istəyiblər ki, guya bunlar bir qrup olaraq bu qətldə günahkardır. Bu qruplardan biri islamçılardır. Onlar istintaq zamanı da deyiblər ki, razıyıq, bizi radikal islamçı kimi həbs edin, amma biz bu qətlin iştirakçısı deyilik. Mən onların iş materialları ilə də tanış oldum. Heç bir sübut bazası yoxdur. Digər qrupdakılar isə tamamilə təsadüfi insanlardır.
Məsələn, o qrupda olan bir nardaranlı hacı var. Həmin qətl zamanı bir polis zabiti – Qabil Babayev də sərhəddə öldürülmüşdü. Onun istifadəsində olan telefon nömrəsi həmin bu nardaranlının adına olub. Bu adam kənddə balaca bir mağaza işlədib və Qabil Babayevlə tanışlıqları olub. Qabilə nə zamansa telefon nömrəsi lazım olub, hacının adına sim-kart alıb. Indi hacıya qarşı yeganə sübut kimi bunu göstərirlər. Guya bu adam Həcc ziyarəti zamanı ”Hizbullah”la əlaqə qurub, qətl işində əlaqələndiricidir. Tamamilə absurd bir iddiadır. Mən onunla söhbət edəndə qəhərlənmişdim. Tam əminliklə söyləyirəm ki, o adamın bu qətlə aidiyyəti yoxdur. O, istintaq zamanı dəhşətli işgəncələrə məruz qalsa da, heç bir iddianı qəbul etməyib, bu gün də qəbul etmir. Yalnız bir nəfər – Abşeronun keçmiş icra başçısının oğlu isə işgəncələrə dözməyərək sənədlərə qol çəkib və ömürlük məhkum edilib.
Həmin qrupun üzvləri mənə çox maraqlı bir fakt danışdılar. 2005-ci ildə Hacı Məmmədovun bandası ifşa ediləndə bu iş üzrə həbsdə yatan adamları türmənin rəis müavini çağırıb deyib ki, sizi təbrik edirəm, yəqin bu yaxınlarda sizin işinizə yenidən baxılacaq və azad ediləcəksiniz. Çünki Hacı Məmmədovun həbsi zamanı belə bir anons verilmişdi. Həmçinin xeyli adamların günahsız yatdığı üzə çıxmışdı. Qrup üzvləri buna seviniblər, amma sonra onların həbsi ilə bağlı çəkilmiş bir film yenidən televiziyada nümayiş etdirilib. Onda həmin adamlar başa düşüblər ki, ümidləri puça çıxıb, bu işi belə də saxlayacaqlar”.
Bu qətlin təfərrüatlarını 3 nəfər bilir
Bu işə H.Məmmədovun dəstəsinin aidiyyəti olmasına gəlincə, E.Fətullayev deyib ki, bunu söyləmək üçün əlində fakt yoxdur. E.Fətullayev Z.Bünyadovun qətli ilə bağlı təfərrüatların ölkədə üç nəfərə məlum olduğunu söyləyib. Bunlar Eldar Həsənov, Azər Vahabzadə və vəkil Aslan Ismayılovdur: “Eldar Həsənov Respublika Prokurorluğuna rəhbərlik etdiyi zaman bu qətlin açılmasına yaxınlaşılıb. O zaman Istintaq Idarəsinin rəisi Azər Vahabzadənin bu işdə misilsiz xidmətləri olub. Bünyadovun qətli ilə bağlı iki nəfərdə – Eldar Həsənov və Azər Vahabzadədə çox dəqiq məlumat var. Onlar həqiqəti bilir. Və bir də bu işi təfərrüatları ilə bilən vəkil Aslan Ismayılovdur”.
“Ziya Bünyadovun qətli ilə bağlı tam hərtərəfli araşdırma aparıldığına inanmıram”
Tanınmış vəkil Aslan Ismayılov qəzetimizə açıqlamasında bildirib ki, Z.Bünyadovun qətlinə görə həbs olunmuş və “Hizbullah”la əməkdaşlıqda ittiham olunan şəxslərin əsassız cəza çəkdikləri ilə bağlı onda məlumat yoxdur. Amma A.Ismayılov bir məqama diqqət çəkib ki, əgər onlar həqiqətən də günahsızdırlarsa, hələ də cəza çəkmələri sual doğurur: “Çünki onların içərisində, valideynlərinin çox geniş əlaqələri olan şəxslər var. Ona görə də inanmıram ki, bu şəxslər həbsdə suçsuz yatdığı bir zamanda, geniş əlaqəli qohumlar sakit dayansın”.
Digər bir tərəfdən Z.Bünyadovun qətli ilə bağlı təfərrüatları bildiyilə bağlı söylənilənlərin həqiqətə uyğun olmadığını deyən A.Ismayılov vurğulayıb ki, əgər o, bütün təfərrüatları bilsəydi, ilk gündən onları açıqlayardı: “Mən həmin təfərrüatları qorxmadan, çəkinmədən ilk gündən açıqlayardım. Doğrudur, mən Ziya Bünyadovun qətli ilə bağlı tam hərtərəfli araşdırma aparıldığına bu gün də inanmıram. Hesab edirəm ki, həmin qətllə kifayət qədər qaranlıq məqamlar var. Amma onlar mənim sırf şəxsi şübhələrimdir. Bütün bu məqamları iş materialları ilə daha yaxın tanış olan adamlar deyə bilər”.
Akademikin qətli ilə bağlı qaranlıq məqamlara gəlincə isə A.Ismayılov bildirib ki, Z.Bünyadovun vurulduğu silahın H.Məmmədovun dəstəsindən tapılması, cavabını axtaran suallardan biridir: “Amma sonradan bu silahın taleyi barədə məlumat olmadı. Bilinmədi ki, bu silah Hacı Məmmədovun dəstəsinə haradan düşmüşdü. Bu, çox mühüm məqam idi. Buna Respublika Prokurorluğu və DIN aydınlıq gətirməliydi. Nəyə görə bu şübhə doğurur. Çünki bildiyimə görə, ”Hizbullah”çıların işi üzrə Ziya Bünyadovun qətlə yetirildiyi silah tapılmamışdı”.
Məsələ ilə bağlı DIN-dən münasibət öyrənmək cəhdimiz isə alınmadı.
Hikmət