"AMAY Abdulla": "Bəlkə malımda-mülkümdə gözünüz var?; Heç kim fikirləşməsin ki, əməlləri qarşısına çıxmayacaq"
Vəkil Osman Kazımov: "Kiminsə "yuxarılara" gedib "səni söyüblər" deməsilə adamı tutdurmaq ədalətsizlikdir"
"AMAY" Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin bu ilin fevralından davam edən məhkəməsi yekunlaşır. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə keçirilən prosesdə artıq məhkəmə istintaqı başa çatıb, prokuror çıxış edərək Abdulla Abdullayevə 14 il həbs cəzası istəyib. "AMAY Abdulla" kimi tanınan iş adamı dünən məhkəmədə son sözünü deyib.
"Hakimiyyətə yaxın adama belə torba tikiləcəyini təsəvvür etmirdim"
Abdulla Abdullayevdən əvvəl onun vəkili Osman Kazımov müdafiə nitqilə çıxış edərək, müvəkkilinin sifarişlə həbs olunduğunu bildirib: "Sanki bu işin arxasında sehrli çubuq var, vaxt yetişəndə öz təsirini göstərir. Təəssüf ki, biz də belə məhkəmə sistemində işləmək yox, əzab çəkmək məcburiyyətindəyik. Çox biabırçı vəziyyət yaranıb. Bu cinayət işi praktikada qarşılaşdığım ən eybəcər işlərdən biridir. Dəfələrlə sifarişli işlər görmüşəm, amma bu dərəcəsini görməmişdim. Azərbaycan hakimiyyətinə, onun mətbəxinə yaxın olan bir adama qarşı belə torba tikiləcəyini təsəvvür etmirdim. Bu iş hüquq sisteminin çürüklüyünü göstərir. Materiallar müstəntiqə daxil olmamış cinayət işi qaldırılıb. Adamlar dindirilmədən zərərçəkmiş qismində tanınıb. İş üzrə 262 zərərçəkmişin 178-i dindirilməyib. İttihamların kökündə Abdulla Abdullayevi ləkələmək məqsədi dayanır".
Vəkil çıxışında bildirib ki, Abdulla Abdullayev və onunla birlikdə mühakimə olunan digər şəxslərə qarşı ittihamlar məhkəmədə sübut yetirilmədi. Bununla belə, Osman Kazımov məhkəmədən ədalətli qərar gözləmədiyini bildirib. Bunu da Azərbaycanın məhkəmə sisteminin hazırkı acınacaqlı durumu ilə izah edib: "Ədalətli cəmiyyət qurmaq üçün ilk növbədə ədalətli məhkəmə sisteminə ehtiyac var. Dövləti nə prezident, nə iqtidar, nə müxalifət qurur. Dövlət quruculuğunun kökündə ədalətli məhkəmə sistemi dayanır. Belə məhkəmə sistemilə özünüzə ziyan eləyəcəksiz. Mən bu məhkəmədən ədalət umuram, amma gözləmirəm. Kiminsə "yuxarılara" gedib "səni söyüblər" deməsilə adamı tutdurmaq ədalətsizlikdir, ilk növbədə söz çatdırılan adamın özünə qarşı hörmətsizlikdir".
"Millətin mənəviyyatını korlayırsız, sonra da milli dəyərlərdən danışırsız"
Abdulla Abdullayevin özünün son sözü də kifayət qədər sərt olub: "Mən bəzi qara qüvvələrin sifarişinə məruz qalmışam. Bu gün mənə qarşı olanların sabah kimə olacağı bilinmir. Mən tarix üçün çıxış edirəm. Bilirəm ki, gün gələcək, bütün bu məsələlər araşdırılacaq. O zaman bilinəcək ki, mən böhtana, qərəzə, ədalətsizliyə məruz qalmışam.
Azərbaycanda ədalətdən, insan hüquqlarından, qanunlardan, dəyərlərdən çox danışırlar. Hamısı sözdədir, əməldə yox. 17 aydır həbsdəyəm, bu müddətdə prezidentə 30-dan çox məktub yazmışam, amma cavab yoxdur.
Hörmətli hakimlər, sizdən ədalətli qərar gözləmirəm. Məhkəmədə ittihamlarla bağlı sübutlar siyahısının verilməməsi, heç bir vəsatətimizin təmin olunmaması və s. hallar açıq-aşkar ədalətsizlikdən xəbər verir. Bilirəm, deyəcəksiniz ki, bizə sifariş verən yoxdur. Amma bir şeyi bilin, mən mən baxışları, göz-qaşları, eşitdirmələri, əziyyət vermələri, maraqlar üçün davranışları, eyni zamanda, şərəfsizliyi, mənəviyyatsızlığı, xəyanəti, qərəzi yaxşı görür və bilirəm.
Siz onu da bilin ki, bizim kimi atdan düşənlər minmək üçün düşür, vay o gündən ki, bəziləri atdan düşəndə minməyə bir şey tapmaya.
Hörmətli hakimlər, mərdi qova-qova namərd eləməyin. Heç kim fikirləşməsin ki, əməlləri qarşısına çıxmayacaq.
Bizi məhv etməklə tək bizi yox, eyni zamanda, ölkənin gələcəyini, millətin ümidini məhv eləyirsiz. Prezident deyirdi ki, ölkənin inkişafını ləngidənlər iş adamlarına mane olanlar onlara yox, dövlətə xəyanət edir. Onda soruşmaq lazımdır, bəs mənə qarşı irəli sürülən ittihamlar nədir? Mən hansı səbəbdən tutulmuşam?
Tələb olunan kreditlər bağlanıb, öhdəliklər bitib. Bəlkə başqasının borcunu mənə ödətdirmək istəyirsiz? Məgər bu yoldur? Və ya mənim mal-mülkümdə gözünüz var bəlkə? Yoxsa mənim bu ölkədə işləməyimi istəmirsiz? Səbəb nədir?
Bizə qarşı bu cür işlər görməklə minlərlə insanı ac, işsiz qoyursuz, möhtac edirsiz, ehtiyac içində yaşadırsız, məzlum vəziyyətdə küçələrə salırsız, yaşamaq üçün hər cür əmələ əl atmağa vadar edirsiz, çörək pulu üçün xəyanətə sövq edirsiz. Həticədə millətin mənəviyyatını korlayırsız, sonra da milli dəyərlərdən danışırsız. Məgər bu, prezident demişkən, millətə, dövlətə xəyanət deyilmi?!
Bütün dünyada iş adamlarının fəaliyyəti üçün lazım olan bir neçə amil var – işgüzar mühit, münasibət, təhlükəsizlik, təminat, qanunun aliliyi, maliyyə dayanıqlılığı, demokratik cəmiyyət, insan haqlarının müdafiəsi. Bunların olmadığı ölkəyə heç bir iş adamı gəlməz. Bu gün Azərbaycanda iş adamlarına qarşı atılan addımlar sərmayədarları narahat edir. Bu cür münasibət ölkəni etibardan salmaqla yanaşı, həm də nüfuzuna xələl gətirir. Həticədə təkcə xarici sərmayədarlar ehtiyat etmir, yerli sərmayədarlar da öz maliyyəsini çıxarıb başqa ölkələrə aparır. Hecə ki, son zamanlar Azərbaycanda baş verir. Bizlərin işi xəbərdarlıq etməkdir. Dövlətin işi isə dövlətə xəyanət edənləri, öz maraqlarını güdənləri cəzalandırmaqdır.
Həbsxanada mənimlə eyni kameraya dünən bir nəfəri gətiriblər. O, süpürgə ilə adam vurduğuna görə sanksiyasında 3 ildən 7 ilə qədər cəza nəzərdə tutulan maddə ilə ittiham veriblər. Bu ölkə, bu millət bədbəxt olub, fəlakət içindədir. Sanki cəngəllikdə yaşayırıq. Əgər belədirsə, deyin, biz də işimizi bilək. Yox, hüquqi dövlətdirsə, onda işə hüquqi müstəvidə baxın.
Mən bəziləri kimi günümü restoranlarda keçirməmişəm, günün 18 saatını işləmişəm. Mən var-dövlət üçün yox, insanların yaşaması üçün işləmişəm. Amma çox heyflər olsun…
Prokuror üç körpə balası olan adama (onunla birlikdə mühakimə olunanı göstərir-red.) heç nədən 10 il iş istəyir. Bunu Allah götürər? Hə deyirlər, onu da eləyir. Mənə də bir vaxtlar deyiblər, eləmişəm. İndi sənə də deyirlər, bilmək olmaz bir gün sənin başına nə gələcək…
Hörmətli hakimlər, bilirəm, ədalətli qərar çıxarmayacaqsız, amma yenə də demək istəyirəm ki, hökm verərkən bir balaca insani dəyərləri nəzərə alasınız".
Abdulla Abdullayevdən sonra "AMAY" MMC-də baş mühasib işləmiş Vidadi Qurbanov və kassir işləmiş Hadejda İlyasova son sözünü deyib. Onlar da ittihamların əsassız olduğunu vurğulayaraq, məhkəmədən ədalətli hökm çıxarmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər isə çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə sentyabrın 7-nə qədər təxirə salınıb.
Xatırladaq ki, bu iş üzrə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılanlar arasında Abdulla Abdullayevin özü ilə yanaşı, beş nəfər işçisi – Elşən Nəzərov, Heydər Rzayev, Mehman Məmmədxanlı, Vidadi Qurbanov və Hadejda İlyasova da var. Onlara qarşı dələduzluq, mənimsəmə, vəzifədən sui-istifadə kimi ittihamlar irəli sürülüb. Amma Abdulla Abdullayev istisna olmaqla, digərlərinin barəsində məhkəmənin hökmü bəlli olana qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Aytən