YAP-ın açıqlayacağı siyahı formal xarakter daşıyır
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) bu həftə namizədlərlə bağlı siyahını açıqlayacağı gözlənilir. “Azadlıq”a daxil olan məlumata görə, açıqlanan siyahı formal xarakter daşıyacaq. Bildirilir ki, YAP-ın açıqladığı siyahı hakimiyyətin ikinci siyahısından ciddi şəkildə fərqlənir. Məlumata görə, rəsmi siyahıdakı namizədlərin təxminən 50 faizinin adı ikinci siyahıda yoxdur.
“Ikinci siyahıda mandat veriləcək namizədlərin adlarıdır. Onların sayı isə 60-a yaxındır”, – deyə hakim partiyadakı mənbə bildirib. Beləliklə, aydın olur ki, YAP-ın siyahısına düşmək hələ mandat qazanmaq demək deyil. Güman ki, formal namizədlərə nə YAP, nə də yerli icra hakimiyyəti orqanları dəstək verəcək. 2010-cu il parlament seçkilərində də belə olmuşdu. Mənbəmizin sözlərinə görə, hakim partiya daxilində də ictimaiyyətə açıqlanan siyahının formal xarakter daşıdığını bilirlər. Bu baxımdan hər kəs ikinci siyahıya düşməyə can atır. Bu da partiya daxilində vəziyyəti daha gərginləşdirir.
Biz hələ “Azadlıq”ın ötən saylarından məlumat vermişdik ki, YAP-da ikitirəlik mövcuddur. YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov yalnız Paşayevlərin patronajlığını qəbul edənlərin siyahıya düşməsinə çalışır. Lakin Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev parlamentə təsir imkanlarını itirməmək üçün onu dəstəkləyənləri önə çıxarmağa çalışır. YAP-ın hətta rəsmi siyahısının ictimaiyyətə açıqlanmasının gecikməsinin bir səbəbi də budur. Ikinci siyahı ilə bağlı isə hələ ki, ortaq məxrəcə gəlinməyib. Bu proses uzanacağı təqdirdə seçki ərəfəsində hakimiyyət daxilində ziddiyyətlər açıq müstəviyə keçəcək.