ABŞ-ın enerji məsələləri üzrə ixtisaslaşmış agentliyindən sensasion məlumat
Qərbi Afrikadan neft daşınmalarının artırılması ilə əlaqədar Avropanın bəzi ölkələrdən, o cümlədən Azərbaycandan aldığı neftin həcmi azalacaq. Bu barədə "haqqın.az" ABŞ-ın enerji məsələləri üzrə ən mötəbər informasiya resurslarından biri kimi tanınan "Platts" agentliyinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Qərbi Afrika neftinə Asiyada tələbat azaldığından, həmçinin daşınma marşrutunun əlverişliliyini nəzərə alaraq, Avropanın neft emalı ilə məşğul olan şirkətləri sentyabrdan Nigeriya və Anqoladan daha çox neft alacaq.
Ekspertlərin fikrincə, sentyabrda Qərbi Afrikadan Avropaya təxminən 50 milyon barrel neft daşına bilər. Bu da günə 1,6 milyon barrel deməkdir.
Vəziyyətin bu şəkildə dəyişməsi Azərbaycan neftinin alıcısı olan şirkətlərin üzünü Qərbi Afrikaya doğru çevirməsinə səbəb olacaq.
Hadisələrin bu cür inkişafı neft sahəsində dünya bazarında təklifin tələbi xeyli üstələdiyi şəraitə təsadüf edir. Qərbi Afrikadan aya təxminən 8-12 milyon barrel neft alan Hindistan idxalı əhəmiyyətli dərəcədə aşağı salıb. Həmçinin Anqolanın satdığı neftin 40-50 faizini alan Çində də neftə tələbat azalıb.
Neft ticarətilə məşğul olanlar bildirir ki, Qərbi Afrikada neftin qalan hissəsini dərhal avropalılar alacaq. "Platts" agentliyinin analitiklərinin fikrincə, alternativ neft mənbələrinin çox olduğu vaxtda təbii ki, bu məhsulun qiyməti də aşağı düşəcək.