«AMAY Abdulla» ona qarşı ittihamları bu cür dəyərləndirib
Əkbər Bağırov: «Deyə bilərsiniz ki, Abdulla Abdullayev Mozambikdə inqilab eləyib gəlib…»
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin məhkəməsinin yekunlaşması üçün yalnız bir mərhələ qalıb – özünün, eləcə də onunla birlikdə mühakimə olunan daha beş nəfərin (Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda Ilyasova) son sözünü deməsi. Bundan sonra məhkəmənin yekun qərarı elan olunacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə fevraldan davam edən prosesdə məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası verilməsini istəyib. Prokuror konkret Abdulla Abdullayevin 14 il azadlıqdan məhrum olunmasını təklif edib. Dünən isə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkillərin hamısı təqsirləndirilən şəxslərə qarşı irəli sürülən mənimsəmə, dələduzluq və s. ittihamların əsassız olduğunu, iş üzrə ibtidai istintaqın qərəzli aparıldığını və çoxsaylı qanun pozuntularıyla müşayiət olunduğunu bildirərək, məhkəmədən müvəkkilləri barəsində bəraət hökmü çıxarılmasını istəyiblər.
Abdulla Abdullayevin vəkili Əkbər Bağırov bildirib ki, Sahibkarlığa Milli Kömək Fondunun ayırdığı kreditin AMAY-ın binasının təmirinə sərf olunacağını fond rəhbərliyi də daxil olmaqla, hər kəs bilib, elə kredit də sırf bu məqsədlə ayrılıb: “Bu obyekt dövlət başçısının diqqətində olub, açılışında şəxsən özü iştirak edib. Abdulla Abdullayev də çıxışında dedi ki, açılışı Heydər Əliyevin ad gününə qədər çatdırmaq üçün vəsaitə ehtiyac olub. Ona bildirilib ki, Sahibkarlığa Milli Kömək Fondunun vasitəsilə bunun üçün maliyyə vəsaiti ayrılacaq. Bu məqsədlə Səriyyə Səmədova Fonda gedib. Ona bildirilib ki, bir şirkətin adına böyük məbləğdə kredit verilməsi mümkün deyil, ona görə də bir neçə firma yaradıb, onların adına götürmək təklif olunub. Bundan sonra Abdulla Abdullayev özü də Fondun rəhbərilə görüşüb. Abdullayevə də belə bir tövsiyə verilib. Həmin tövsiyəyə uyğun olaraq, firmalar təsis olunub və kredit götürülərək, ”AMAY"ın təmirinə xərclənib".
Vəkilin sözlərinə görə, Fonddan götürülmüş 3 milyon 918 minlik kreditin ödənişi çoxdan başa çatıb: “Iki il əvvəl ödənilmiş borcla bağlı ittiham verib adamı həbs eləmək ağlasığmazdır. Bu, həm qanun, həm də təcrübə baxımından hüquqda nonsensdir. Ittihamı irəli sürmək asandır, onu sübut eləmək lazımdır. Onu da deyə bilərsiniz ki, Abdulla Abdullayev Mozambikdə inqilab eləyib gəlib. Axı bunları sübut etmək lazımdır. Abdulla Abdullayev ayrılmış vəsaiti cibinə qoymayıb ki… Dubayda xərcləməyib ki… O vəsait AMAY-ın tikintisinə sərf olunub. Dələduzluq maddəsi bu insana yaraşmır. Hətta Abdulla Abdullayevin öz bacısını da zərərçəkmişlər siyahasına salıblar. Halbuki, bu adam daim bütün qohum-əqrəbasının, yaxınlarının qayğısına qalıb, onlara maddi köməklik göstərib. Indi belə çıxır ki, o, öz bacısına qarşı da dələduzluq edib? Dövlət ittihamçısı çıxışında hətta bu hissəni də çıxarmadı, ittihamı olduğu kimi saxladı. Heç olmasa o hissəni çıxarardılar. Bu da ittihamın qərəzli olduğunu göstərir. ”Qərəz" sözünü çox işlətmək istəməzdim…"
Bu məqamda Abdulla Abdullayev yerindən replika verdi: “Bu terrordur, repressiyadır. Necə yəni demək istəməzdim?!”
Digər təqsirləndirilən şəxslərin vəkilləri də istintaqın qərəzli aparıldığını bildiriblər. Onlar həmçinin məhkəmənin ədalətli hökm çıxaracağına ümid etdiklərini vurğulayıblar.
Məhkəmə prosesi sentyabrın 1-də təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.
Əvvəlki məhkəmə iclaslarında olduğu kimi, yenə də Abdulla Abdullayev prosesin uzadılmasına etiraz edib: “Yeddi aydır bu məhkəməni uzadırsınız. Necə olur, Leyla Yunusun məhkəməsini ay yarıma yekunlaşdırdınız, mənim işim yeddi aydır ki, gedir?”
Hakim bildirib ki, bunlar fərqli işlərdir və zərərçəkmişlərin, şahidlərin sayından asılı olaraq proses uzana bilər.
Aytən