«Azad və ədalətli seçkilər gözləmirəm, lakin…»
Mehriban Vəzir: «Hazırda həbsxanalarda olan zənginlər başa düşməlidilər ki, onların və övladlarının gələcəyi ölkədə ədalətli mühitin olmasına bağlıdır»
Hazırda mətbuatın gündəmində olan əsas olaylardan biri də siyasi məhbus probleminin daha da dərinləşdirilməsidir. Arif və Leyla Yunus barədə çıxarılan hökm bir daha sübut etdi ki, hakimiyyət repressiv siyasəti davam etdirmək niyyətindədir. Amma diqqət çəkən bir məqam da odur ki, hakimiyyət iki siyasi fəal xanım – Leyla Yunus və Xədicə Ismayıla qarşı olduqca qəddar mövqe nümayiş etdirir. Bu cür yanaşma əvvəlki illərdə müşahidə olunmurdu. Müsahibimiz Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, yazıçı publisist Mehriban Vəzirlə söhbətimizə hakimiyyətin yürütdüyü repressiv siyasətə münasibət öyrənməklə başladıq:
– Ictimai-siyasi proseslərdə, elmdə, təhsildə kişi və qadın bərabərdir. Bu, Qərbdə də belədi, Şərqdə də. Təcrübə göstərir ki, bu kimi sahələrdə “qadındır” deyə güzəşt olmur, cavab amansız olur. Qadınlara qarşı qeyd etdiyiniz qəddarlığı belə dəyərləndirərdim; görünür, indi, əvvəlki illərdən fərqli olaraq qadınlar daha sərt və daha səmimi mübarizə aparırlar. Artıq ictimai savaş meydanında qadınlar daha ciddi imiclə boy göstərirlər. Qısaca desək, gündəmdə qadınlardır. Onlar həbs olunur, işgəncəyə məruz qalır, ağır cəzalar alırlar. Qarşı tərəfdən gələn zərbələrin ən ağırı da adlarını çəkdiyiniz qadınlarımıza dəyir. Deyərdim ki, cinsindən asılı olmayaraq kim fəaliyyətində daha ardıcıl, daha prinsipial, daha güzəştsizdirsə, o, daha sərt cəzalanır. Azərbaycanın siyasi mübarizə meydanında kişilər bu kimi amansızlıqlarla az qarşılaşmayıblar. Kim hakimiyyətin qarşısına üst-üstə düşən sözü və əməli ilə çıxırsa, iqtidar da onun qarşısına öz zorakı gücü ilə çıxır.
“Hakimiyyətin eybəcər siyasəti”
– Hakimiyyətin rəqiblərinə qarşı daha bir eybəcər addımı bu yaxınlarda üzə çıxdı. Hakimiyyət müxalif mövqeli şəxslərə qarşı qohumlardan istifadə edərək təzyiqlərə başladı. 37-ci ilə xas havanın geri qaytarılması nə vəd edir?
– Əslində, bu, köhnə tendensiyadır. Tarix təkcə 37-ci illərlə ölçülmür, orta çağlara və daha qədimlərə gedib çıxır. Dövrümüzdə, 21-ci əsrdə niyə tətbiq edilir, maraqlı olan budur. Hakimiyyət təkcə rəqibləri ilə deyil, əski dostları ilə də belə davranır. Vəzifədən çıxarılan məmurların, gözdən düşən deputatların dövlət işində işləyən qohumlarından bu kimi “imtina” ərizəsi almaq idarəetmənin qaydasına çevrilib. Tələb birmənalıdır; ya get, ya imtina et. Otuz il dövlət işində işləyən, yüksək təqaüd gününü gözləyən, bir ildən sonra pensiyaya getməli olan və ya sadəcə iş yeri olan adam, ac qalmamaq naminə, məcbur olub qohumundan, qardaşından imtina edir. Qohumluq münasibətləri, yəni Allahın belə önəmli bildiyi münasibətlər zərər görür. Sonucda, xalqın mənəviyyatı və ictimai əxlaq zədələnir. Onsuz da bizim ölkəmizdə ictimai-siyasi fəal olan hər kəs daima doğmalarının, qohumlarının təpkisi altındadı. Təbii olaraq, heç kəs siyasi aktiv qardaşına görə həyatının zəhərlənməsini istəmir. Heç kəs qohumunun əvəzinə cəza çəkmək istəmir. Heç kəs də qohumuna, qardaşına görə getdiyi yoldan dönmək istəmir. Nəticədə, doğmalar bir-birinə qənim kəsilir. Hakimiyyət də öz növbəsində toplumun bu psixoz durumundan – özünün yaratdığı bu fəlakətli durumdan çirkincə istifadə eləyir. Insanlar qorxur, uyarır. Çünki bizim ictimai mühitdə saysız-heasbsız “gözü çıxan qardaş” nümunəsi var. Son vaxtlar isə bu üslub ictimai-siyasi fəallara da tətbiq olunmağa başladı. Bu barədə mətbuatda “imtina” məktubları və qınayıcı yazılar dərc olundu. Ailə qarşıdurmaları ortaya çıxdı. Beləliklə, uzun müddətdən bəri asta-usta gedən bu “imtina” prosesi açığa çıxdı. Hazırda baş verənlər gələcəkdə araşdırma predmeti olacaq. Iş yerini itirməmək üçün, övladlarının təhlükəsizliyi üçün qardaş-qardaşdan, bacı-bacıdan imtina edib. Bu, çox eybəcər bir haldır. Ictimai münasibətlərə, ailə-qohumluq münasibətlərinə zərbədir. Bu, gələcəkdə dövrün ictimai psixologiyasını öyrənmək üçün monoqrafiya mövzularına çevriləcək. Imtina məktublarını yazmağa məcbur olanların da situasiyaları araşdırılacaq. Bu şəxslərin də taleyi çox acınacaqlıdır, çörəklə və azadlıqları ilə imtahana çəkiliblər. Idarəetməyə bu eybəcər düşüncəni gətirən kimdir? Bu, hansı şüurdan irəli gəlir? Bu üslublar çox əski deyilmi? Nə üçün bu gün bizdə tətbiq olunur? Çox düşündürücüdür. Bu, yalnız mənəvi-ruhi eybəcərlik vəd edir.
“Intiharlar dalğası ölkəyə nə vəd edir?”
– Hakimiyyətin yürütdüyü siyasətin daha bir eybəcər nəticəsi insanların kütləvi şəkildə intihara məcbur olmasıdır. Biz, demək olar, hər gün intihar xəbəri alırıq. Son intiharların səbəbi sosial vəziyyətin ağırlıqları ilə bağlı olur. Kimi övladını müalicə etdirə, kimisi isə kredit borcunu ödəyə bilmədiyindən intihar edir. Bu tendensiya cəmiyyətə nə vəd edir? Vətəndaşlar ağır sosial-iqtisadi durumda olsalar da, rəsmi statistikaya görə, ölkəyə 115 milyard neft pulu gəlib. Hanı bu pullar?
– Azərbaycan xalqının sərvətini illər öncə böyük güclər talamaq qərarı verib. Bunu həyata keçirməyin əsas yolu xalqın siyasi-mədəni səviyyəsini düşürmək, ictimaiyyəti, müxalifəti gücsüz, dişsiz duruma gətirməkdir. Nə yazıq bizə ki, bunu edə bildilər. Ancaq öz günahlarımız da az deyil. Yenilməyə meyilli olduq. Xalqımız müstəqillik hərəkatının nəticəsində əldə etdiyi bütün siyasi imtiyazlarını, demokratik nailiyyətlərini hissə-hissə itirdi. Əlində olanın qiymətini bilmədi, haqq və hüquqlarını qorumaq davasına çıxmadı. Məndən ötsün, qardaşıma dəysin, dedi. Bu da nəticəsi. Hazırda cəmiyyətdə əcaib bir ümidsizlik var. Sabaha inam yoxdur. Insanlar çarəsiz durumdadırlar. Hər yerdən əli üzülən insan çarəni ölümdə görür. Vətəndaşımız kredit borclarını ödəyə bilmir, övladını müalicə etdirə bilmir, təhsil haqqını ödəyə bilmir, iş tapmır, ailəsini yedirdə bilmir. Ölümü nicat kimi görür. Bu, milli faciədir.
“Hakimiyyətə yaxın olan sahibkarların bu cür sonluğu gözlənilən idi”
– Hələ bir müddət əvvəl Azərbaycanda demokratik düşərgənin təmsilçiləri bəyan edirdilər ki, ölkəmizdə heç bir hüququ təminat yoxdur. Bir günün içində varlı şəxs bütün varidatını itirə bilər. Hazırda biz bu prosesi müşahidə edirik. Hazırda həbslər dalğası təkcə müxalifət düşərgəsinə qarşı aparılmır. Bir zamanlar hakimiyyətin yanında olan sahibkarlar da hazırda hədəfdir…
– Baş verənlər çox təbiidir. Siyasi və iqtisadi repressiyalar, adətən, dalğa-dalğa bir-birini əvəzləyir. Siyasi müqavimət gücü olan çevrə qədər, iqtisadi müqavimət gücü olan çevrə də belə hakimiyyətlər üçün təhlükə mənbəyidir. Qeyd etdiyiniz zümrə ölkədə yaranmış ədalətsizlik mühitindən faydalanıb milyonlar qazandılar. Pul gözlərini tutdu. Söykəndikləri yerləri sağlam sayıb cinayət kimi əməllərə baş vurdular. Bəlkə də təhrik edildilər, bilmirəm. Eləcə də, ictimai fəaliyyəti boğmaq üçün əllərindən gələni etdilər. Bugünkü vəziyyətə tam dəstək verdilər, hər mənada dayaq oldular. Onlar ölkəmizdəki bugünkü durumun həmmüəllifləridir və yaxalarını heç yerə çəkə bilməzlər. Birbaşa məsuliyyət daşıyırlar. Onlar bilmədilər ki, xalqın qapısına çökən zülm bir gün onların da qapısını kəsəcək. Bu proses daha dərinlərə gedəcək kimi görünür. Deyirlər inqilab öz övladlarını yeyir. Bu formula təkcə inqilablara aid deyil. Bu kimi rejimlər də öz bəsləmələrini udur.
“Seçkilərin azad və ədalətli, şəffaf keçirilməsi mümkün deyil”
– Bir neçə ay sonra ölkədə parlament seçkiləri keçiriləcək. Amma ölkədə seçki ab-havası duyulmur. Hazırda azad mətbuatın məhdudlaşdırıldığı, siyasi fəaliyyətin qarşısının alındığı, repressiyanın hər ötən gün gücləndiyi bir dövrdə keçirilən seçkilər nə vəd edir?
– Biz indiyə qədər keçirilən seçkilərin iştirakçısı və şahidiyik. Qarşıdan daha bir parlament seçkisi gəlir. Amma ötən müddət ərzində də heç nə dəyişməyib. Dəyişiklik olubsa, mənfiyə tərəf olub. Belə bir vəziyyətdə parlament seçkilərinin necə olacağı sualına yalnız bir cavab var; seçkilərin azad, ədalətli, şəffaf keçirilməsi mümkün deyil. Bu da seçkilərdə iştirakı lazımsız kimi göstərir. Lakin… bir məsələ də var. Seçki bir fürsətdir. Seçki söyləmək və eşidilmək imkanıdır. Düşünürəm ki, ictimai-siyasi aktiv dairələr bu seçkilərdən istifadə etməlidirlər. Parlamentə düşmək mümkün olmayacaq, fikrindəyəm. Amma xalqla təmas, yatmışları oyatmaq, həqiqətləri daha geniş auditoriyaya çatdırmaq mümkün olacaq. Siyasi mübarizə təkcə qələbəyə hesablanmır, həm də mövcudluq üçün, dirilik üçün, nəbzin ölməməsi üçün aparılır. Gerçəkçilər deyə bilərlər ki, bu şəffaf bir yarış deyil, vaxtımı və pulumu sərf edə bilmərəm. Onlar haqlıdır. Mübariz idealistlər isə yalnız qələbəni əldə etmək üçün yox, həm də qələbəyə gedən yolu açıq saxlamaq üçün yola çıxırlar. Bizim ölkədə seçkiyə gedib-getməmək qərarı əlverişsiz şəraitə görə yox, həyat tərzinə və prinsiplərə görə verilməlidir.
“Azərbaycanda ədalətsiz mühit hökm sürür”
– Ali məktəblərə daxil olan tələbələrlə bağlı ənənəvi problem davam edir. Ölkədə orta aylıq əmək haqqı 457 manatdır. Amma təhsil müəssisələrində illik ödəniş bu məbləğdən 10-20 dəfə artıqdır. Məhz ali məktəbə olan ödənişi bağlamadığına görə on minlərlə tələbə ali məktəbdən xaric edilib. Təbii sərvətləri, nefti ilə öyünən bir ölkə üçün bu vəziyyəti necə şərh etmək olar?
– Azərbaycana neft ölkəsi deməyək, nefti talanmış ölkə deyək. Bu neftin əhalimizə, təhsilimizə, səhiyyəmizə, sənayemizə, idxalımıza, ictimai münasibətlərimizə, mədəni səviyyəmizə, demokratik inkişafımza heç bir xeyiri dəymədi. Əksinə, zərər verdi, ədalətsiz mühit yaratdı. Mühit ədalətsiz olanda siyasi-ictimai fəaliyyət, ləyaqətli yaşam, rüşvətsiz cəmiyyət mümkün olmur. Eləcə də xalq təhsil haqqını verə bilmir. Oxumur. Həyata başladığı ilk addımda dövlətinin qaydaları ilə burnundan vurulub geri oturdulur. Onun depressiyası və digər qayğıları heç kimi maraqlandırmır. Xalqın atası dövlətdir. Dövlət övladını düşünməyəcəksə, bir başqası gəlib onun problemlərini həll etməyəcək. Mühit ədalətsiz olanda bu, başdan ayağa – hər bir sahəni zədələyir. Ən çox təhsili zədələyir. Təhsil bir başlanğıc, ictimai şüurun, siyasi mədəniyyətin, hökumət-vətəndaş münasibətlərinin zəminidir. Yaxşı təhsil rəiyyəti vətəndaşa, padşahı prezidentə çevirir. Vətəndaşı rəiyyətə çevirməyin yolu isə təhsilə atılan virusdan – rüşvətdən və əlçatmaz ödənişdən keçir.
Xəyal