«Cib müxalifətinin cibindən boylanıb cılxa müxalifətçilik iddiasında olanlar mandat bazarında istənilən böhtanı səsləndirməyi özlərinə rəva görürlər»
Cəmil Həsənli: “Üzərində siyasi rəng olan işlər hakimdən asılı olmur”
Bakı Ağır Cinayətlər Məhkəməsi bu gün – yayın qızmarında ən qaynar nöqtələrdən biridir. Hər gün bu məkanda ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələrini jurnalistləri, toplumun fəal kəsimini görmək olur. Tanınmış şəxslərin adı açıq, faktiki qapalı keçirilən məhkəmələrinə gəlir bu adamlar. Onların içərisində Milli Şuranın sədri Cəmil Həsənlini də hər gün görmək olur. Fürsətdən yararlanıb ölkədə və məhkəmələrdə baş verənlərlə bağlı Cəmil müəllimlə söhbətləşdik.
– Cəmil müəllim yayı, deyəsən, burada keçirdiniz. Bu, ictimai-siyasi proseslərlə bağlıdır, yoxsa şəxsi problemlərlə?
– Düzü, hər ikisi var. Ictimai-siyasi səbəbə gəldikdə, seçki ilidir, Milli Şuranın qarşıdakı parlament seçkiləri ilə bağlı mövqeyini hazırlayıb bir qərara gəlmək lazımdır. Ona görə də seçki mühitini, sosial-siyasi prosesləri, siyasi mənzərəni öyrənmək üçün bütün yay ərzində çoxlu müzakirələr aparmalı olduq. Digər tərəfdən, hüquqlarını ictimai əsaslarla müdafiə etdiyim siyasi məhbusların bir hissəsinin məhkəmə baxışı yay aylarına salınmışdı. Xüsusilə Leyla və Arif Yunusların, Xədicə Ismayılın, Qarabağ qazisi Asif Yusiflinin Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərini nəzərdə tuturam. Bu məhkəmələr Azərbaycanda polis, prokurorluq, məhkəmə orqanlarının hansı fəlakətin içində olduğunu aydın şəkildə göstərdi. Bunlarla yanaşı bizim Günelin də məlum yol-nəqliyyat hadisəsi ilə bağlı Ali Məhkəmədə şikayəti var idi və buna da avqust ayının 12-də baxıldı. Necə deyərlər, 2015-in yayını məhkəmələrdə keçirdik.
– Qızınız Günel Həsənlinin Ali Məhkəməyə müraciəti nə ilə bağlı idi?
– Çox sadə bir məsələ ilə. Günelin 87 yaşlı Ədilə xanımla bağlı olan məlum yol-nəqliyyat hadisəsinin sənədləri saxtalaşdırılaraq cinayət hadisəsinə transfer edilib. Bunun üçün Məhkəmə tibbi ekspertizasında Ədilə xanımın müayinəsi zamanı tibbi rəyi saxtalaşdırıb, avtomobilin qadına yüngül toxunmasını az ağır xəsarət maddəsinə uyğunlaşdırıblar. Əvvəlcə Daxili Işlər Nazirliyi hadisəni polis orqanlarından gizlətmə maddəsi ilə (Qurban Məmmədovun mühakimə edildiyi maddə) rəsmiləşdirmək istəyirdi. Lakin polis işçisinin Günellə birlikdə Ədilə xanımı Mirqasımov adına xəstəxanaya aparması barədə foto sənədlər ortaya qoyulduqdan sonra tibbi rəyin saxtalaşdırılmasına qərar verdilər. Işdən görünür ki, istintaq da, prokurorluq da bu saxtalaşdırmada maraqlı olublar və birinci instansiya məhkəməsi də faktı ört-basdır edib. Ona görə apelyasiya baxışı zamanı vəkillər işin istintaq araşdırılması ilə aparılması barədə vəsatətlə çıxış etdilər. Hakim isə heç bir səbəb göstərmədən vəsatəti rədd etdi. Ali Məhkəməyə müraciət də bu epizodla bağlı idi. Şübhəsiz ki, mənim qızım olduğuna görə Ali Məhkəmənin hakimi Hafiz Nəsibov da şikayəti təmin etmədi.
– Şikayətin rədd edilməsi nə ilə əsaslandırıldı?
– Heç bir əsaslandırma olmadı. Vəkil Adil Ismayılovun dəlillərə söykənən, qanunlara istinad edilən çıxışından sonra hakimlər heyəti müşavirəyə getdi. Bir neçə dəqiqədən sonra qayıtdılar və “möhtərəm” hakim Hafiz Nəsibov bir cümlə ilə dedi ki, iddia təmin olunmur. Bir qayda olaraq üzərində siyasi rəng olan belə işlər hakimdən asılı olmur. Obrazlı desək, “müqəssir” Günelin, 87 yaşlı “zərərçəkən” Ədilə xanımın işi bilavasitə cənab Ilham Əliyevin nəzarətində olan işlər sırasına daxildir və prosesin bütün mərhələləri Fuad Ələsgərovun onun adından verdiyi rəhbər göstərişlər əsasında idarə edilir. Bu rəhbər “göstərişlərin” nəticəsində istintaq işlərinin saxtalaşdırılması indi Azərbaycan hüquq sisteminin universal iş prinsipinə çevrilib. Qəribə paradoks var ölkədə. Elə lap bu yaxınlarda məlum oldu ki, üç nəfərin ölümünə, 15 nəfərin yaralanmasına baiskar olan sürücü həbs olunmur, amma 87 yaşlı qadın haray çəkir ki, heç bir xəsarət almamışam, onu eşidən yoxdur, Ədilə xanımın səsini batırıb olmayan cinayətə görə Günel Həsənliyə il yarım cəza kəsirlər. Bakı Şəhər Baş Polis Idarəsinin keçmiş məsul əməkdaşı ilə bağlı istintaq işində maraqlı bir epizod var. Orada müstəntiq sual verir ki, Azərbaycan Respublikasının ərazisində ödəniş manatla olduğu halda, siz niyə rüşvəti dollarla almısınız. Yəni cinayətin izi rüşvət alınmasında deyil, onun məhz xarici valyuta ilə alınmasında axtarılır. Təəssüf ki, bizim istintaq orqanları bu həddə qədər absurdlaşıb.
– Eşitdik ki, bu yaxınlarda qarşıdakı seçkilərlə bağlı Bakıya gəlmiş ATƏT Demokratik Təsisatlar və Insan Haqları Bürosunun əməkdaşları ilə görüşmüşünüz. Nə müzakirə etdiniz?
– Bəli, avqustun 14-də belə bir görüş olub. Həmin görüşdə müxalifət adına Milli Şura, AXCP, Müsavat və REAL rəhbərliyi iştirak ediblər. Seçki öncəsi mühit onları maraqlandırırdı, bu istiqamətdə ətraflı və maraqlı müzakirələr oldu. Bir sıra mətbuat orqanları, xüsusilə hökumətin nəzarətində olan media ATƏT-in Varşava Bürosunun Azərbaycandakı parlament seçkilərini müşahidə edəcəyini yazırlar. Amma aparılan müzakirələrdən aydın oldu ki, hələ ATƏT-in belə bir qərarı yoxdur və bu səfərin əsas məqsədi Varşava Bürosunun ölkəmizdəki seçkiləri müşahidə edib-etmək üçün uzunmüddətli və qısamüddətli missiya göndərilməsi barədə yekun qərarını müəyyənləşdirməkdən ibarətdir. Yalnız bu səfərin yekunlarına görə məsələ aydın olacaq.
– Sizcə ötən prezident seçkilərinə 58 faiz saxtakarlıq səviyyəsi haqqında rəy vermiş bir müşahidə missiyasını parlament seçkilərinə dəvət etmək hökumətin nəyinə lazımdır?
– Şübhəsiz, ATƏT Demokratik Təsisatlar və Insan Haqları Bürosunu müşahidəyə dəvət etmək hökumətin ürəyincə deyil. Çünki 2013-cü ilin prezident seçkilərində bu təşkilatın rəyi hakimiyyət üçün gözlənilməz oldu. Büro saxtakarlığın səviyyəsinin 58 faiz olduğunu bəyan etdi və bu rəqəm də prezident hakimiyyətinin legitimliyini şübhə altına aldı. Avropa coğrafiyasında heç vaxt belə hal olmayıb ki, həmin məkanda seçki müşahidəsinə yeganə mandatı olan beynəlxalq təşkilat saxtakarlığın səviyyəsinin 58 faizə çatdığını elan etsin və bu nəticələr ləğv edilməsin. Əslində heç bir xarici qonaq dəvət etmədən tələm-tələsik inauqurasiya keçirib prezident kreslosunu tutmaq bilavasitə ATƏT-in məlum Bürosunun rəyi ilə bağlı idi. Azərbaycanda hakimiyyəti mənimsəmiş güruh ehtiyat edirdi ki, bu rəyə istinad edərək ATƏT ölkələri seçkilərin nəticələrini tanımaya bilərlər. Amma ATƏT ölkələri seçkilərə çox az aidiyyəti olan urvatsız bir təbrik göndərsələr də, 58 faiz saxtakarlıq faktını həzm etməli oldular. Indiki anda hakimiyyətə seçkilərin legitimliyi üçün ATƏT missiyasının iştirakı lazımdır, onun rəyində saxtakarlığın səviyyəsinin 58 və ya 68 faiz olacağı mühüm deyil. Çünki, ATƏT Demokratik Təsisatlar və Insan Haqları Bürosunun seçkiləri müşahidə etməsi onun legitimliyini təmin edəcək iki vasitədən biridir.
– Ikinci vasitəyə keçməzdən əvvəl ATƏT missiyasının müşahidədə iştirak edəcəyi nə dərəcədə realdır?
– Ilk baxışda ATƏT-in Varşava Bürosunun müşahidəyə dəvət edilməsi müsbət addımdır. Amma müsbət nəticəyə, seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə hədəflənməyib bu addım. Təsəvvür edin ki, 5 həftə bundan əvvəl hökumət kabinetinin müşavirəsində cənab Ilham Əliyev nə deyir? Avropa strukturlarının tövsiyələri ilə bağlı deyir: “Burada heç kim onların dediklərinin birini də etməyəcək. O qətnamələr bizim üçün kağız parçasıdır. Ona görə heç kim onları heç vaxt icra etməyəcək. Bunu bilsinlər, Azərbaycan xalqı bilsin”. Bu halda ATƏT-in Varşava Bürosunun həmin qurumlardan biri olaraq vaxt, vəsait və çoxlu adam səfərbər edib Azərbaycanda seçki müşahidəsi aparmasının nə mənası var? O müşahidənin nəticələri barədə Ilham Əliyev öz fikrini qabaqcadan bəyan edib. Ona görə belə şəraitdə Qərb ölkələrindən və qurumlarından bunların öz əlaltılarından başqa hansısa bir rəsmi müşahidə missiyasının gələcəyi real deyil. Avropa Parlamenti öz üzvlərinə Azərbaycanda keçirilən parlament seçkilərini müşahahidə etmələrini qadağan etdi. Yəqin ki, bu seçkilərdə MDB Parlament Assambleyasından gələn müşahidəçilərin ümidinə qalacağıq. Yerli müşahidə təşkilatlarına gəldikdə, beynəlxalq aləmdə ən etimadlı münasibət Anar Məmmədlinin təşkilatına idi və ötən seçkilərin qiymətləndirilməsində ATƏT onların rəyinə böyük önəm verirdi. Anar özü həbs edildi, təşkilatda dağıdıldı. Yəni Varşava Bürosu ona yardım göstərə biləcək bu mənbədən də məhrum oldu və indi onun seçkini müşahidə etməsinin heç bir önəmi yoxdur.
– Indi keçək legitimlik üçün vacib olan ikinci vasitəyə. Bu vasitə nədən ibarətdir?
– Bu vasitə müxalifətdən ibarətdir və seçkiyə legitimlik donu geyindirmək üçün müxalifət adına kimsə seçkidə iştirak etməlidir. Parlament seçkiləri ilə bağlı hökumətin nəzarətində formalaşdırılan müxtəlif bloklar məhz buna xidmət edir. Cib müxalifəti, idarə olunan pərsəng partiyalar, MTN-nin müxtəlif kombinasiyalarda yaratdığı cəmiyyətlər bilavasitə bu funksiyanı yerinə yetirməlidir. Qərbdə belələrinə “puppet” (marionetka), ruslarda isə siyasi “karmanşiklər” də deyirlər. “Yüz faizlik müxalifət” adına iddia edən bu qruplar Milli Şura olaraq bizi və digər müxalif qüvvələri radikallıqda, hətta terrorun bir addımlığında olmaqda ittiham edirlər. Demokratiya məsələsində hakimiyyətlə müxalifətin məsuliyyətini eyniləşdirmək bu qurupların əsas vəzifələrindən biridir. Bunların sözündən belə çıxır ki, Leyla Yunusu, Xədicə Ismayılı və digərlərini hakimiyyət müxalifətlə şərikli tutub. Bilirsiniz, bu ölkədə gerçək, həqiqi müxalifət həyatı yaşamış, siyasi mübarizənin önündə olmuş insanlara hörmətlə yanaşmaq lazımdır. Onların keçdiyi həyat yoluna baxanda heç mən özümü müxalifət hesab etmirəm. Kriminal rejimlə qarşı-qarşıya onlar özləri də, ailələri də riskli bir həyat yaşayıblar və yaşamaqda da davam edirlər.
– Yeri gəlmişkən, belə bir yanaşmanı 125-lər klubunun öncüllərindən olan Günel Səfərova sərgiləmişdi. O deyirdi ki, “indiki aparıcı sayılan müxalifət ictimai münasibətlər sistemində və hakimiyyətə münasibətdə, daha çox radikal platformada dayanır. Onların bu platformada möhkəmlənmələri isə, hamıdan çox, elə hakimiyyətin özünə sərf edir. Və bu münasibətlər getdikcə daha da radikallaşır. Aşırı radikallaşmadan bir addım o yana isə nə gəlir – terror?
– Mən Günel xanımın fikirlərini şərh etməyə həvəsli deyiləm. Amma, bilmirəm azad, ədalətli, demokratik seçki tələb etmək, insan haqlarına sayğı ilə yanaşmağı önə çəkmək, xalqın talan edilən sərvətlərinin hesabını sormaq nədən radikallıq olur. Hələ siyasi mahiyyəti deyil, siyasi rəngi belə bəlli olmayan, “ağ və qara” rənglərin ortasında vurnuxan 125-lərin müxalifəti məhz, aşırı radikallıqda, terrorun bir addımlığında olmaqda ittiham etməsi heç şübhəsiz ki, siyasi konyunkturadan irəli gəlir.
Milli Şurada təkcə professor Kamil Vəli Nərimanoğlunun əsərlərinin sayı bu klubun üzvilərinin sayından çoxdur. Rüstəm bəyin çəkdiyi bədii və sənədli filimlərin, dünyanın 120-dən çox teatrının səhnəsində oynanan pyeslərinin, Rövşən Almuradlı ilə Eldəniz bəyin üst-üstə çəkdikləri bədii və sənədli filmlərin sayı da həmçinin. Indi bu hakimiyyət adi bir tənqidi fikrə görə məhkəmə hökmü ilə Eldəniz Quliyevi radikallıqda ittiham edib küçə süpürtdürür. Bu o demək deyil ki, Eldəniz bəy həqiqətən radikaldır. Milli Şurada əksəriyyəti doktor, professor, xalq yazıçısı, şair, alim olan bu tanınmiş adamlardan kim silaha sarılıb terrorla məşğul olmaq fikrindədir, kim qurşağına qranat bağlayıb haranısa partlatmaq fikrindədir? Seçki ərəfəsində cib müxalifətinin cibindən boylanıb cılxa müxalifətçilik iddiasında olanlar, təəssüf ki, mandat bazarında istənilən böhtanı səsləndirməyi özlərinə rəva görürlər.
– Seçkilərin başlanmasına artıq iki həftədən də az vaxt qalıb. Milli Şuranın sədri Cəmil Həsənli parlament seçkilərinə qatılacaqmı? Qatılacaqsa, hansı dairədə mübarizə aparacaq?
– Bu sual çoxdandır medianı maraqlandırır. Hələ prezident seçkiləri başa çatdıqdan az sonra hökumətin nəzarətində olan mətbuat orqanları dəfələrlə bu sualla mənə müraciət ediblər. Həmişə demişəm ki, vaxtı gələndə açıqlayacağam. Indi həmin vaxt yetişib. Biz hələ Milli Şura olaraq parlament seçkilərində iştirak edib-etməyəcəyimiz barədə yekun qərara gəlməmişik. Amma bu qərarın necə olmasından asılı olmayaraq mən seçkilərə qatılmamağa qərarlıyam. Həm də istəyirəm ki, mənim bu qərarım Milli Şuranın ümumi qərarına təsir etməsin. Uyğun şərait olarsa, Milli Şura, əlbəttə, seçkilərə qatıla bilər.
– Cəmil müəllim, belə qənaətə gəlməyiniz nə ilə bağlıdır?
– Bunun bir neçə səbəbi var. Birincisi, mən iki çağırış, yəni 10 il Milli Məclisin üzvü olmuşam. Ali qanunverici orqanda 10 il təmsil olunmaq kifayət qədər böyük müddətdir. Ikincisi, daha mühüm olanı isə ötən prezident seçkilərində iştirakımla bağlıdır. Bilirsiniz ki, mən Milli Şuranın vahid namizədi kimi 2013-cü ildə prezident seçkilərinə qatılmışdım və həmin seçkilər zamanı səsvermə məntəqələrinə gələn əhalinin böyük əksəriyyəti Milli Şuraya öz dəstəyini ifadə etdi. Bu etimada görə xalqıma və millətimə, vətənpərvər gənclərə və sadə seçicilərə minnətdaram. Bunu hamı, o cümlədən seçkini saxtalaşdıranlar da, onu müşahidə edənlər də çox yaxşı bilirlər. Ona görə də, iki il əvvəl böyük mübarizədə əldə etdiyimiz böyük qələbəni siyasi baxımdan rəsmiləşdirə bilməsək də, mənəvi baxımdan baş verənlər insanların yaddaşına mühüm bir hadisə kimi həkk olundu. Biz bütün Azərbaycan miqyasında mübarizə apardıq və Milli Şura olaraq xalqın səsini aldıq, inamını qazandıq. Indi bir seçki dairəsi ilə hüdudlanmış kiçik bir məkanda bu inama şübhə toxumu səpmək fikrindən uzağıq. Üçüncü məsələ isə onunla bağlıdır ki, Ziyalı Forumu yaranandan, Milli Şura təsis ediləndən hakimiyyətə xidmət edən güruh millətimizin haqqına və hüququna hədəflənmiş mübarizəmizi mandat davası kimi qələmə vermək istəyirdi. Indi yayın bu istisində zaman-zaman səsləndirdikləri böhtanlara görə onlar gərək bir az xəcalət təri töksünlər.
– Sizin bu qərarınız Milli Şuranın qərarına təsir göstərməyəcəkmi? Bütün hallarda Siz bu qurumun rəhbərisiniz.
– Milli Şuraya və onun rəhbər heyətinə daxil olan şəxslər kifayət qədər yetkin adamlardır. Ümid edirəm onlar mənim bu qərarımı anlayışla qarşılayacaqlar. Amma seçkiqabağı mühit normallaşarsa, bu istiqamətdə addımlar atılarsa, Milli Şura seçkilərdə iştirak edə bilər və mən də böyük məmnuniyyətlə qurumun seçki kampaniyasına rəhbərlik edə bilərəm. Bizim müzakirələrimizdə həmişə qeyd olunub ki, seçki islahatlarına həvəs göstərilərsə, siyasi məhbuslar azad edilərsə, ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosu seçki müşahidəsinə qərar verərsə, bu, Milli Şuranın müsbət qərarı üçün stimul olardı. Bilirsiniz, əgər ABŞ, Britaniya, Fransa, Almaniya və digər ölkələrin səfirliklərinin, Avropa Birliyi nümayəndəsinin gözü qarşısında jurnalistləri, siyasiləri, vətəndaş cəmiyyətinin azadlıqda çox az qalan təmsilçilərini Leyla və Arif Yunusların, Xədicə Ismayılın açıq elan olunan məhkəmələrinə buraxmırlarsa, kim təminat verə bilər ki, bu qurumların müşahidəçilərini seçki məntəqələrinə buraxacaqlar. Yaxud 2015-ci ilin parlament seçkilərini bir neçə il əvvəl mandat alverində ifşa olunmuş rəsmilər və bu alveri rəsmiləşdirmiş seçki komissiyaları həyata keçirir. Cəmiyyət bu adamlara və qurumlara etimadını itirib. Bu gün beynəlxalq insan haqları təşkilatlarının siyasi məhbus, vicdan məhbusu kimi tanıdıqları şəxslərin böyük əksəriyyəti deputatlığa potensial namizədlərdir. Ilqar Məmmədovla bağlı baş verənlər göz qabağındadır. Gələn il 70 yaşı tamam olacaq doktor, professor, akademik, keçmiş səhiyyə naziri Əli Insanovu bu yaşda karserə salmağın cinayət və cəza məsələsinə heç bir aidiyyəti yoxdur. Bunun yalnız bir adı var: ƏXLAQSIZLIQ! Yuxarıda qeyd etdiyim bu üç məsələdə bir dəyişiklik olmasa, seçkidə iştirakın bir anlamı qalmır.
Emil
Ardı var