«Azadlıq»ın yazdıqları rəsmən təsdiqləndi
ABŞ, Gürcüstan və bir sıra Avropa Birliyi ölkələri Soçi Olimpiya oyunlarının keçirildiyi obyektlərə qarşı terror hücumlarının qarşısını almaqda Rusiya xüsusi xidmət orqanlarına kömək edib.
“Interfax”ın yaydığı xəbərə görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib. “2014-ci ildə Soçi Yay Olimpiya Oyunlarının hazırlanması və keçirilməsi zamanı Fransa, Almaniya, Avstriya, ABŞ və Gürcüstan, eləcə də bir sıra dünya ölkələri ilə birgə olimpiya obyektlərində törədilməsi planlaşdırılan terror hücumlarının qarşısını almağa nail olduq”, – deyə FTX direktoru bildirib.
Beynəlxalq qarşılıqlı fəaliyyət mexanizmləri barədə danışan A.Bortnikov qeyd edib ki, bir sıra ölkələrin, o cümlədən Rusiyanın xüsusi xidmət nümayəndələri Azərbaycanda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində iştirak edib: “Bu yaxınlarda Bakıda keçirilən ilk Avropa oyunlarının təhlükəsizliyinin təmin edilməsində bir sıra ölkələrin xüsusi xidmət orqanlarının, o cümlədən Rusiyanın xüsusi xidmət strukturlarının nümayəndələri iştirak ediblər”.
“Azadlıq” qəzeti hələ Avropa Oyunları başlamışdan əvvəl məlumat yaymışdı ki, Rusiyadan Azərbaycana gələn könüllülər əslində bu ölkənin təhlükəsizlik xidmətinin əməkdaşları göndərib. Məlumatda bildirilirdi ki, onlar artıq bir müddətdir Bakıdadır. Rusiyalı “könüllülər”in vəzifəsi Avropa Oyunlarının açılış mərasiminə gələcək bu ölkənin prezidenti Vladimir Putini qorumaqdır. Putinin təhlükəsizlik tədbirlərini gücləndirməsi isə son dövrlər onun dünyanın hədəfinə gəlməsilə bağlıdır.
Başqa məlumatlarda isə bildirilirdi ki, rusiyalı “könüllülər”in Azərbaycana gəlişi Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya səfərindən sonra baş tutub. Iddia olunur ki, bu “könüllülər” Soçi Olimpiadasının mühafizəsini həyata keçirən briqadadır. Onlar Azərbaycan hakimiyyətinin xahişi ilə Bakıya göndərilib. Rusiyalı “könüllülər” nəinki Putinin, ümumiyyətlə Avropa Oyunlarının mühafizəsini təşkil edəcək.