Hacı Tale Bağırzadə azadlığa çıxan kimi “Mübarizəyə davam!“ mesajı verdi; “Bizi həbslə qorxutmaq olmaz…“
Əli Kərimli: "Şadam ki, Hacı Tale həbsxanaya hansı baxış və prinsiplərlə getmişdisə, həmin ovqatla da çıxıb"
“Müsəlman Birliyi” hərəkatının sədri, ilahiyyatçı Tale Bağırzadə iyulun 30-u gecə azadlığa buraxılıb. Tale Bağırzadə Qobustan qapalı tipli həbsxanasında cəza çəkirdi və cəza müddətinin bitməsi ilə iyulun 31-i səhər saatlarında azadlığa çıxmalı idi.
“Mübarizəmiz böyük zindanda da tam qətiyyəti ilə davam edir”
Tale Bağırzadə azadlığının ilk anında mətbuat qarşısına çıxıb, məhbəs həyatında qarşılaşdığı işgəncələrdən, gələcək planlarından danışıb. Jurnalistlərin suallarını cavablandıran keçmiş məhbus həbsini və gördüyü ağır işgəncələrin səbəbini oxuduğu tənqidi xütbələrlə izah edib və bu cür yollarla əqidə adamını öz yolundan döndərməyin mümkün olmadığını bildirib. “Bizi ayaq üstə saxlayan, bu mübarizədə güc verən Allah-Təaladır. Ilk növbədə şükrümüz, təşəkkürümüz Allahadır. Həbsxana kiçik zindan idi, indi biz böyük zindana daxil olmuşuq. Azərbaycandakı mövcud durum bunu söyləməyə əsas verir ki, fərqi yoxdur, Qobustan olsun, ya da digərləri, onlar kiçik zindandır. Ümumi kütlə isə böyük zindandadır. Qobustandan çıxdım, böyük həbsxanaya daxil oldum. Başqa bir hiss keçirmədim. Bu, Azərbaycanın real mənzərəsidir”, – deyə Tale Bağırzadə bildirib.
Taleh Bağırzadə əlavə edib ki, həbsdən çıxandan sonra da mübarizəni davam etdirəcək: “Mübarizəmiz davam edir. Necə ki, həbsxanada davam edirdi, böyük zindanda da tam qətiyyəti ilə davam edir. Allahdan arzum budur ki, həbs olunanlar, hüquq müdafiəçiləri, xüsusilə qadınlardan Leyla Yunus demokratik baxışlı bir qadındır, xüsusilə islamçılar üçün o çox əziyyətlər çəkib, onun tez zamanda azad olunmasını istəyirəm. Digər hicab məhbusları, Hacı Abgül, Hacı Mövsüm Səmədov, Hacı Nicat, Ilqar Məmmədov, Intiqam Əliyev, digər adlarını çəkmədiyim məhbusların buraxılmasını istəyirəm. Onlar Azərbaycanda həddən artıq çoxdurlar. Ümumən Azərbaycan cəmiyyəti qapalı həbsxanadır. Onun daxilindəki kiçik həbsxanalarda dostlarımız əziyyət çəkirlər. Allahdan arzu edirəm ki, tez zamanda hamısı ilə birlikdə böyük zindanda çiyin-çiyinə mübarizə aparaq”.
Taleh Bağırzadə deyib ki, həbsə düşsə də fikirlərini dəyişməyib: “Həbs bizim üçün Allahın bir nemətidir. Həbsdə olan baxışımız daha da möhkəmlənib. Əgər zülm həbsə düşməmişdən məsələn, 30 faiz idisə, indi 60 -70 faizdir”
Taleh Bağırzadə işgəncələrdən də danışıb: “Məlum olduğu kimi bizi 2013-cü ilin martında həbs etdilər. Elə həmin gün bizi işgəncələrə məruz qoyublar. Hakimiyyət öz nəzərində oxuduğumuz xütbələrin hayıfını çıxmaq istəyirdi. Amma başa düşməlidirlər ki, hər nə qədər təzyiq olursa bu Allah yanında şükr ediləsi bir məqamdır. Ombudsman və digər hüquq müdafiəçilərinin keçirdiyi monitoriqlər həqiqətə uyğun deyil. Onların hesabatlarında qeyd olunur ki, həbs edilənlərə qarşı heç bir işgəncə olmayıb. Şəxsən mənə qarşı Qobustanda həm mənəvi, həm fiziki işgəncələr olub. Saatlarla əl-qolumuz bağlı döyülərək yerdə qalmışıq. Təfərrüatları danışmaq istəmirik. Amma bunlar baş verib və bu reallıqdır. Bizlərdən əlavə də bu gün istər siyasi, istərsə də qeyri- siyasi məhbuslar döyülürlər, karslara salınırlar.
Işgəncələrə başlarkən mənə deyirdilər ki, biraz yumşalma lazımdır. Bəzən sual edirdilər ki, nə məntiqlə belə sərt mübarizə aparırıq. Mən isə onlara belə cavab verirdim ki, siz deyə bilərsizmi, bu gün ilahiyyatçını narkotiklə şərləmək hansı məntiqdir? Bizim gecə saat 12-də həbsdən azad olunmağımız da onun göstəricisidir ki, artıq hakimiyyət başa düşüb ki, bizi və eyni əqdidədə olan insanlarımızı həbslə, işgəncə ilə qorxutmaq olmaz. Deyərdim ki, həbs dalğası başlayandan sonra yeni bir mübarizə səhifəsi açıldı. Gənclər artıq heç bir həbsdən qorxmadan öz azad fikirlərini cəmiyyətdə yayırlar".
Tale Bağırzadə 2013-cü il martın 31-də həbs edilmişdi. Ilahiyyatçı qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunurdu və iki il azadlıqdan məhrum edilmişdi. Daha sonra həbsdə olduğu müddətdə Cinayət Məcəlləsinin 317-1(cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi) maddəsi ilə də ittiham olunub. Onun kamerasından mobil telefon tapılıb. Onun cəza müddətinə 4 ay da əlavə edilib. Hacı Tale Bağırzadə iki il yarımlıq məhbus həyatından sonra azad edilib.
“Digər siyasi məhbus olan dostlarımız da azadlığa çıxacaq”
AXCP sədri Əli Kərimli “Facebook” səhifəsində Tale Bağırzadəni azadlığa çıxması münasibətilə təbrik edib: “Tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü, şərlə mübarizənin öncüllərindən biri olan Hacı Tale Bağırzadəni nisbi azadlıqda – özünün dediyi kimi, böyük zindanda salamlayıram. Kiçik zindanı tərk etdiyinə görə Hacının özünü, yaxınlarını və bütövlükdə demokratik ictimaiyyəti təbrik edirəm.
Hər kəs bilirdi ki, Hacı Tale ölkədəki haqsızlıqla, hüquqsuzluqla mübarizə apardığı, ədalətsizliklə barışmadığı üçün şərlənərək həbs olunmuşdu. Nə gizlədim, şadam ki, Hacı Tale həbsxanaya hansı baxış və prinsiplərlə getmişdisə, həmin ovqatla da çıxıb. Yaşadığı çətinliklər, məhrumiyyətlər onu nəinki dəyişə bilməyib, əksinə daha da möhkəmləndirib.
Əlbəttə, xeyirlə şər əkizdir, hər gecənin bir gündüzü, hər zülmün bir sonu var. Dünən biz Ilqar Məmmədova, Asif Yusifliyə, Emin Milliyə, Qənimət Zahidə edilən zülmlərin acısını paylaşırdıq, bu gün Hacının nisbi azadlığa çıxmasının, vicdan məhbuslarımızın sayının bir nəfər azalmasının sevincini paylaşırıq.
Heç şübhəsiz ki, tariximizin bu ağır günləri keçəcək, digər siyasi məhbus olan dostlarımız da azadlığa çıxacaq. Və bir gün Azərbaycan da azadlığa çıxacaq. Mütləq!"
“Mütərəqqi haldır ki, həbsxanadan evinə gələnə qədər Hacının cibinə yeni narkotik atmayıblar”
Milli Şura sədri Cəmil Həsənli də “Facebook” səhifəsində Tale Bağırzadəni azadlığa çıxması münasibətilə təbrik edib: “Dəyərli dostlar! Dünən axşam tanınmış ilahiyyatçı alim, Milli Şuranın üzvü Tale Bağırzadə azadlığa buraxılıb. Onu qanunsuz olaraq narkotik maddə saxlamaqda ittihamı ilə şərləyib iki il müddətinə azadlıqdan məhrum etmişdilər. Dünən bu müddət tamam oldu və o axşam saatlarında həbs yerindən azad edildi. Çox mütərəqqi haldır ki, həbsxanadan evinə gələnə qədər Hacının cibinə yeni narkotika porsiyası atmayıblar. Tale Bağırzadə ölkənin ən nüfuzlu, mükəmməl təhsil almış din adamıdır, kamil iman sahibidir. Əslində, o, cəzaçəkmə yerində də özünü azad hiss edirdi və məhkumluğu dövründə göstərilən bütün təzyiqlərə rəğmən öz dini ideallarından və dünyəvi prinsiplərindən uzaqlaşmadı. Əgər xatırlayırsınızsa onun əleyhinə işgəncə yolu ilə ifadə verməyə məcbur edilən dindar Kamran Seyidov Tale Bağırzadənin məhkəməsindən bir gün öncə özünü intihar etmişdi. O, intihardan əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində bu işə məcbur edildiyi barədə məktub yazıb qoymuşdu. Azadlığa çıxması münasibəti ilə Tale Bağırzadəyə və onun yaxınlarına gözaydınlığı veririk”.
Emil Səlimov