Nazirliyin yüksək rütbəli zabitləri korrupsiyada ittiham olunur
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının yüksək rütbəli 3 hərbi qulluqçusunu həbs edib.
Saxlanılan şəxslər barədə Səbayel Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həbs edilən şəxslər korrupsiyada ittiham olunur.
Yada salaq ki, Baş İnspeksiya İdarəsinin rəisi Qaradağ rayonunun sabiq hərbi komissarı, Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. O, bu vəzifəyə indiki müdafiə naziri Zakir Həsənovun dövründə təyin olunub. Lakin gözləntilərin əksinə olaraq ordu sistemindəki neqativ halların qarşısı nəinki alınmayıb, hətta daha geniş miqyas alıb (virtualaz.org).
Müdafi Nazirliyi faktı təsdiqləyib. Nazirliyin açıqlamasında deyilir:
“Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının əməkdaşları haqqında kütləvi informasiya vasitələrində yayılan xəbərlərlə bağlı bildiririk ki, inspeksiyanın əməkdaşları hərbi xidmət vəzifələrinin icrası zamanı yol verdikləri ciddi qanun pozuntularına görə Müdafiə Nazirliyi rəhbərliyinin göstərişi əsasında müvafiq araşdırma aparılıb və toplanmış materiallar qanuna müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib” – deyə nazirlikdən bildirilib.