Seymur Həzi məhkəmə heyətinə etraz etdi; "Sizdən ədalətli qərar gözləmirəm"
İyulun 28-də Sumqayıt Apelyasiya Məhkəməsində "Azadlıq" qəzetinin şöbə müdiri, "Azərbaycan saatı" teleproqramının aparıcısı, AXCP sədrinin müavini, vicdan məhbusu Seymur Həzinin Abşeron Rayon Məhkəməsinin 29 yanvar, 2015-ci il tarixli qərarından verdiyi şikayətə baxılıb.
Məhkəmədə ilk olaraq Seymur Həzi çıxış edib və Sumqayıt Apelyasiya Məhkəməsinin ilkin iclasda verdiyi qərara münasibət bildirib. İlkin iclasda qərar qəbul edən məhkəmə kollegiyası heç bir baxış olmadan, istintaq aparılmadan məni cinayətkar elan edir. Kollegiyanın qərarında deyilir:
“Məhkum Seymur Həziyə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi ilə əlaqədər Azərbaycan Respublikasa Cinayət-Prosessual Məcəlləsinin 155.1.4 və 155.1.5-ci maddələrinin tələblərinə uyğun olaraq, onun cəza çəkməkdən boyun qaçırmasının, habelə məhkəmə hökmünün icra olunmasına maneə törətməsinin qarşısını almaqdan ötrü, barəsində seçilmiş həb qətimkan tədbirinin qüvvədə saxlanılması üçün əsaslar mövcuddur”.
Halbuki, bu əsasları biz görmürük. Bunula yanaşı, kollegiya qeyd edir:
“Həbslə əlaqədar olmayan digər posessual məhdudiyyətlərlə məhkum etmək, Seymur Həziyevin cəza çəkməkdən boyun qaçırmasına və məhkəmə hökmünün icra edilməsinə maneə törətməsinin qarşısının alınması kimi tam təmin edilə bilməz”.
Belə çıxır ki, Apelyasiya Məhkəməsi məni görmədən cinayətkar kimi tanıyıb. Halbuki biz bundan əvvəlki məhkəmənin qərarından sizə etiraz etmişik. Siz isə heç bir məhkəmə olmadan həmin qərarı həqiqi qərar kimi tanımısınız. Ona görə də hesab edirəm ki,siz bundan sonrakı məhkəmə prosesində də mənimlə bağlı ədalətli mühakimə apara bilməzsiniz. Çünki bu qərarda siz iradə ortaya qoymusunuz, bu qərarla məni cinayətkar kimi tanımısınız. Ona görə də bu tərkibə etiraz edirəm və xahiş edirəm etirazı qəbul edəsiniz.
Dövlət ittihamçısı isə vəsatətin təmin edilməməsini istədi.
Yerində müşavirə edən məkəmə, Seymur Həzinin qaldırdığı vəsatətin baxılmamış saxlanıldığını bildirdi. Növbəti vəsatəti isə vəkil Adil İsmayılov qaldırdı. Adil İsmayılov işin obyektiv aparılması üçün iş üzrə mühakimə olunan digər şəxsin də məhkəməyə gətirilməsinin zəruri olduğunu bildirdi.
Dövlət ittihamçısı isə məkəmə istintaqı aparılmayacağı təqdirdə, vəsatətin təmin edilməsinin zəruri olmadığını bildirdi.
Məhkəmə vəsatəti təmin etmədi.
Daha sonra çıxış edən vəkil Adil İsmayılov işin tam qondarma olduğunu, ilkin istintaqın və məhkəmə istintaqı zamanı ciddi səhvlərə yol verdiyini bildirdi:
“Bu işlə tanış olan az-çox hüquqi savadı olan istənilən şəxsə məlum olar ki, burada xuliqanlıqdan söhbət gedə bilməz. Yəni bu işdə xuliqanlıq yoxdur. Əgər xuliqanlıq varsa, bu, hər iki şəxsin əməlində ola bilməz. Çünki bunların birinin əməlinin xuliqanlıq kimi qiymətləndirilməsi, avtomatik olaraq digərinin əməlinin xuliqanlıq kimi qiymətləndirilməsini aradan qaldırır.
Hadisənin nə ilə başlaması və necə qurtarması haqda yəqin ki, məlumatınız var. Seymur Həzi jurnalistdir. Daimi iş yeri, daimi yaşayış yeri var və ictimai fəaliyyətlə məşqul olan adamdır.
Birinci instansiya məhkəməsində baş verən pozuntuları diqqətinizə çatdırmaq istərdim. Qanunda bir başa maddi sübutlarla bağlı maddə var. Maddədə göstərilir ki, məhkəmə prosesində maddi sübutlar tədqiq olunmalıdır. Məhkəmədə məsələ qaldırıldı, vəsatət qaldırıldı, buna baxmayaraq heç bir əsas gətirilmədən vəsatətimiz qəbul edilmədi və biz maddi sübutları görə bilmədik. Məhkəmədə verdiyimiz digər vəsatət, hadisə yeri ilə bağlı idi. Şahidlərin verdiyi ifadələrlə hadisə yeri uyğun gəlmir. Bu halla bağlı da məhkəmə münasibət bildirmədi, vəsatətlər təmin olunmadı. Birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş qanun pozuntuları kifayət qədərdir.
Bu hökm faktiki olaraq Ali Məhkəmənin Plenumunun ümumi işlər üzrə məhkəmə təcrübəsi haqqında 23 mart 2004-cü il tarixli qərarında, həmçinin Konustitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilən bütün müdüalara ziddir. Mən hesab edirəm ki, Seymur Həzinin hərəkətlərində xuliqanlıqdan söhbət belə gedə bilməz. Onun hərəkətlərində ictimaiyyətə qarşı heç bir hörmətsilik olmayıb və faktiki olaraq Həziyev ona qarşı olan qanunsuz müdaxilədən özünü müdafiə edib. Bunun xuliqanlıq kimi qiymətləndirliməsi absurddur. Xahişim ondan ibarətdir ki, Seymur Həzi barədə bəraət hökmu çıxarılsın.
Müdafiəçisi kimi mənə də belə hesab edirəm ki, Seymur Həzi xuliqanlığa görə yox, müxbir və eyni zamanda siyasi fəaliyyətinə görə həbs olunub. Bu hadisə, ona qarşı təxribatdır. Ən azından zərərçəkmiş şəxsin həmin gün hadisə yerində olması və Seymura yaxınlaşması öncədən planlaşdırılmış bir işdir. Məhkəmədən Məhərrəm Həsənovun hadisədən öncə və sonrakı telefon danışıqlarının çıxarılmasını istəmişdik, amma bu istəyimiz də təmin edilmədi. Sonda bir daha bildirmək istəyirəm ki, ikinci təqsirləndirilən şəxsin məhkəməyə gətirilməsi vacibdir”.
Daha sonra çıxış edən Seymur Həzi hadisəni təsvir etdi və ona qarşı baş verənlərin arxasında siyasi hakimiyyətin durduğunu bildirdi:
“Hadisə yerindən çəkilmiş şəkilləri birlikdə analiz etsək, görərik ki, Məhərrəm Həsənov ümumiyyətlə hadisə yerini tanımayıb. Bu adam hadisədən əvvəl ora gətirilib və polis onun dayandığı yerdən 25-30 metr aralıda dayanıb. Hadisə baş verəndən sonra isə məni həbs ediblər. Həmin gün Məhərrəm Həsənovu hadisə yerinə gətirən və məni həbs edən polislərlə bölük komandiri Nofəl Məmmədovun telefon danışıqlarını analiz etsəz, məlum olar ki, polislər məni əvvəlcədn həmin ərazidə gözləyiblər və mən həbs olunandan sonra da məruzə ediblər ki təyin olunan hadisə baş verdi. Bu hadisə sözlə sübut olunmasa da, mənim qulaq şahidliyimlə baş verib. Düzgün araşdırma aparılarsa, həqiqəti ortaya çıxarmaq olar.
Amma bütün bunlar, mənim üçün çox xırda məsələdir. Mən onsuz da həbs olunmalı idim. Ya Məhərrəm Həsənov gəlib bu hadisəni törətməli idi, ya hansısa əxlaqsız gəlib üzümə dayanmalı idi. Hansısa formada həbs olunmalı idim. Bunu gözləyirdim. Türkiyədən Azərbaycana qayıdandan sonra 1 il beş ay ərzində bu həbsi gözləmişəm. Çünki “Azərbaycan saatı” proqramının redaktoru idim, Azərbaycan hakimiyyətini tənqid edirdim. Bu gün də Qənimət Zahidə qarşı baş verənlər onu göstərir ki, rejimin işi mənimlə bağlı deyil. Hakimiyyət “Azərbaycan saatı” proqramı ilə mübarizə aparır.
Əsas məsələ odur ki, İlham Əliyev tənqidi fikrə dözə bilmir, onu tənqid edən insanlarla amansız mübarizə aparır. Dünən məni, sonra Natiq Ədilovun qardaşını həbs etdilər, bu gün də Qənimət Zahidin 87 yaşlı anasına hücum çəkirlər. Bütün bunlar əxlaqın, mənəviyyatın sərhədlərini aşan mübarizə üsullardır.
Açığı, bu məhkəmədən də heç bir ədalət gözləmirəm. Sonda bu haqda öz sözümü deyəcəm. Sadəcə olaraq hər kəs bu məsələdə öz vicdanının səsi ilə, vicdanının imkanları ilə araşdırma aparmalı, qərar qəbul etməlidir. Biz işin gedişində görəcəyik ki, siz birlikdə buna nə qədər əməl edirsiz”.
Seymur Həzinin çıxışından sonra hakim prokurordan çıxışa hazır olub olmadığını soruşdu. Lakin hakimin bu təklifi, Adil İsmayılovun etirazına səbəb oldu. Vəkil, fikrini bildirmək üçün ona şərait yaradılmasını isətdi. Hakimlər isə buna etiraz etmədilər:
“Biz baş verən qanun pozuntularını ona görə burada danışırıq ki, məhkəmə bunları araşdırsın. Mən hesab edirəm ki, işin faktiki halları Apeliyasiya Məhkəməsində araşdırılmalıdır. Əgər lazımdırsa, lazım olanları vəsatət formasında bir də təqdim edək. Hökümdə yazılıb ki, guya maddi sübutlar cinayət işinə əlavə olunub. Amma cinayət işində heç bir maddi sübut yoxdur. Əgər mənim dediklərim olmayacaqsa, o zaman biz burda vaxt itirməklə məşquluq. Bir daha bildirirəm ki, bu məsələlər araşdırılmalıdır”.
Adil İsmayılovun bu etirazından sonra hakim qeyd olunanlarla bağlı müdafiə tərəfindən yazılı vəsatət təqdim etmələrini istədi və bunun üçün 10 dəqiqəlik fasilə elan etdi.
Fasilədən sonra Seymur Həzi vəsatətdə göstərilənləri səsləndirdi və məhkəməyə təqdim etid. Cinayət işi üzrə istintaqın keçirilməsini, yəni qismən istintaq yolu ilə aşağıdakı məsələlərin araşdırılmasını xahiş edirk:
–İş üzrə məhkum olunmuş Həsənov Məhərrəmin məhkəyə dəvət edilməsi, işin faktiki ahlları barədə dindirilməsi və ifadəsindəki ziddiyyətlərin araşdırılması;
–Maddi sübutlarla hadisə yerinə baxış keçirilməsini və bununla bağlı ziddiyyətlərin araşdırılmasını;
–Məhərrəm Həsənova məxsus mobil telefona edilmiş girş və çıxış zənglərinin siyahısının işə daxil edilməsini;
–Hadisə baş verən gün və bir gün əvvəl ona gələn zənglərin araşdırılmasını;
–Məhərrəm Həsənovun “facebook” istifadəçisi olub-olmadığını araşdırmaq üçün xüsusi biliyə malik mütəxəssisin dəvət olunmasını sizdən xahiş edirik.
Hesab edirk ki, bütün bunların obyektiv araşdırılması həqiqətin müəyyən olunmasına xidmət edər. Prokurorun ilkin məhkəmə instansiyası zamanı kifayət qədər araşdırma aparıldığını bildirdi və təqdim edilən vəsatətin təmin olunmamasını istədi.
Daha sonra məhkəmə vəsatətin Məhərrəm Həsənovun məhkəməyə gətirilməsi ilə bağlı hissəsini təmin etdiyini, qalan hallarla bağlı məhkəmənin gedişindən asılı olaraq qərar verəcəkləri ilə bağlı qərar qəbul etdi.
Növbəti məhkəmə prosesi 22 sentyabra təyin edildi.
***
Prosesdə AXCP sədri Əli Kərimli də iştirak edib və prosesdən sonra məhkəmənin gedişi, Seymur Həzinin həbsinin səbəbləri barədə facebook səhifəsində fikirlərini paylaşıb. AXCP sədri yazıb:
Bu gün (28 iyul – red.) Seymur Həzinin məhkəməsində iştirak etdim. Seymur bəy bu məhkəmədə də rejimin ona qarşı təxribat hazırladığını, həbsinin siyasi sifariş olduğunu, həbs olunacağını əvvəlcədən bildiyini dedi.
Seymur bəyin həbsi ilk növbədə “Azərbaycan saatı” proqramındakı fəaliyyəti ilə bağlı idi. Rejim “Azərbaycan saatı” proqramından, onun əhatə dairəsinin genişlənməsindən qorxur. Bunlar qorxduqlarına nifrət edirlər. Proqramın qurucularına qarşı repressiyalar da bu qorxu ilə bağlıdır.
Bugünlərdə ölkə ictimaiyyəti bu proqramın müəllifi Qənimət Zahidin 3 nəfər yaxın qohumunun şərlənərək həbs olunmasına şahidlik etdi. Proqramın digər aparıcısı Natiq Ədilovun qardaşı Murad bəy də təqribən bir ildir ki, qondarma ittihamla həbs edilib. Yəni “Azərbaycan saatı”nı qurub ərsəyə gətirmiş hər üç şəxs repressiya maşınının hədəfindədir. Amma onların üçü də, onlarla birlikdə ailələri də bu məhrumiyyətlərə mərdliklə dözürlər, mübarizədən vaz keçmirlər. “Azərbaycan saatı” isə davam edir.
Rejim bugünlərdə “Meydan” TV-nin yaradıcısı Emin Millinin də qaynını şərlədərək həbs etdirdi. Məqsəd eynidir. “Meydan” TV-ni, Emin Millini susdurmaq. Deyilən həqiqətlərə görə qisas almaq. Bəli, budur Azərbaycan reallığı.
Xalqımız bilməlidir ki, milli mətbuatımızın 140 illiyinin saxta təntənə, saysız-hesabsız mükafatlarla qeyd edildiyi günlərdə həqiqi azad sözü söyləmək, qoruyub saxlmaq hansı məhrumiyyətlər bahasına başa gəlir.