Rəsmi Bakının “müharibə“ elan etdiyi Qərbə əslində “əl açdığı“ üzə çıxır; Kerrinin nümayəndəsi şərtləri bəyan etdi
Riçard Hoqland: «Ölkələrimiz arasında münasibətlər və investisiya üçün şərait yaxşılaşdıqca kapital qoyuluşu da artacaq»
Iyulun 23-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavininin baş köməkçisi Riçard Hoqlandla görüşüb. Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə nəqliyyat və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Riçard Hoqland ölkəsinin “Ipək Yolu”nun inkişaf etdirilməsi üzrə olan təşəbbüsləri dəstəklədiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə vacib rolu olduğunu vurğulayıb. O, bu təşəbbüslərin həyata keçirilməsinin Avrasiya regionu boyunca sabitlik, çiçəklənmə və əməkdaşlığın inkişafına xidmət edəcəyini bildirib.
Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafı strategiyasının vacib elementi olaraq, Azərbaycan tərəfindən nəqliyyat infrastrukturunun imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini diqqətə çatdırıb. Bu xüsusda, Elmar Məmmədyarov Bakı-Tbilisi-Qars və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının kəsb etdiyi əhəmiyyəti qeyd edərək, Azərbaycanın tarixi “Ipək Yolu”nun dəmir-yolu, quru, dəniz, hava və hətta informasiya və kommunikasiya seqmentlərinin inkişafına əsaslı töhfə verdiyini vurğulayıb.
Azərbaycana Amerika investisiyalarının azalmasının səbəblərini şərh edən Hoqland deyib. “Amerikanın Azərbaycana investisiyalarının azalması statistikasında siyasi kontekst yoxdur. Amerika şirkətləri xüsusi mülkiyyətdədir. Hökumət onlara nəzarət etmir, bizim dövlət şirkətlərimiz yoxdur, buna görə şirkətlər iqtisadi cəhətdən səmərəli olduğu halda ona investisiya qoyur. Indiyədək biz Azərbaycana böyük investisiyalar etmişik. Ölkələrimiz arasında münasibətlər və investisiya üçün şərait yaxşılaşdıqca kapital qoyuluşu da artacaq”, deyə Hoqland bildirib.
Həmçinin, görüşdə Azərbaycan-ABŞ əlaqələrinə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
“Gərgin münasibətlərin fonunda baş verən səfərlər”
Onu da qeyd edək ki, Hoqlandın geniş diplomatik təcrübəsi var. O, 2011-2013-cü illər müddətində ABŞ-ın Pakistanda səfiri olub. Pakistandan əvvəl isə o, Tacikistan və Qazaxıstanda eyni postu tutub.
Hoqlandın səfərinin təsadüf etdiyi müddət kifayət qədər maraq doğurur. ABŞ-la münasibətlərin gərgin olduğu indiki zamanda Vaşinqton təmsilçilərinin Azərbaycana gəlişini hakimiyyət başqa cür qələmə verməyə çalışır. Iqtidar onun təbliğatını aparır ki, səfərlərin intensivləşməsi Azərbaycana verilən önəmin təzahürüdür.
“ABŞ münasibətlərin normallaşdığını təkzib edir”
ABŞ-la münasibətlərin normallaşmağa doğru getdiyi əks arqumentlərin olmasına rəğmən tirajlanır. Həm ABŞ-ın Azərbaycandakı səfiri Sekuta, həm də keçmiş səfir Kozlariç ABŞ-ın Azərbaycandan demokratiya ilə bağlı tələblərinin gündəmdə qaldığını bildiriblər.
Bu yaxınlarda ABŞ Senatında Azərbaycandakı repressiyaların müzakirəyə çıxarılması da hakimiyyətlə Qərbin anlaşdığı barədə iddiaları alt-üst edib. Bundan başqa, Sekuta dövlət katibinin köməkçisi Viktoriya Nulandın bəyan etdiyi Azərbaycan-Amerika birgə komissiyasının yaradılması məsələsinin hələ aktual olduğunu bildirib. Başqa bir təkzib, qeyd etdiyimiz kimi, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdən gəlib. Kozlariç Qərblə Azərbaycan hakimiyyəti arasında anlaşma olduğu barədə YAP iqtidarının nəzarətində olan media orqanlarında dərc edilmiş materialı “Facebook” səhifəsində paylaşdığı statusla ifşa etmişdi.
“Hakimiyyət ABŞ-dan dəstək istəyir”
Ekspertlərin fikrincə, Hoqlandın Bakıya səfəri ilə bağlı Azərbaycan hakimiyyətinin apardığı təbliğat düşdüyü çıxılmaz durumdan irəli gəlir. Çünki neftin qiymətinin düşməsi, hasilatın azalması üzündən ölkəyə gələn neft pulları ciddi şəkildə azalıb. Hakimiyyətin yarımçıq qalan və hələ reallaşmayan layihələrini gerçəkləşdirmək üçün ciddi maliyyə vəsaitinə, siyasi dəstəyə ehtiyacı var. Bu baxımdan nazir Natiq Əliyevin ABŞ səfiri Sekuta ilə görüşü zamanı enerji layihələrinin reallaşmasında ABŞ-ın dəstəyinə ehtiyac duyulduğunu dilə gətirməsi təsadüfi deyil.
Azərbaycana səfər zamanı eyni zamanda iki ölkə arasındakı əlaqələrə dair fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Danışıqların bu hissəsində Azərbaycanda insan haqları, demokratiya problemlərinə toxunulduğu istisna edilmir. ABŞ dəfələrlə bəyan edib ki, iki ölkə arasındakı münasibətlərin perspektivi demokratik dəyərlərə münasibətdən asılıdır.
Hikmət