75 musiqi ulduzu Kral Opera Teatrına müraciət etdi; “BP repressiv rejimlərə dəstək verməklə sübut etdi ki, azadlığın tərəfində deyil”
Britaniyanın 75 musiqiçi və musiqişünası Kral Opera Teatrına müraciət edərək BP şirkəti ilə əlaqələrini pozmağı xahiş ediblər. Müraciəti imzalayanlar arasında Con Lüter Adams, Oksford universitetinin professoru Corcina Born və dirijor Salli Mirs də var.
“The Guardian” nəşrinin dərc etdiyi müraciətdə deyilir ki, bu neft şirkəti ilə əlaqə Kral Opera Teatrının beynəlxalq nüfuzuna ləkədir.
Aksiyada iştirak edən bəstəkar Kris Qarrard bəyan edib ki, o azadlıqa qarşı olan hər şeyə etiraz edir. BP Azərbaycan və Qərbi Papuada repressiv rejimlərə dəstək verməklə aydın şəkildə sübut etdi ki, azadlığın tərəfində deyil. BP şirkəti mədəniyyət müəssisələrində olmamalıdır.
Müraciət müəllifləri BP-nin keçmişdə ətraf mühitə ciddi ziyan vurduğunu və belə təhlükələrin gələcəkdə təkrarlana biləcəyini də qeyd ediblər. “Özünü böyük mədəni tədbirlərlə bağlayan BP layiq olmadığı sosial legitimlik almaq və bütün dünyada törətdiyi ekoloji, korportiv cinayətlərini ört-basdır etmək istəyir”, – deyə müraciətdə bildirilir.
Etiraza səbəb BP-nin sponsorluğu ilə iyulunun 3-də tamaşaya qoyulan Mozartın “Don Juan” operasıdır. Tamaşa Böyük Britaniyada neft şirkətinin loqotipi əks olunan böyük ekranlarda nümayiş etdirilib.
”Financial Times”ın yazdığına görə, teatrın rəhbərliyi artıq müraciətə reaksiya verib və sponsorun dəyişdirilməsi ilə bağlı müzakirələrə başlayıb.