Oyunlar bitdi, avropalı idmançılar getdi, amma köçkünlər yenə evsiz qaldı
İyunun 29-da səhər saatlarında Mingəçevir şəhərində Kür çayı üzərindəki körpüdə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Buna şəhərdə məskunlaşmış məcburi köçkünlərin ev tələbiylə təşkil etdikləri etiraz aksiyası səbəb olub.
Xatırladaq ki, ilk Avropa Oyunları çərçivəsində kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarının Mingəçevirdə keçirilməsi ilə əlaqədar şəhərə gələn idmançılar, onların məşqçiləri və turistlər məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşdirilmişdilər. Etirazçıların sözlərinə görə, mənzillərin onlara oyunlar başa çatdıqdan sonra paylanılacağı bildirilib. Ancaq indi məlum olub ki, artıq sayca üçüncü olan bu qəsəbə belə bütün köçkünlərin mənzil problemlərinin həll olunması üçün yetərli deyil. Məhz buna görə ev almaqdan məhrum olmuş insanlar diqqəti problemə cəlb etmək üçün belə bir aksiyaya əl atmaq məcburiyyətində qalıblar.
Aksiya şəhər polis şöbəsi əməkdaşlarının müdaxiləsindən sonra dağıdılıb.
Xatırladaq ki, iki ay öncə də şəhərin sağ sahilində yerləşən yarımçıq mehmanxanada məskunlaşmış bir qrup məcburi köçkün etiraz aksiyası təşkil etmişdi. O zaman da məcburi köçkünlər yaşadıqları binanın qəzalı vəziyyətdə olduğundan, dəfələrlə etiraz aksiyası keçirmələrinə rəğmən səlahiyyət sahiblərinin onların problemlərinə biganə yanaşmalarından gileylənmişdilər.
Azər
video idealxeber.com saytına məxsusdur