Samir Şərifov Cahangir Hacıyevi niyə sıradan çıxarmağa çalışır?
Beynəlxalq Bankın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəliyinin rəhbəri Adil Hüseynovun səhhətində ciddi problemlər yaranıb. Bu barədə “Azadlıq”a onun yaxınları bildirib. Adil Hüseynov mayın 13-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə cinayət işi başlanıb. Adil Hüseynov 319 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Adil Hüseynov Kürdəxanı təcridxanasında saxlanılır.
Yaxınları qəzetimizə bildirib ki, Adil Hüseynov təcridxanaya aparıldıqdan səhhətindəki problemlər daha da kritikləşib. O, zatən Bakıya əməliyyat üçün gəlibmiş. Lakin həbs olunduğuna görə, əməliyyat oluna bilməyib. Yaxınlarının sözlərinə görə, Adil Hüseynov təcili əməliyyat olunmalıdır. Qeyd edək ki, Adil Hüseynov DIN-nin keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədovun dəstəsi tərəfindən qətlə yetirilən, “Qara polkovnik” kimi tanınan Fətulla Hüseynovun oğludur. Adil Hüseynovun həbsindən az sonra anası Elonora Hüseynova ölkə başçısı Ilham Əliyevə müraciət edərək oğlunun günahsız olduğunu bildirmişdi. Eleonora Hüseynova həmçinin qeyd etmişdi ki, oğlunun səhhətində ciddi problemlər var və əməliyyat olunmalıdır.
Bu arada redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, Adil Hüseynovun tikintisinə nəzarət etdiyi poladtökmə zavodu sıradan çıxmaq üzrədir. Qeyd edək ki, Adil Hüseynovun vəkili Kamandar Nəsibov mətbuata açıqlamasında bildirmişdi ki, o, Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə əmirliyində tekstil fabrikinin və poladtökmə zavodunun tikintisinə nəzarəti həyata keçirib. Hər iki müəssisəsinin Azərbaycan dövlətinə məxsus olduğu bildirilir. Adil Hüseynovun mənimsədiyi iddia edilən 319 milyon da məhz həmin müəssisələrin inşasına sərf olunub. Tekstil fabriki artıq fəaliyyət göstərsə də, poladeökmə zavodunun inşası başa çatmayıb. Adil Hüseynovun həbsilə həm tekstil fabrikin fəaliyyətində, həm də poladtökmə zavodunun tikintisinin başa çatdırılmasında problem yaranıb. Məlumata görə, tikintinin başa çatdırılması üçün 48 milyon manat vəsait lazımdır. Bundan başqa inşaatı həyata keçirən şirkətə külli miqdarda borc yaranıb. Məlumatlarda həmçinin qeyd olunur ki, zavoddakı avadanlıqlar artıq sıradan çıxır. Əgər tikinti başa çatdırılmasa və zavod işə salınmasa Birləşmiş Ərəb Əmirliklərinin qanunveriliciyinə görə hətta onun həracca çıxarılması təhlükəsi yarana bilər. Burada isə itirən təbii ki, Azərbaycan dövləti olacaq. Çünki zavod çox ucuz məbləğə satıla bilər.
Istiqlal.az saytı isə Beynəlxalq Bank ətrafında baş verənlərlə bağlı ilginc məlumatlar yayıb. Məlumatlarda bildirilir ki, əslində Cahangir Hacıyevin hədəfə gəlməsi maliyyə naziri Samir Şərifovla onun arasında baş verən konfliktin təzahürüdür. Uzun müddətdir ki, Beynəlxalq Banka tam nəzarəti ələ keçirmək istəyən Samir Şərifovun Cahangir Hacıyevlə bağlı ölkə başçısına hansısa faktlar təqdim etdiyi bildirilir. Baş verənlər də əslində bu faktların araşdırılmasıdır. Nəticədə isə Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və qeyri-neft sektoruna aid olan müəssisələrə ciddi zərbə dəyib. Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqal”ı Cahangir Hacıyevin nəzarətində olan “Şəki Ipək”, “Bakfem”,(fındıq emalı zavodu) “BOT” (bu müəssisə ayaqqabı istehsal edir), o cümlədən tütün istehsalı ilə məşğul olan müəssisələrin faktiki olaraq fəaliyyətinin dayandırılmasına səbəb olub. Beləliklə, Samir Şərifov öz iddialarına görə faktiki olaraq qeyri-neft sektorunun əhəmiyyətli hissəsini sıradan çıxarıb. Iddia olunur ki, Samir Şərifovun Cahangir Hacıyevə savaş açmasının kökündə isə baş nazirlik uğrunda mübarizə dayanır. Bildirilir ki, son vaxtlar Beynəlxalq Bankın kreditləri hesabına xeyli müəssisələr yaradan, hakimiyyətdə müəyyən qədər nüfuzu olan Cahangir Hacıyevin baş nazir Artur Rəsizadənin postuna təyin edilməsi bağlı hakimiyyət dəhlizlərində müzakirələr gedirmiş. Baş nazirliyə iddialı olan Samir Şərifov isə bunun qarşısını almaq üçün bankirə savaş açıb. Ilham Əliyevlə sinif yoldaşı olması, eyni zamanda baş nazirliyə iddialı olan hakimiyyətdəki digər iri fiqurlar da və Cahangir Hacıyevin rəqib kimi sıradan çıxarılmasına maraqlı olduqlarına görə Samir Şərifova dəstək verməsi Ilham Əliyevin ona təqdim edilən hesaba inanmasını və faktların araşdırılması barədə göstəriş verməsini şərtləndirib. Lakin Cahangir Hacıyevin də bu savaşda geri çəkilməyəcəyi bildirilir. Bankirin də əlində olan faktlarla ona qarşı tələ qurulduğunu sübuta yetirməyə hazırlaşdığı deyilir.
Akif