Fuad Ələsgərov Eldar Həsənova hücuma keçdi
Iqtidardaxili savaşda «Azadlıq»ın adı niyə hallandırılır?
Əvvəlcə “üsyankar səfir” Arif Məmmədovla birgə hakimiyyət əleyhinə işlər çevirməkdə ittiham olunan Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov barədə yeni iddialar irəli sürülüb. Iddia edilir ki, səfir “Azadlıq” qəzetini maliyyələşdirir. Beləliklə, faktiki olaraq “Azadlıq” qəzeti də böhtana məruz qalıb. Bu gülünc iddianı əsaslandırmaq üçün daha gülünc arqument irəli sürülür: “Azadlıq” qəzeti Eldar Həsənovu müdafiə edir. Halbuki “Azadlıq” qəzeti sadəcə səfirin fikirlərini şərh edib. Daha aydın olsun deyə, məsələni qısaca xatırladaq.
Bir neçə gün əvvəl hakimiyyətin nəzarətində olan media orqanlarında Eldar Həsənovla Arif Məmmədov arasında “əlaqələr” olması barədə yazı dərc edilib. Həmin yazıda iddia edilirdi ki, Arif Məmmədovla Eldar Həsənovun hakimiyyətin əleyhinə hansısa planları var və “üsyankar səfir”in tənqidi çıxışları təsadüfi deyil. Hətta bildirilirdi ki, xüsusi xidmət orqanları Arif Məmmədovla Eldar Həsənovun telefon danışıqlarını ələ keçirib.
Eldar Həsənov bu iddialara cavab verərkən yazının hakimiyyətdəki rəqibləri tərəfindən yazıldığını bəyan edib. Səfir ad çəkməsə də, “Azadlıq” keçmişə ekskurs edərək onun kimləri nəzərdə tutu biləcəyi barədə mülahizələr irəli sürüb və həmçinin səfirin bəzi fikirlərinin arxasında nələrin dayandığını açıqlamağa çalışıb. Vəssalam. Bəs niyə “Azadlıq”ın yazdıqları bu qədər hiddətlə qarşılanıb və faktiki olaraq qəzetə böhtan atılıb?
Əldə etdiyimiz məlumata görə, Eldar Həsənovun adının gündəmə gəlməsində bilavasitə maraqlı şəxs Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdur. “Azadlıq” ötən sayında bunun ehtimal kimi irəli sürmüşdü. Lakin artıq bu yazdığımız konkret informasiyadır.
Fuad Ələsgərovla Eldar Həsənov arasında ədavətin kökü hazırda Ismayıllının polis rəisi vəzifəsində çalışan Nizami Qocayevin həbsinə gedib çıxır. Nizami Qocayevlə Fuad Ələsgərov yaxın qohumdur. Eldar Həsənov Nizami Qocayevi həbs edərkən o, DIN-in Istintaq Idarəsinin rəisi vəzifəsində çalışırdı. Həmin vaxt baş prokuror olan Eldar Həsənov hakimiyyətdə ən nüfuzlu fiqurlardan biri idi. Bu baxımdan Nizami Qocayevin həbsinə mane ola bilməmişdilər. Bu hadisədən sonra tərəflər arasında düşmənçilik münasibəti yaranıb.
“XIN-də qiyam” məsələsi ortaya çıxandan sonra Fuad Ələsgərov rəqibinə zərbə vurmaq üçün fürsət yetişdiyini düşünərək nəzarətində olan media qurumlarına bu barədə direktivlərini verib. Arif Məmmədov da Eldar Həsənovla “bağlılığı” barədə iddialar münasibət bildirərkən bütün bunların Prezident Administrasiyasından qaynaqlandığını bəyan etmişdi.
Lakin Fuad Ələsgərovun hücumuna Eldar Həsənovdan sərt və təhlükəli cavab gəldi. O, Avropa Oyunlarının açılış mərasiminə məhz səfir olduğu ölkələrin prezidenlərinin gəldiyini deyərək bu uğuruna görə hədəfə gəldiyinə eyham etdi. Bu Eldar Həsənovun rəqibləri üçün təhlükəli mesaj idi.
Bu baxımdan Eldar Həsənov hansısa formada “vurulmalı” idi. Bəhanə “Azadlıq”ın hakimiyyət daxilində bu iki qruplaşmanın savaşına diqqət ayırması oldu.
Akif