Avropa Oyunlarından sonra iqtidarın xaricdə «imicmeykerliyi» ilə məşğul olanlar cəzalandırıla bilər
Avropa Oyunları başlayandan beynəlxalq medianın hədəfində olan Azərbaycan hakimiyyətini bunun bir səbəbini də diaspor təşkilatlarının fəaliyyətsizliyi, lobbi qrupları ilə ciddi iş aparılmaması ilə bağlayır. “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hazırda hakimiyyət daxilində bu məsələ ciddi müzakirə mövzusudur.
Məlumatlarda bildirilir ki, iqtidar beynəlxalq medianın hədəfinə gəlməsindən təşvişə düşüb və qəzəbini bu işlərə məsul şəxslərin üzərinə tökmək istəyir. Böyük ehtimalla oyunlar bitəndən sonra iqtidarında xaricdə “imicmeykerliyi” ilə məşğu olan şəxslər cəzalandırılacaq. Iddialara görə, baş verənlərdən xüsusilə diasporla iş üzrə komitəsinin sədri Nazim Ibrahimov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və nəqliyyat naziri Ziya Məmmədov narahatdır. Nazim Ibrahimovla bağlı məsələ bəllidir. O, birbaşa diaspor təşkilatlarına məsuldur. Sual oluna bilər ki, bəs Kəmaləddin Heydərovla Ziya Məmmədovun məsələyə nə dəxli var? Məsələ burasındar ki, hər iki nazirin oğlanları təşkilat rəhbəridir və bu təşkilatların bilavasitə işi xaricdə Azərbaycan hakimiyyətinin müsbət imicini yaratmaqdır. Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov Avropa Azərbaycan Cəmiyyətinə rəhbərlik edir. Bir neçə il əvvəl məhz bu cəmiyyət Böyük Britaniya parlamentarilərinin Azərbaycana səfərini təşkil etmişdi. Bu məsələ Böyük Britaniya mətbuatında ciddi müzakirələrə səbəb olmuşdu. Britaniya mediası həmin parlamentariləri sərt tənqid etmişdi.
Ziya Məmmədovun oğlu Anar Məmmədov isə Azərbaycan-Amerika Alyansının rəhbəridir. Bu təşkilat isə ABŞ konqresmenlərinə dəbdəli ziyafəti ilə gündəmə gəlmişdi.
Hər iki təşkilat böyük pullar hesabına fəaliyyət göstərir.
Məlumatlarda o da bildirilir ki, iqtidar bu təşkilatların heç bir iş bacarmadığını düşünür. Ona görə də Avropaya yeni “imicmeykerlər” ixrac etməyə başlayıb. Iqtidar çalışır ki, heç olmasa yarışlardan sonra parlament seçkilərinə kimi beynəlxalq mediada tənqidlər dayandırılsın.