Siyasi məhbusların azad edilməməsi hakimiyyəti bitirdi
Dəfələrlə yazmışıq ki, hakimiyyətin yürütdüyü siyasət öz müdafiəçilərini də arqumentsiz qoyub. Dünənə qədər hakimiyyəti beynəlxalq tribunlardan tərifləyənlər də, yerli fürsət güdənlər də pərt vəziyyətdə qalıb. Çünki, hakimiyyətin ard-arda danışdığı yalanlar, vədlərə əməl etməməsi bütün lobbiçilərini “ağ bayraq” çıxarmağa məcbur etdi.
Xüsusilə, siyasi məhbus məsələsində hakimiyyət həm özünü ifşa etdi, həm də özünün yaratdığı qurumları mat vəziyyətinə saldı. Bildiyiniz kimi, hakimiyyət siyasi məhbuslarla bağlı “Işçi Qrup” yaratdı və öz məddahlarını da bu qrupa əlavə etdi. Bununla həm də etiraf olundu ki, Azərbaycanda siyasi məhbus var. Üstəlik, Ilham Əliyevlə ABŞ dövlət katibinin müavini Viktoriya Nuland arasında da bu məsələnin həlli ilə bağlı narazılıq əldə olunmuşdu. Amma sonrakı proseslər göstərdi ki, Əliyev hakimiyyəti nə Işçi Qrupun yaradılmasında, nə də beynəlxalq razılaşmalarda səmimi deyil.
Amma hakimiyyətin hüquq müdəfiəçiləri tez-tez əlamətdar günlərdə əfv olacağının anonsunu verir. Hər dəfə deyirlər ki, siyahı hazırlanıb və prezidentə təqdim edilib. Sonuncu dəfə böyük əfv sərəncamı 28 mayda gözlənilirdi və hakimiyyətə loyal münasibəti ilə seçilən adamlar da optimist vədlər verirdi. Nəticədə əfv sərəncamı imzalanmadı və Ilham Əliyev “tarixdə qalmaq” yolunu tutdu. Bütün bunlardan sonra son ümid kimi “Qurtuluş günü”nü önə sürdülər. Bildirildi ki, prezidentə siyahı təqdim edilib və sürpriz əfv sərəncamı olacaq. Amma Ilham Əliyev atasının adı ilə bağlı olan gündə də əfv sərəncamı vermədi.
Bütün bu addımlar bir daha sübut etdi ki, siyasi məhbus məsələsi birbaşa Ilham Əliyevin nəzarətindədir. Hətta özünün seçdiyi adamların hazırladığı siyahıya da məhəl qoymadan, şəxsi hikkəsi ilə hərəkət edir.
Yəni proses onu göstərdi ki, “Ilham Əliyev yaxşıdır, ətrafı pis” təbliğatı kökündən absurddur. Əksinə, ətrafı Ilham Əliyevə imic düzəltmək istəsə də, ölkə başçısı şəxsi düşmənləri siyahısına saldığı adamları azad etmək istəmir. Bəli, bu gün şərlənərək həbs olunmuş 100-ə yaxın adam Ilham Əliyevin dustaqlarıdır. Bu adam ölkə idarəetməsində o qədər hisslərə qapılıb ki, siyasətlə məşğul olduğunu unudub.
Bundan sonra nə kitayski hüquq müdafiəçiləri, nə də yaltaq dəstələri “Ilham Əliyevin xəbəri yoxdur” deyə bilməyəcəklər. Ilham Əliyevin öz kadrları açıq etiraf edirlər ki, bizlik heç nə yoxdur.
Əslində bu, Ilham Əliyev üçün son şans idi. O, siyasi məhbusları azad etməklə ziyanın yarısından qayıda bilərdi. Amma Əliyev dünyaya ən pis mesajı verdi və bundan sonra məsumluq donu geyinmək mümkün olmayacaq.
Azad