«Baş verənlərə görə məsuliyyət dövlət başçısı və onun ətrafındadır»
Mehman Əliyev: «Yanğına görə ciddi tədbirlər görülməyibsə, deməli, dövlət başçısı nəyisə bilib»
Dövlət başçısı Ilham Əliyevin son çıxışlarında səsləndirdiyi maraqlı fikirlər bir sıra suallar doğurmamış deyil. Birinci sual doğuran fikir mayın 19-da Binəqədidə baş verən faciədən sonra keçirilən müşavirədə səsləndi. I.Əliyev həmin müşavirədə ciddi etirafda bulundu. O bildirdi ki, bu vaxta qədər ona yanlış məlumat verilib. Daha bir maraqlı fikri isə dövlət başçısı Respublika Günü münasibətilə keçirilən tədbirdə səsləndirib. O bəyan edib ki, ölkədə hər şeyin bir nəfərin idarəçiliyinə buraxmaq yanlışdır. Ona görə dövlətin inkişaf etməsi üçün ictimai nəzarətin həyata keçirilməsi vacibdir. Bu iki bəyanatın hansı səbəbdən səsləndiyi maraq doğurur. I.Əliyev bu bəyanatları real duruma əsaslanaraq verib, yoxsa bu yaranmış gərgin vəziyyətdən çıxış yolu tapılması üçün edilib.
Bu və gündəmdə olan başqa sualları “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyevə ünvanladıq.
– Dövlət başçısına yanlış məlumatın verilməsi reallığa uyğun ola bilər. Çünki əksi cəfəngiyat ola bilərdi. Bu üzlüklərin yanğına davamlı olmadığını bilə-bilə dövlət başçısı onun binalara vurulmasına razılıq verib. Amma Ilham Əliyevi kim aldadıbsa, bunu dövlət orqanı edib. Çünki bu üzlüklərin təhlükəsiz olduğuna FHN və Standartlaşdırma və Patent Agentliyi rəy verib. FHN bəyan edir ki, bizə sınaqdan çıxarmaq üçün bir maddə verilib, amma binalara tam başqa üzlük vurulub. Yaxşı, bəs sual olunur ki, üzlüklərlə bağlı yanğın bundan əvvəl bir neçə dəfə baş verib. Bəs bu hadisələrlə bağlı niyə tədbir görülməyib? Nəyə görə Nobel prospektində baş verən yanğının araşdırmasını yalnız FHN aparıb? Bu onu göstərir ki, baş verənlərə görə məsuliyyət birbaşa bu orqanların, xüsusilə FHN-in üstündədir. Amma baş verənlərlə bağlı digər şəxslər saxlanılır. Örtükləri vuran şirkət rəhbərliyi və “JEK” müdiri həbs edilir. Vaxtında tədbir görülməli idi. Əgər bu tədbir görülməyibsə, deməli, dövlət başçısı nəyisə bilib.
Ictimai nəzarətlə bağlı deyilənlərə gəlincə, bu, inandırıcı deyil. Çünki Azərbaycanda hökumətin fəaliyyətini analiz edən ictimai təşkilatlar hamısı qapıdılıb, vətəndaş cəmiyyəti taqətdən salınıb, ictimai nəzarət, demək olar, tam itib. Bu olmasaydı heç olmasa cəmiyyətdə baş verənlərlə bağlı həyəcan səsləri daha ucadan səslənərdi. Ona görə inanmıram ki, ictimai nəzarətin bərpasına hakimiyyətdə ciddi maraq var. Ona görə ictimai nəzarət olmadıqca yanğınlar, qanun pozuntuları davam edəcək. Nəzarət olsa, dövlət vəsaitləri oğurlana, mənimsənilə bilməyəcək. Hətta ictimai nəzarət bərpa edilməyə çalışılsa belə, bu, formal xarakter daşıyacaq. Bir sıra dövlət müəssisələrində ictimai təşkilatlar fəaliyyət göstərir.
“Ölkədə real iqtisadi böhran var”
– Hakimiyyətin yürütdüyü siyasət ictimai nəzarəti sıradan çıxarmırmı? Saxta parlament seçkiləri, medianın sıxışdırılması, QHT-lərin məhv edilməsi beynəlxalq basqının artmasına səbəb olub. Elə dövlət başçısının etirafı məhz bu basqının hakimiyyətə vurduğu ziyanların etirafı deyilmi?
– Hakimiyyət hazırda kritik vəziyyətə gəlib çıxıb. Ölkədə real iqtisadi böhran var. Problemlər getdikcə artacaq. Hakimiyyət hazırda ölkədə yaranmış vəziyyətdən necə çıxacağını bilmir. Hakimiyyət bu gün yenə də repressiv metodlara üstünlük verir, cəmiyyətə basqı etməklə nəzarət altında saxlamaq yolunu tutur. Partiyalarla yığışaraq iki ayda bir dəfə danışırlar. Iki ay ərzində hansı səmərəli dialoq keçirmək olar. Əgər ciddi problemləri həll etmək istəyiriksə, bu dialoq daha intensiv olmalıdır. Bu prosesə QHT-ləri cəlb etmək lazımdır. Ona görə də hər şey söz üstündə qurulur və mən hakimiyyətdən başqa real addımlar görmürəm. Cəmiyyətdə baş verənlərlə bağlı baş verənlərə bu cür yanaşmaq sadəcə olaraq məsuliyyəti bölüşmək cəhdidir. Halbuki vəkil Aslan Ismayılov və başqaları bu problemi dəfələrlə gündəmə gətirmişdilər. Amma buna reaksiya verilmirdi. Bu isə onu göstərir ki, hakimiyyət kritik vəziyyətdədir, ciddi noqdaundadır. Yalnız insanlar həyatını itirəndən sonra hərəkətə gəldilər.
“Günahkarlar məsuliyyətdən yayındırılır”
– Yanan binayla bağlı qaldırılan cinayət işi hələ də müzakirə mövzusudur. Baş verən faciəyə görə məsuliyyət daşıyanlar cəzalandırılacaqmı?
– Hələ ki, həmin günahkarların aradan çıxarılması prosesi gedir. Burada birinci növbədə müvafiq dövlət orqanları məsuliyyət daşıyır. Amma onlar məsuliyyətə cəlb olunmur. Görünən odur ki, hazırda yaşananlar həmin orqanların məsuliyyətdən yayındırılmasına xidmət edir.
“Bu materialı tikintidə işlətmək böyük cinayət idi”
– Hazırda ildırım sürəti ilə yanğına davamsız üzlüklərin sökülməsi prosesi gedir. Bu proses başqa bir versiyanı gündəmə gətirir. Ola bilərmi ki, hakimiyyət terror xəbərdarlığı aldığından təhlükəli üzlüklərin sökülməsinə başlayıb. Çünki şəhərdə aparılan bəzi təhlükəsizlik tədbirləri, avtomobillərin dayanacaqlarda yoxlanılması maraq doğurur…
– Prezidentin bağından 200 metr kənarda yerləşən binada yanğın baş vermişdi. Yanğına səbəb eyni üzlüklər idi. Hadisə fevral ayında baş vermişdi. Yanğına səbəb binaları gecələr işıqlandırmaq üçün çəkilən kabel idi. Görün bu material nə qədər zəifdir ki, yanğın adi qığılcımdan baş vermişdi. Əgər bu hadisə ilə bağlı müşavirə çağırılır və orada müzakirə aparılırsa, deməli, baş verənlərə görə məsuliyyət dövlət başçısı və onun ətrafındadır.
– Dövlət başçısının xəbərdarlığından sonra “Dostluq” parkındakı villaların söküntüsü başladı. Nəticədə 42 villa söküldü. Amma şəhərin digər yerlərində də əzəmətli villalar ucaldılıb. Bəs qadağan olunmuş ərazidə tikilmiş həmin villalar barəsində niyə tədbir görülmür?
– Bir sıra ərazilərdə yerlərin verilməsi icra hakimiyyətlərinə 98-ci ildən, bələdiyyələrə isə 3-4 il əvvəl qadağan edilib. Bu torpaqların verilməsi, görünür, qeyri-qanuni həyata keçirilib. Ilham Əliyevin bu addım atmasının səbəbi tam bilinmir. Çünki, ona qalsa, Abşeronda xeyli yerlər var ki, onların da söküntüsü həyata keçirilməlidir. Dənizkənarı əraziləri məmurlar hasara alıb. Bunların əksəriyyəti prezidentə yaxın adamlardır.
“Kompleks islahatlar həyata keçirilməlidir”
– Dünyada neftin qiymətinin düşməsinin fonunda Azərbaycan iqtisadiyyatı ciddi zərbələr aldı. Baş verənlərdən çıxış yolu kimi kənd təsərrüfatının dirçəlməsi, inhisarın aradan qalıdırılması göstərilir. Amma bu baş vermir. Hazırkı templə davam edərsə, Mərkəzi Bankın valyuta ehtiyatları bu ilin sonuna tam tükənə bilər. Nəyə görə Azərbaycan hakimiyyəti zəruri addımları atmır?
– Bu addımı bir neçə il qabaq etmək lazım idi. Hazırda vaxt itirilib. Ümumiyyətlə, Azərbaycana neft pulları gələn zaman iqtisadiyyatı normal qurmaq, sərbəst rəqabət yaratmaq lazım idi. Bazar iqtisadiyyatının atributları işə salınmalı idi. Amma hakimiyyət bunu etmədi. Qapalı, oğurluq və inhisarçılıq üstündə qurulan bir iqtisadiyyat belə də olmalı idi. Sadəcə olaraq hakimiyyət neftin qiymətinin uzun müddət yüksək qalacağına ümid edirdi. Ancaq neftin qiymətinin aşağı düşməsi və başqa tendensiyalar hakimiyyəti pat vəziyyətinə saldı. Hakimiyyət Azərbaycanın belə sürətlə böhranla üzləşəcəyinə hazır deyildi. Hakimiyyət qapalı iqtisadiyyatlarını, düşündükləri kimi, tam formada qurub, başa çatdıra bilmədi. Hazırda yaranmış vəziyyətdə kompleks islahatlar həyata keçirilməlidir. Hazırda çıxılmaz durumun yaranmasına səbəb odur ki, hakimiyyət bu cür böhranlı vəziyyətə hazır deyildi.
– Iş adamlarının həbsi də gündəmdə olan məsələdir. Hakimiyyətə yaxınlıqları ilə seçilən bu şəxslər dövlət əmlakının mənimsənilməsində ittiham olunurlar. Amma məsələ burasındadır ki, onlara verilən iri kreditlər yuxarıların razılığı olmadan gerçəkləşə bilməzdi…
– Jurnalist Abid Şərifovdan soruşanda ki, yeni üzlükləri hansı şirkət hazırlayacaq, onların binalara vurulmasını hansı şirkət həyata keçirəcək? O belə cavab vermişdi ki, sənin nəyinə lazımdır, özüm bilərəm. Azərbaycanda ənənəvi olaraq bu cür iqtisadiyyat yaranıb. Kağızda bir cür vəsait yazılsa da, onun böyük hissəsi silinməyə gedir. Ələbəttə, dövlət vəsaitlərinin biznesmenlərə verilməsi yuxarı dairələrlə razılaşdırılır. Hətta nəinki razılaşdırılır, yuxarı dairələr bu prosesdə də iştirak edirlər. Sadəcə olaraq bu adamlar daha çox menecerlərdir. Layihələrin əsl sahibləri yuxarıda olanlardır. Bu biznesmenlər ona görə cəzalandırılır ki, onlara verilən vəsait təyinatı üzrə xərclənməyib. Bu və başqa hadisələr sübut edir ki, biznesmenlər yuxarıları aldadıblar, məhz bu üzdən də cəzalandırılırlar.
“Manatın gücdən düşməsi davam edəcək”
– Belə də ehtimal var ki, növbəti devalvasiyaya hazırlıq gedir. O üzdən də oliqarxların iş adamlarında olan pulları toplanır…
– Beynəlxalq Bankdan götürülən pullar dövlət vəsaitidir. Əvvəllər bu vəsaitlərə ehtiyac yox idi. Indi isə böhrandır və pul çatmır. Analiz edilən zaman məlum olub ki, vəsaitlərin böyük qismi məqsədsiz xərclənib. Devalvasiyaya gəlincə, bu, qaçılmazdır. Manatın gücdən düşməsi davam edəcək. Mərkəzi Bankın da vəsaitləri tükənir. Onlar artıq ciddi təhlükə altındadır. Manatın arxasında ciddi iqtisadi təminat yoxdur. Ona görə manat gücdən düşür. Hazırda manatın məzənnəsini saxlamaq çətinləşib. Əvvəl vəsaitin çoxluğu manatın saxlanmasına imkan verirdi.
Avropa Oyunları ilə qazanılmasına çalışılan itirilən imic
– Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə olan siyasi məhbus problemi hələ də çözülməmiş qalmaqdadır. Birinci Avropa Oyunlarının keçirilməsində maddi mənfəət güdülmür. Çünki həm idmançıların, həm də yardımçı heyətin Azərbaycana gəlişi xərclərini hökumət ödəyib. Digər tərəfdən, tikilən iri komplekslərin pulu bir oyunla çıxarıla bilməz. Qalır nüfuz, imic əldə etmək, bunu da hakimiyyətin yürütdüyü repressiv siyasət heçə endirir…
– Azərbaycanın dövlət imici məsələsi bir qədər geniş müzakirə mövzusudur. Mənim əməllərim, davranışım, atdığım addımlar cəmiyyətdə mənə münasibət yaradır. Eyni münasibət ölkələrə də qarşı sərgilənir. Neçə Avropa Oyunu keçirməyindən, xaricə pullar səpməyindən asılı olmayaraq sənin imicini daxili durum, ictmai müzakirələr formalaşdırır. Ona görə biz nə qədər sağlam dövlət, cəmiyyət olsaq, imicimiz o qədər yüksək olar. Məsələn, Gürcüstan kimi ölkə heç bir Avropa Oyunu keçirmir. Amma Gürcüstan bütün dünyada tanınan dövlət yaradıb və ölkəyə turist axını var. Mən bunu hətta siyasi turizm adlandırardım. Azərbaycanın başqa cür ölkə olduğu görüntüsünü yaratmaq bir nəticə vermir. Mərkəzi küçələri yağlamaq, binaların üstünü rəngləməklə həmin imic yaranmayacaq. Əslində, bu daha pis imic yaradır. Belə çıxır ki, ölkənin eyibləri çözülmür, əksinə, ört-basdır edilir.
Xəyal