Hakimiyyət Avropa Oyunlarından, ya da ən geci parlament seçkilərindən sonra növbəti devalvasiyaya hazırlaşır
Azərbaycan hakimiyyəti növbəti devalvasiyaya hazırlaşır. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, növbəti devalvasiya parlament seçkilərindən dərhal sonraya planlaşdırılır. Məsələ burasındadır ki, fevralın 21-də verilən devalvasiya qərarı ilə böhranın qarşısını almaq mümkün olmayıb. Devalvasiyadan sonra da Mərkəzi Bank manatın kursunu saxlamaq üçün ayda 1 milyard 500 min xərcləyir.
Artıq Mərkəzi Bankın valyuta ehtiyatları 7 milyard manat qalıb. Bu da yalnız parlament seçkilərinə qədər bəs edər. Hökumət də məhz bunu hesablayaraq seçkilərdən sonra devalvasiyaya getməyi planlaşdırır. Lakin mümkündür ki, devalvasiya qərarı Avropa Oyunlarından sonra da verilsin.
Statistik məlumatlara diqqət yetirdikdə aydın olur ki, növbəti dəfə daha kəskin devalvasiyaya gediləcək. Mərkəzi Bankın açıqladığı məlumatlara görə, bu ilin yanvar-mart aylarında valyuta bazarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 faiz artıb. Əməliyyatların 91 faizi ABŞ dollarında, qalan 9 faizi isə digər valyutalarda aparılıb. Ötən ilin eyni dövrünə nəzərən dollarla aparılan valyuta əməliyyatlarının dövriyyəsi 2.3 dəfə, avro ilə əməliyyatların həcmi isə 2.4 dəfə artıb.
Ötən ilin birinci rübündə dollarla əməliyyatların həcmi 7 milyard 789 milyon dollar təşkil etdiyi halda, bu ilin müvafiq dövründə həmin rəqəm 18 milyard 341 milyon dollar olub. Göründüyü kimi valyuta bazarında dollara tələb əhəmiyyətli dərəcədə artıb.
Sentybar ayında ABŞ-ın bank faizlərini artırması da növbəti devalvasiyanın daha kəskin olmasını şərtləndirən amillərdən biri olacaq.
Redaksiyamıza daxil olan məlumatda həmçinin bildirilir ki, “kredit qalmaqalı”na görə həbslərin kökündə də növbəti devalvasiyaya hazırlıq dayanır. Məlumat üçün deyək ki, Cahangir Hacıyevə yaxın 30 şirkət Beynəlxalq Bankın kredit portfelinin 41 faizinə sahib olub. Həmin şirkətlər toplam olaraq bankdan 3.5 milyard manat kredit götürüb. Bu 2015-ci il yanvarın 1-nə olan məlumatdır. Az əvvəl isə Mərkəzi Bank məlumat yaymışdı ki, 2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb.
Mütəxxəsislərin sözlərinə görə, 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. “Kredit qalmaqalı”na görə həbslər başlayanda da oliqarxların 7 milyard manat vəsaiti mənimsədikləri barədə məlumat yayılmışdı. Hakimiyyət növbəti devalvasiyaya qədər toplamaq və bununla zərərin qarşısını almaq istəyir.