Əziz həmvətənlər, xəbəriniz var ki, ölkəmiz manatın yeni devalvasiyası ərəfəsindədir? Bakıdakı bina yanğınından əvvəlki günləri xatırlayın, hökumətə yaxın deputatlar, iqtisadçılar gündə bir proqnoz verirdilər. Biri deyirdi, növbəti devalvasiyadan sonra 1 dollar 1manat 30 qəpik olacaq, başqası deyirdi, yox, 1 manat 50 qəpiyə qalxacaq, üçüncüsü iddia edirdi ki, 1 dollar 2 manata bərabər olacaq. Başqa vaxtlarda hökumətin sözündən çıxmayan bu adamlar nəyə görə belə açıqlamalar verirdilər? Məqsəd aydın idi. Xalqı bu yolla hazırlayırdılar ki, yeni devalvasiya xəbərindən şok keçirməsin.
Sonra binadakı yanğın, ardınca da Milli Şuranın mitinqi gündəmə gəldi. Hökumət qorxdu və devalvasiya söhbətini hələlik yığışdırdı. Amma sizi əmin edirəm ki, bu, müvəqqətidir. Xalqın yanğından sonrakı qəzəbinin tam sönməsini, Avropa Oyunlarının başa çatmasını, Milli Şuranın yaxınlaşan yay ayları ilə bağlı mitinqlərə ara verməsini gözləyirlər. Bu sadaladıqlarım olduqdan sonra növbəti devalvasiya qərarını verəcəklər.
Bütün bunları niyə görə belə əminliklə yazıram? Səbəbini bilmək üçün hər kəsi mənim yazdıqlarımı bir kənara qoyub, azacıq düşünməyə çağırıram. Dövlətin valyuta ehtiyatları sürətlə tükənir. Neftin qiyməti ciddi şəkildə qalxmır və qalxması da gözlənilmir. Deməli, ölkəyə dollar daxil olması azalır və azalmaqda da davam edəcək. Mərkəzi Bank manatı hələ indiki məzənnədə saxlamaq üçün öz rezervlərindən ayda bir milyard dollardan artıq pul xərcləyir. Amma bu, nə vaxta qədər belə davam edə bilər? Mərkəzi Bankın rezervləri sonsuz deyil axı. Bu ayın sonunun nəticələrinə görə məlum olacaq ki, 15 milyard dollardan artıq rezervin yarıdan çoxu son 7 ayda xərclənib (may ayının 1-nə olan məlumata görə 15 milyarddan 8 milyardı qalmışdı). Bu qaydada daha nə qədər davam etmək olar? Aydındır ki, çox az müddət belə davam etmək ola bilər. Ona görə də yazıram ki, növbəti devalvasiya qərarı verəcəklər.
Bəs devalvasiya qərarının alternativi varmı? Növbəti devalvasiyaya getmədən vəziyyətdən çıxmaq olarmı? Əminliklə deyirəm ki, alternativ variant var. Növbəti devalvasiyaya getməmək olar. Neçə müddətdir ki, yazırıq, təkliflərimizi veririk. Əvvəla, təcili şəkildə korrupsiyanı dayandırmaq, monopoliyanı ləğv etmək lazımdır. Sonra da sistemli iqtisadi və siyasi islahatlarla ölkəni daxili və xarici sərmayələrə açmaq, biznes üçün əlverişli mühüt yaratmaq lazımdır. Amma aydındır ki, hökumət hələ də bu islahatlara getmək istəmir. Düşünürlər ki, nə qədər xalq susqunluğunu saxlayır, daha da varlansınlar, necə olsa da, xalqın hələ dözüm limiti var.
Əziz həmvətənlər, bu gedişatı durdurmaq sizin əlinizdədir. Sabah – 30 may, saat 15-də Milli Şuranın “Məhsul” stadionunda (İnşaatçılar metrostansiyası yaxılığında) keçirəcəyi artıq razılaşdırılmış mitinqə gəlin. Hökumətin siyasətinə qarşı güclü, dinc, etiraz mitinqi keçirək. Hökumət növbəti devalvasiya haqda qərarı verməyə ehtiyatlansın, alternativ variantlar axtarsın. İslahatlar barədə düşünməyə özünü məcbur bilsin. Mitinqdə daha çox olsaq, ola bilər ki, hələ bir müddət üçün korrupsiya pəhrizi də elan etdilər. 2011-ci ilin martında Ərəb inqilablarından qorxaraq, bir neçə aylıq rüşvət və korrupsiyanı dayandırdıqları yadınızda deyil? Çox istəsəniz, yaxınlaşan növbəti devalvasiyanın qarşısını ala bilərsiniz. Buyurun, qərar sizindir!