"Şərə etiraz etmək zamanıdır!"; [color=red]30 MAY, saat 15:00, MƏHSUL stadionu[color/]
AXCP sədri Əli Kərimli Milli Şuranın 30 may mitinqi ilə bağlı xalqa çağırış edib. AXCP lideri facebook səhifəsində yazır:
"Qərar verildi. Milli Şuranın növbəti mitinqi 30 may, saat 15-də “Məhsul” stadionunda keçiriləcək. Elə zamanlar olur ki, artıq susmaq mümkün olmur, sadəcə yazıb tənqid etmək kifayət etmir. İndi o zamandır. Səsimizi qaldırıb, “Bu xalqla bu qədər saymazyana, acımasız davrana bilməzsiniz” demək zamanıdır.
– Yandırılaraq, boğularaq öldürülmüş soydaşlarımızın, körpə balalarımızın qanının batırılmasına;
– Əsl cinayətkarların hələ də iş başında qalıb meydan sulamasına;
– Büdcə vəsaitlərinin talan edilməsinə, mənasız israfçılığa;
– Manatın devalvasiyasının bütün ağır nəticələrinin sadə xalqın çiyninə qoyulmasına;
– Dəhşətli kredit faizlərinə, dollarla krediti olan vətəndaşlarımızın ikiqat soyulmasına;
– Korrupsiyaya, monopoliyaya, hüquqsuzluğa;
– Əsgər ölümlərinə;
– Qarabağ qazilərinin özlərini öldürmə həddinə çatdırılmasına;
– Siyasi məhbusların azad edilməməsinə
etiraz etmək üçün, xalqımıza azadlıq, ədalət və hüquq tələb etmək üçün meydanda olacağıq. Siz də gəlin! Meydanlara çıxmaq, şərə etiraz etmək zamanıdır. Bədbəxtliyin hər birimizin qapısını döyməsini gözləyə bilmərik!".
Qərar verildi. Milli Şuranın növbəti mitinqi 30 may, saat 15-də “Məhsul” stadionunda keçiriləcək. Elə zamanlar olur ki,…
Posted by Ali Karimli (Əli Kərimli) on Tuesday, 26 May 2015
***
Milli Şuranın Koordinasiya Mərkəzi mayın 26-da növbəti toplantısını keçirib. Toplantıda Milli Şuranın mitinqi ilə bağlı qərar qəbul olunub.
Milli Şura mayın 31-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Haklimiyyətinə müraciət etmişdi. BŞİH mitinqin mayın 30-da keçirilməsinə razılıq verildiyini bildirib.
Koordinasiya Mərkəzi BŞİH-in cavabını müzakirə edib və belə qərara gəlib ki, indiki şəraitdə əhaliyə öz etirazını ifadə üçün imkan yaradılmalıdır, buna görə də mitinqin BŞİH-in təklif etdiyi vaxtda – mayın 30-da keçirilməsi məqbuldur.
Milli Şuranın mitinq komitəsinin sədri Fuad Qəhrəmanlı azadliq.info-ya bildirib ki, mayın 30-da mitinqin keçirilməsinə qərar verilib və buna uyğun olaraq operativ hazırlıq işlərinə başlanıb.
Mitinq Bakının Yasamal rayonundakı Məhsul stadioununda saat 15:00-dan 17:00-a qədər olacaq.
Mayın 30-da mitinq keçirmək qərarı verib-verməməyi AXCP sədri, MŞ Koordinasiya Mərkəzinin üzvü Əli Kərimli bir gün qabaq facebook səhifəsində müzakirəyə çıxarıb.
“Dostlar, ciddi bir məsələni sizlərlə məsləhətləşmək istəyirəm. Bilirsiniz ki, 15 mart və 5 apreldə keçirdiyimiz uğurlu mitinqlərdən sonra hakimiyyət mitinq iştirakçılarının gedərək artacağından və ardıcıl, dinc etiraz aksiyalarının xalqın içindəki qorxunu çıxaracağından narahat olaraq, mitinqlərimizə maneə yaratdı. Qanuna zidd olaraq, özbaşına şəkildə mitinqlərimizin bazar günləri keçirilməsinə imkan verilmədi. Bu yolla iki dəfə mitinq keçirməyimizə mane oldular. Milli Şura 31 may, bazar günü saat 17-də növbəti mitinqi keçirmək üçün BŞİH-ə müraciət edib. Bu gün müraciətimizə cavab verilib. Qanuna zidd olaraq növbəti dəfə istədiyimiz vaxtda mitinq keçirməyimizə razılıq verilməyib. Amma 30 may – şənbə günü, saat 15-də “Məhsul” stadionunda mitinq keçirməyimizə etiraz etməyəcəklərini bildiriblər.
Şübhəsiz ki, hökumətin bu mövqeyi qanunsuzdur. Və bu qanunsuzluq o məqsədlə edilib ki, potensial mitinq iştirakçılarının ən azı bir qisminin (şənbə günü işləyənlərin) aksiyada iştirakına mane olsunlar. Bu məqsədlə də mitinqin təkcə gününü deyil, saatını da dəyişiblər. Əlbəttə, əvvəllər iki dəfə olduğu kimi bu dəfə də şənbə günü mitinq keçirməkdən imtina edə bilərik. Amma indi situasiya xeyli fərqlidir. Ölkəmizdə o qədər çoxlu qanunsuzluq, haqsızlıq baş verir ki, cəmiyyətdən üzərimizdə mitinq tələbilə basqı hiss edirik. Xeyli sayda insan hesab edir ki, hansı gün olur-olsun ölkədə baş verən dəhşətli qanunsuzluqlara etiraz etmək lazımdır.
Bir milyard manatlıq fasaddəyişmə əməliyyatında yol verilmiş korrupsiya və cinayətkarlıq, hakimiyyətin yol verdiyi cinayətkarcasına səhlənkarlığın son yanğın zamanı çoxsaylı insan itkisinə səbəb olması, faciədən sonra əsl günahkarların məsuliyyətdən yayındırılması, bu cür dəhşətli cinayətin JEK müdiri səviyyəsində ört-basdır edilməsi cəmiyyətdə gərginliyi xeyli artırıb. İnsanlar bu nümayişkaranə haqsızlığa dinc mitinqlərdə etiraz etmək istəyirlər. Bundan əvvəl Konstitusiya Məhkəməsinin dollarla götürülmüş kreditlərlə bağlı bankların xeyrinə qərar çıxarması, 2.2 milyard vəsaiti ödəməyi 1 milyondan artıq borclu vətəndaşın üzərinə qoyması, hərbi xidmətə göndərdiyimiz əsgər övladlarımızın dinc dövrdə, özümüzünkülər tərəfindən müəmmalı şəraitlərdə öldürülməsi, qanlarının batırılması, siyasi repressiyaların, büdcə talanının davam etməsi, hökumətin yeni devalvasiyaya hazırlaşması da cəmiyyətin mitinq təlabatını artırır.
Sabah Milli Şura növbədənkənar iclasında mitinqlə bağlı qərar verəcək. Bu mühüm qərarı verməzdən əvvəl səhifəmi izləyən dostların da fikrini bilmək istərdim. Siz necə hesab edirsiniz, hansı qərar ürəyinizdən olardı? Mitinqlərin yalnız bazar günü keçirilməsinə israr edərək, 30 mayda mitinq keçirməkdən imtina edək, yoxsa yuxarıda yazdığım səbəblərdən xalqın günü-gündən artan narazılığının, etirazının meydanlarda ifadə olunması üçün 30 may, saat 15 üçün “Məhsul” stadionunda mitinq təyin edək?”, – deyə AXCP lideri yazıb.
Bu paylaşımın müzakirəsinə qoşulanların əksəriyyəti vaxt üstündə mübahisə etməməyi, mayın 30-da mitinq keçriməyə qərar verməyi müdafiə edib. Görünür, MŞ Koordinasiya Mərkəzi qərar qəbul edərkən həm də cəmiyyətdən gələn bu tələbi nəzərə alıb.