ABŞ Azərbaycan hakimiyyətinə sərt üz göstərmək qərarına gəlib
Bir müddət əvvəl ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin Azərbaycana səfərinin təxirə düşməsi bir sıra suallar yaratdı. Azərbaycan hakimiyyətini sərt tənqid edən Malinovski vətəndaş cəmiyyəti və Qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırırdı.
Bu bir daha göstərdi ki, Vaşinqton vətəndaş cəmiyyəti və demokratiya məsələləri ilə bağlı Azərbaycan hakimiyyətilə dialoqu dayandırıb.
Bundan öncə, 2013-cü il prezident seçkiləri ərəfəsində, rəsmi Bakı ABŞ Dövlət Departamentinin digər yüksək vəzifəli nümayəndəsi Tomas Melianın da ölkəyə gəlişi son anda təxirə salınmışdı.
Bu ilin fevralında dövlət katibinin müavini Viktoriya Nulandın Bakıya səfəri zamanı Amerika ilə Azərbaycan arasında insan haqları və demokratiyaya dair dialoqa başlanması qərara alınmışdı. Amma bu cür dialoq indiki vəziyyətdə səmərəli ola bilməz. Elə ABŞ məhz bu məqamı gözəl anladığından Azərbaycana olan səfərləri təxirə salıb.
Ekspertlər hesab edir ki, bir neçə gün əvvəl ABŞ-la Azərbaycan arasında ilk növbədə Azərbaycanın maraqları baxımından olduqca xoşagəlməz hadisə baş verib. Malinovskinin planlaşdırılan səfərinin baş tutumaması məhz belə dəyərləndirilir. Bu yüksək rütbəli ABŞ rəsmisinin Bakıya səfəri iki ölkə arasındakı münasibətlərin normallaşmasına və müsbət istiqamətdə inkişafına təkan verə bilərdi. Indi bəlli olur ki, bu imkan əldən verilib. Ekspertlər vurğulayırlar ki, Dövlət Departamenti nümayəndəsinin “Turan” agentliyinin Vaşinqtonun təmsilçisinə verdiyi açıqlama məsələyə aydınlıq gətirməsi ilə diqqəti cəlb edir. DD nümayəndəsinin açıqlaması göstərir ki, Nulandın Bakıya səfəri zamanı ABŞ arasında dialoq başlaması ilə bağlı və ən mühüm demokratiya sahəsində problemin aradan qaldırılmasını təmin etməli olan ABŞ-Avropa-Azərbaycan qrupunun yaradılması ilə əlaqəli ümidlər doğrulmayıb. Ötən aylar ərzində Azərbaycan hakimiyyətinin repressiya siyasətindən əl çəkməməsi, ilk növbədə anti-ABŞ kampaniyasının davam etdirilməsi münasibətlərin daha da gərginləşməsinə səbəb olub.
Ekspertlər onun altını cızırlar ki, DD nümayəndəsi açıq şəkildə bildirib ki, mövcud vəziyyətdə Azərbaycanla dialoq münasib hesab olunmur. Və açıq şəkildə vurğulanır ki, dialoqun dayandırılması ilə bağlı qərarı Azərbaycan tərəfi deyil, məhz Vaşinqton verib. Vaşinqtonun Azərbaycan rəhbərliyi ilə yüksək səviyyəli təmaslardan imtina etməsi dövlətin maraq və mənafeyləri baxımından olduqca xoşagəlməz haldır. Azərbaycan hakimiyyətinin belə siyasət aparması beynəlxalq aləmdə artıq xeyli mənada ABŞ və müttəfiqləri ilə münasibətlərin gərginləşməsi ilə nəticələnib. Belə çıxır ki, Vaşinqton Azərbaycan hakimiyyətinə sərt üz göstərmək qərarına gəlib.
Hikmət