«Penoplast işi»nə görə həbs edilən Miryusif Mahmudovla bağlı ilginc məlumatlar; Xətai rayonunda da həbslər olacaq; Abid Şərifovla sakinlər arasında gərginlik
Paytaxt Bakıda və digər şəhərlərdə binalara vurulmuş penoplast üzlüklərin söküntüsü davam edir. Artıq Bakının mərkəzində xeyli binanın üzlüyü sökülüb. Söküntü işlərini “Gilan” şirkəti və SOCAR aparır. Iddialara görə, söküntü işlərində də maxinasiyalara yol verilir. Söküntü işlərində çalışan və adlarının çəkilməsini istəməyən bəzi fəhlələr bildirir ki, onların adına 40-50 manat yazılsa da, 15-20 manat verilir.
Binalara yeni üzlüklərin vurulması ilə bağlı da “Azadlıq”a maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, bu işin icrası “Aqroservis” MMC-nin rəhbəri, deputat Ağalar Vəliyevə tapşırılıb. Ağalar Vəliyev prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri general-polkovnik Bəylər Əyyubovun yaxın adamı kimi tanınır.
Bu arada “Azadlıq” yanğın hadisəsinə görə ilk tutulan “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov barəsində ilginc məlumatlar əldə edib. Qeyd edək ki, Miryusif Mahmudlu “Global Construction” şirkətilə yanaşı “M-Line”, “Global Stone”, “Global Light” və “Poliplast” şirkətlərinin rəhbərləridir. Bu şirkətlərin hər biri Azərbaycanda iri dövlət layihələri həyata keçirib. Elə təkcə “Global Stone” şirkəti 800-ə yaxın binanın fasadını təmir edib.
Qanunun müvafiq tələblərinə uyğun olaraq, dövlət büdcəsi vəsaiti hesabına icra olunan istənilən layihə tender vasitəsilə həyata keçirilir. Lakin bəlli olub ki, bu layihələr tender keçirilmədən icra olunub. Hər halda Satınalmalar Üzrə Dövlət Agentliyinin rəsmi saytında 604 satınalan təşkilatın adının olduğu 2014-cü il üzrə təqdim edilmiş Satınalma Planları siyahısında bu şirkətlərin heç birinin adına rast gəlinmir.
İqtisadçı ekspert Məhəmməd Talıblı isə bildirir ki, bir qayda olaraq Satınalmalar üzrə Dövlət Agentliyi dövlət layihələrinin həyata keçirilməsi üçün keçirdiyi tenderlərdə qalib olan şirkətləri öz reystrində yerləşdirir. Beləliklə, də həmin reystrdə olan siyahı üzrə bu şirkətlərin tenderdə iştirakı və xidmətləri göstərilir: “Tenderdə iştirak edən şirkətlərin xidmət göstəricilərinin mövcud standartlara uyğun olub-olmadığı müəyyənləşdirilir. Onun təklif etdiyi xidmətlər müvafiq dövlət qurumları tərəfindən rəy verilir. Əgər şirkət qalib elan olunubsa, həyata keçirdiyi layihədə yaranmış problemə görə həmin qurumlar da məsuliyyət daşıyır. Yox əgər hansısa şirkət tenderdə qalib olmadan dövlət layihələri həyata keçiribsə, bu artıq xaosdur və burada da məsuliyyət birbaşa aidiyyəti dövlət qurumlarının üzərinə düşür”.
Miryusif Mahmudovun patronajlığı altında fəaliyyət göstərən şirkətlərin tenderin qalibi olmadan layihələr keçirməsi onun yüksək səviyyədə himayə olunmasından xəbər verir. Istənilən halda bir iş adamının ən yüksək səviyyədə razılıq olmadan dövlət layihələrini həyata keçirməsi inandırıcı görünmür. Bundan başqa araşdırmalar zamanı bəlli olur ki, ölkə başçısı Ilham Əliyev Miryusif Mahmudov şirkətlərinə böyük diqqət göstərib. Məsələn, o, “M-Line” MMC-nin açılışında iştirak edib. Bu şirkət mebel istehsal edir. Həmçinin təhsil müəssisələrini, hərbi hissələri mebellə təmin edir.
Gəncədəki Heydər Əliyev Mərkəzini “Global Construction” şirkəti tikib. Layihənin müəllifi isə şəxsən Miryusif Mahmudov olub. Bu barədə hətta “Azərbaycan” qəzetində də geniş məqalə dərc olunub. “…Budur, nəhəng texnika aramla işləyir, kələ-kötür yerlər hamarlanır, geniş bir sahədə planlaşdırma işləri gedir. Möhtəşəm mərkəzin layihəsi ”Global Construction" şirkəti tərəfindən işlənib hazırlanmışdır. Layihənin müəllifi, əslən Gəncədən olan memar Miryusif Mahmudov görüləcək işlər barədə ətraflı məlumat verdi. Heydər Əliyev Mərkəzi və onun ətrafındakı obyektlər azı 155 hektar sahəni əhatə edəcəkdir", – deyə rəsmi dövlət qəzeti Miryusif Mahmudovun fəaliyyətini təntənəli şəkildə təqdim edir.
Miryusif Mahmudovun Ilham Əliyev tərəfindən “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi isə onun həbs olunduğu ilk günlərdə bəlli olub.
Bütün bu faktlar bir daha onu deməyə əsas verir ki, Miryusif Mahmudov iri layihələr həyata keçirən şirkətlərin tək sahibi deyil, yaxud da ümumiyyətlə sahibi deyil.
“Azadlıq”a daxil olan başqa məlumata görə, Nobel prospektində yanan binaya görə də Xətai Rayon Icra Hakimiyyətində həbslər olacaq. Yeri gəlmişkən, Abid Şərifovla həmin binanın sakinləri arasında qalmaqal baş verib. Interpress.az-ın məlumatına görə, narazı sakinlər Xətai rayon icra haimiyyətinin başçısı Razim Məmmədovla bərabər ərazini gəzən Abid Şərifova onları narahat edən məsələləri çatdırıblar. Görüşdə müəyyən qədər gərginlik yaşanıb. Sakinlər binanın təmiri, kompensasiya ödənilməsi kimi məsələləri qaldırsalar da, Abid Şərifovun narazı sakinlərlə kobud rəftarı diqqəti çəkib. Belə ki, Abid Şərifov narazı sakinin sözlərini yarımçıq kəsərək “nağıl danışma” deyib və digər sakinlərə narazılıqlarını bildirməyə imkan verməyib.
Görüş zamanı məlum olub ki, yanan bina və ətrafdakı bütün binalarda balkonların bağlanması tapşırığı verilib. Bu da sakinlərin narazılığına səbəb olub. Onlar balkonların bağlanmasının ancaq sakinlərin istəyi ilə fərdi qaydada həyata keçirilməsini tələb edirlər.
Emil Səlimov