Iki bank rəhbəri «Bandotdel»ə aparılıb; Nərimanov məhkəməsi isə bir qrup iş adamı barəsində həbs-qətimkan tədbiri seçib
Beynəlxalq Bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyevin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə(BMCQMI) aparılması barədə məlumata hələ ki, rəsmi reaksiya verilməyib. Xatırladaq ki, bu məlumatı “Azadlıq” qəzeti yayıb. Qəzetin dünənki sayında dərc edilən məlumatda bildirilir ki, Cahangir Hacıyev mayın 20-də BMCQMI-yə aparılıb. Onun barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi bəlli deyil.
Dünən isə məlumat yayılıb ki, BMCQMI-də saxlanılan bir qrup iş adamı barəsində Nərimanov Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Məhkəməyə gətirilən iş adamlarının adları gizli saxlanılıb. Hətta hakim belə prosesdən həmin dəqiqə xəbər tutub. Məhkəmədən “Qafqazinfo”ya bildirilib ki, Baş Prokurorluğun verdiyi sanksiya əsasında bir neçə iş adamı günün ikinci yarısında məhkəməyə gətirilərək barələrində həbs qətimkan tədbiri seçilib. Proses isə bir neçə dəqiqə davam edib.
Virtualaz.org saytı isə “kredit qalmaqalı”na görə daha bir iş adamının saxlanılması barədə məlumat yayıb. Bu “Şərurlu Isfəndiyar” kimi tanınan iş adamı Isfəndiyar Axundovdur. Məlumatda deyilir ki, iş adamı BMCQMI-nin əməkdaşları tərəfindən tərəfindən saxlanılıb. Bildirilir ki, o, artıq 5 gündür ki, BMCQMI-nin təcridxanasında saxlanılır.
Isfəndiyar Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir. Lakin iş adamının yaxınları “Azadlıq”a bildirib ki, xəbər həqiqətəuyğun deyil. “Isfəndiyar Axunudov həbs olunmayıb, evindədir. Bu xəbər doğru deyil”,- deyə iş adamının yaxınları bildirib.
Bu arada Qafqaz Inkişaf Bankının Müşahidə Şurasının sədri Eldar Ismayılovun saxlanıldığı barədə məlumat yayılıb. Moderator.az-ın yaydığı xəbərə görə, Eldar Ismayılov 24 milyon manat vəsaiti taladığına görə BMCQMI-yə aparılıb.
Məlumatda qeyd olunur ki, həmin epizodla bağlı daha 12 nəfər istintaqa cəlb olunub və müxtəlif adlara sənədləşdirməklə külli miqdarda vəsait ələ keçirilib. Iddialara görə, təkcə bir ofisiantın adına 7 milyon manat pul yazılaraq mənimsənilib.
“Azadlıq”a daxil olan məlumata görə, “United Kredit Bank”ın rəhbəri Azad Isgəndərov da BMCQMI-yə aparılıb. Lakin onun barəsində həbs qətimkan tədbirinin seçilib-seçilmədiyi bəlli deyil.
Adı “kredit qalmaqalı”nda hallanan və həbs xəbəri yayılan keçmiş deputat Dünyamin Xəlilovun ticarət mərkəzində isə (”Globus Plaza”) işçilər etiraz aksiyasına hazırlaşırlar.
AzNews.az-ın xəbərinə görə, buna səbəb əmək haqlarının 3 aydan çoxdur verilməməsidir. Ticarət mərkəzindəki məşhur “Harvey Nichols” mağazasının işçilərinin vəziyyəti daha ağırdır. Onlara hər gün maaşlarının veriləcəyi bildirilsə də, sonradan müxtəlif bəhanələr gətirilir. “Açıq-aydın görünür ki, bizi aldadırlar. Heç olmasa gündəlik alver pulunu bizə maaş kimi versəydilər, indi heç kimə borclu qalmazdılar. Ticarət mərkəzində hər gün 50-80 min manat arası satış olur. Bizdə hər sabah iclas olur, onda nə qədər satış olduğunu açıqlayırlar. Bu rəqəmin qarşısında maaşlarımızı vermirlər. Dedilər ki, endirim edirlər ki, satışdan gələn gəlirlə əmək haqları ödənilsin. Amma yenə də vermirlər” – deyə işçilər bildirib.
Bundan əlavə, iki həftədən çoxdur ki, plazanın işçilərinə nahar verilməsi də dayandırılıb. Naharın kəsilməsinə səbəb kimi isə maliyyənin olmaması göstərilir: “Halbuki biz müqavilə imzalayanda hər gün naharla təmin ediləcəyimiz deyilmişdi. Onlar bununla da bizim müqavilə şərtlərini kobud şəkildə pozurlar”.
Digər məlumata görə, ticarət mərkəzinin mühafizə xidmətinin işçiləri kütləvi şəkildə işdən çıxarıla bilər.
“Avesta” konserni isə Hacı Ibrahim Nehrəmlinin Gəncə aeroportundan istifadə etməklə, ölkə xaricinə çıxmaq təşəbbüsü göstərərkən saxlanıldığı barədə mediada gedən xəbərləri təkzib edib. Konserndən Musavat.com-a daxil olan məlumatda bildirilir ki, bu xəbər həqiqətə uyğun deyil, konsernin rəhbəri Hacı Ibrahim Nehrəmli ölkə xaricinə getmək istəməyib.
Konserndən onu da bildiriblər ki, hazırda Hacı Ibrahim Nehrəmli Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmaqla bağlı öhdəlik götürüb. “Avesta”dan verilən məlumata görə, həmin kreditlərin qaytarılması üçün nəzərdə tutulan müddət 2019-cu ildə başa çatır: “Buna baxmayaraq, Hacı Ibrahim Nehrəmli banka borclu olduğu kreditin yaxın 2-3 ay ərzində qaytarılması üçün öhdəlik götürüb və hazırda bu istiqamətdə çalışır”.
Son saatda
“Digər banklar kimi bizim bank da Beynəlxalq Bankdan kredit götürüb. Bu kreditin ödənilməsi müddəti 2017-ci ildə başa çatır”.
Bunu virtualaz.org saytına açıqlamasında Qafqaz Inkişaf Bankı Müşahidə Şurasının sədri Eldar Ismayılov deyib.
Bankir həbs olunması barədəki xəbəri şərh edərkən bildirib ki, Beynəlxalq Bank yaranmış iqtisadi vəziyyətlə bağlı verdiyi kreditlərin vaxtından əvvəl ödənməsini xahiş edib: “Məni bununla əlaqədar DIN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə dəvət etdilər. Orada əsasən onunla maraqlandılar ki, bizim bank götürdüyü krediti necə qaytarmağa hazırlaşır. Mən də orada izahat verdim. Biz razılaşdıq ki, Beynəlxalq Bankdan götürdüyüm krediti vaxtından əvvəl ödəyək”.
E.Ismayılov həbs olunması barədə yayılan məlumatları, habelə Qafqaz Inkişaf Bankı ilə Beynəlxalq Bank arasında hər hansı problemin olması barədəki informasiyaları təkzib etdi: “Bizim Beynəlxalq Bankdan götürdüyümüz kreditin məbləği o qədər də böyük deyil. Faizləri nəzərə almasaq, üst-üstə 9 milyon manat kredit borcumuz var. O pulu da bir neçə dəfəyə götürmüşük. Bu gün o borcdan 2 milyon manatı ödədik. Beynəlxalq Bankdan götürdüyümüz pulları artıq kredit şəklində sahibkarlara vermişik. Onlardan həmin pulları geri qaytarmalarını tələb etmək problem yaradar. Ona görə də alternativ mənbələr axtarırıq ki, Beynəlxalq Bankın xahişinə əməl edə bilək”.ÿ
E.Ismayılovun sözlərinə görə, o, Beynəlxalq Bankın kredit borclarını vaxtından əvvəl bağlamaq istəyinə anlayışla yanaşır: “Əgər bank rəhbərliyi öz borcunu tələb edirsə, bütün borcluların bunu başa düşməsi lazımdır. Indi ağır iqtisadi vəziyyət yaranıb. Bu vəziyyətdə içində olduğumuz gəmini yırğalamaq olmaz. Bizim bank o qədər də böyük deyil. Kredit borclarımızı bağlamağa hər cür imkanımız var. Bizim bank bu vəziyyətdən alnıaçıq çıxacaq və digər banklara nümunə olacaq”.
Bununla belə bankir etiraf etdi ki, Beynəlxalq Bankın bu tələbi Qafqaz Inkişaf Bankının işinə təsirsiz ötüşməyəcək: “Təbii ki, bunun bizim işimizə təsiri olacaq. Bu məbləğ bizdən ötrü böyük məbləğdir. Bu da bizim gələcək planlarımıza öz təsirini göstərəcək”
***
Azərbaycanın tanınmış iş adamı Isfəndiyar Axundov da həbs edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.ÿ
Bu barədə APA-ya açıqlama verən iş adamı qeyd edib ki, haqqında belə məlumatlar qəsdən yayılır və bu xəbərlər həqiqətə uyğun deyil: “Mənin həbs edilməyim barədə yayılan xəbərlər yalandır. Nəinki həbs, mən, ümumiyyətlə, istintaqa cəlb olunmamışam. Haqqımda kimlər hansı məqsədlə bu xəbərləri yayır deyə bilmərəm. Onu deyə bilərəm ki, mən məsuliyyətə cəlb olunmamışam və hazırda evimdəyəm”.ÿ
I.Axundov həmçinin Azərbaycan Beynəlxalq Bankından kredit götürmədiyini də açıqlayıb: “Öz işlərimlə məşğulam. Beynəlxalq Bankdan da kredit götürməmişəm”.
Informasiya şöbəsi