Bina sakinləri hadisə barədə nələr danışır?
“Mən şəxsən o binaya qayıda bilmərəm, orada yaşaya bilmərəm. Ölənlər gözümün qabağındadır”. Bu sözləri iki gün öncə yanan 16-mərtəbəli binada zəhərlənərək xəstəxanaya yerləşdirilən Bilal Rəsulov deyib. O, AzadlıqRadiosuna hadisə barədə də danışıb: “Evdə tək idim. 14-cü mərtəbədə yaşayıram. Düşmək mümkün deyildi. Kim ki, düşmək istədi, elə pilləkənlərdə öldü. 3 mərtəbə qaçdım, bildim ki, düşsəm, öləcəyəm, qayıtdım evə, bir saat ərzində su içdim, başıma su tökdüm. Fövqəladənin işçiləri xilas etdilər məni. Zəhərlənmişəm, üzlüyün buraxdığı zəhərdən zəhərlənmişəm. Çoxu elə zəhərli tüstüdən boğulub”.
“Hər şey başısoyuqluqdan oldu”
“Fikirləşirəm ki, hər şey başısoyuqluqdan oldu. Yuxarıda oturanlar bilirdilər ki, bunlar tez yanan materialdır. Mən adi sakinəm, heç ali savadım da yoxdur, amma mən də eşitmişdim ki, bu material tez yanandır. Belədirsə, bəs niyə vururdular? Indi ha söksünlər, ölənlər qayıdacaqmı?”.
Bunu isə yanan binanın qonşuluğunda yaşayan qadın deyib. Dünən onun kimi bir çoxları faciə baş verən əraziyə gəlib. Kimi gətirdikləri qərənfilləri yerə düzü, kimi sadəcə gözyaşı axıdır, kimi də günahkar axtarır, rəsmiləri qınayır.
Sakinlərdən bəziləri artıq dövlətin ayırdığı koteclərdə yerləşib, həmin koteclərdə yerləşmək istəməyənlər isə kirayə ev axtarırlar: “Hələ yerləşməmişik, bu gün yerləşdirəcəklər. Pansionatda yer verilib bizə. Amma mən kirayə gedəcəyəm, çünki işim şəhərdədir”.
– Kirayə pulunu ala bilmisizmi?
– Yox hələ. Deyiblər ödəyəcəklər.
Yanğından iki gün öncə evinə gəlin gətirən qadın isə bunları deyib: “Mənim də evim küldür. Səhər oğlum dedi ki, ana, tüstülənir bina, su tökdük, sönmədi. Alışdı yandı. Yanğın binaya bitişik aptekin damında başladı. Iki gündür gəlin gətirmişdim, bütün mebelləri əriyib, hamısı. Heç nəyimiz yoxdur. Indi qızımın evindəyəm. 6 nəfərlik ailəyəm, hələ heç kim heç nə deməyib mənə, heç siyahıya da yazılmamışam. Dünən ölürdüm, təzyiqim qalxmışdı deyə, gələ bilmədim bura, təcili yardım gəlib üstümə”.
Ekspertiza rəyi: yanğına davamlı deyil!
Qonşuluqdakı 16-mərtəbəli eyniüzlüklü digər binalarda isə söküntü işləri başlayıb. Binəqədi rayon Icra Hakimiyyətinin başçısı Xaləddin Isgəndərovun jurnalistlərə verdiyi açıqlamaya görə, həmin binaların üzlükləri ilə bağlı ekspertiza rəyi artıq hazırdır. Həmin rəydə göstərilib ki, binaların üzlükləri yanğına davamlı deyil, keyfiyyətsizdirlər.
Amma elə təkcə həmin ətrafda eyni üzlüklə üzlənmiş onlarla digər binalar da var. Həmin binalarda söküntünün aparıldığını müşahidə etmədik. Icra başçısı bunun səbəbini onlarla bağlı rəyin hələ hazır olmaması ilə izah edib.
Ölkə başçısının hadisə ilə bağlı yaradılmış komissiyaya verdiyi ikigünlük vaxt isə dünən – mayın 21-i axşam bitib. Bu müddət ərzində ölkədəki bütün oxşar üzlüklü binalarla bağlı araşdırılma aparılmalı, tələb olunduğu halda hamısında söküntü işləri başlanmalıdır.
O ki, qaldı faciəyə səbəb olan səbəbkarlar, bununla bağlı çoxsaylı suallar hələ ki, açıq qalır. Dövlət başçısının komissiyanın iclasında verdiyi tapşırıqlarda biri də məhz səbəbkarın tapılıb cəzalandırılmasıdır.
Yanğına görə 4 nəfər həbs olundu
Bu arada məlumat yayılıb ki, yanğına görə 4 nəfər həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilib, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib, eyni zamanda, müvafiq prosessual hərəkətlər yerinə yetirilir.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon Icra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Yanğının baş vermə səbəblərinin, eləcə də hadisənin baş verməsində təqsirkar şəxslərin tam dairəsinin müəyyənləşdirilməklə onların cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Yanmış bina üçün 5 milyon manat ayrıldı
Modern.az saytı isə paytaxtın Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra imkanlı şəxslər və ya şirkət rəhbərlərinin sakinlərə yardım üçün müraciət edib-etmədiklərilə maraqlanıb.
Bakı Şəhər Icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, belə yardımlara ehtiyac yoxdur: “Ona görə ki, bu işlərin hamısına dövlət tərəfindən vəsait ayılıb. Sözsüz ki, belə təkliflər gəlir. Amma biz onlara minnətdarlığımızı bildirib demişik ki, dövlət bütün bu işlər üçün nəzərdə tutulan vəsaiti özü ayırıb və ayıracaq. Dövlət vəfat edən və yaralı insanlara, əmlakını itirən sakinlərin hamısına birdəfəlik maddi yardım verib.
Ümumilikdə həm yardımlar, həm də təmir-bərpa işləri üçün ilkin olaraq 5 milyon manat pul ayrılıb. Əgər bu vəsait çatmasa, yenidən ayrılması nəzərdə tutulub. Hələlik biz bu insanların ilkin maddi yardımını verməliyik. Əlimizdən gələni edəcəyik ki, oradan köçən əhali narahat qalmasın".
Hacıbala Abutalıbov dünən yanmış binanın dayanıqlılığının yoxlanıldığını da deyib: “Bina dayanıqlıdır və iki saat bundan öncə Bakı Şəhər Icra Hakimiyyəti binanın təmirinə başladı. Təmir-bərpa işləri 24 saat boyunca davam edəcək. Biz çalışacağıq ki, tez bir zamanda və yüksək səviyyədə binanın təmiri başa çatsın. Ayrılan vəsait binanın və mənzillərin təmirinə aiddir, mənzillərə mebellərin quraşdırılmasına yox”.
Sakinlərinə ödəniləcək məbləğ bəlli oldu
Nazirlər Kabineti Bakıda yaşayış binasında baş vermiş yanğınla əlaqədar sərəncam verib. Sərəncamda yanğın nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15.000 manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20.000 (iyirmi min) manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulub.