Bankın səhmdarı şok faktlar açıqladı
“Hacı Ibrahimin ABB-dən 850 milyon manat pul götürdüyü yazılır. Vaxtilə bank müdiri olan dostumdan yüksək məbləğdə kreditlərin mexanizmini soruşdum. Dedi ki, ”şapka" götürülən məbləğin ən az 10 faizi qədərdir. Belə məbləğlər rəsmi olaraq aşağı – 3-4 faizlə götürülür. Yüksək faiz az kredit götürənlərə tətbiq olunur. 850 milyonun “şapkası” 85 milyon manatdır, o pulu elə belə verməzlər. Hətta 10-15 min manat götürən də bilir ki, kredit asan başa gəlmir. Belə çıxır ki, devalvasiya olmasaydı bunlar üzə çıxmayacaqdı".
Bu sözləri “Bizim Yol” qəzetinə müsahibəsində Azərbaycan Beynəlxalq Bankının səhmdarı Vəzir Rəcəbov deyib. Vəzir Rəcəbovun adıçəkilən bankda ailəsinə məxsus 191 min qiymətli kağızı var. Səhmdar daha sonra bildirib: “Amay Abdulla”nın işini götürək. Sadə bir insan idi, birdən-birə gəlib milyonçu oldu. Bank kassasını ona açıb, o da çoxlu şirkətlər yaradıb, pullar götürüb. Necə olur ki, banklar belələrinə milyonlar verir? Hacı Ibrahimin paket sahibi olduğu iki müəssisədə mən də səhmdaram. “Bakı Ağac Emalı Zavodu” ASC gəlirlə işləyir, mebel, qapı, pəncərə istehsal olunur. Orada 4000 səhmim var. Keçmiş “Karamelnıy” fabrikin bazasında yaradılmış “Şirniyyat” ASC də ibrahimovlarındır, qardaşının adınadır. Nizami metrosu ətrafındaydı, indi yerində binalar tikiblər, cəmiyyət isə havadadır. Nə iclas keçirirlər, nə də dividend verirlər. Orada da paket sahibindən sonra ikinci böyük səhmdar mənəm, 1500 səhmim var. Gənclikdə bir çox yerlərə onlar sahib çıxıblar. Mən bu qədər səhmlə milyona çata bilməmişəm, bunlar milyardlardan danışırlar. Aldığım məlumata görə payçısı olduğum Maşın Bazarının paket sahibi Rasim Salmanovun da Beynəlxalq Banka 20 milyon manat civarında kredit borcu var və dindirmələrə o da cəlb olunub. Məlumatlarda 70 iş adamının banka borcu olduğu deyilir, amma heç 10 adamın adı çəkilmir. Beynəlxalq Bankın keçmiş idarə heyəti sədri Cahangir Hacıyevin çoxlu ASC-ləri var. Onlar üçün də xeyli kredit götürüblər. Banka borcu olan ilk dindirilənlərdən Dünyamin Xəlilov Hacıyevin qohumudur və işçisi olub. “Şəki Bazar” ASC də dolayısıyla gedib Hacıyevə çıxır və Xəlilov onu idarə edir. Bazardan hər ay 50 min, illik yarım milyon, 600 min manat gəlir götürülür. Heç mənfəət göstərmir, müəssisəni zərərə çıxarırdılar. Tənqiddən sonra son vaxtlar 2 qəpiklik xeyir göstərmişdilər. “Şəki Ət Kombinatı” da Hacıyevindir, o işlərə Dünyamin nəzarət edir. Şəkinin bir çox müəssisələri onlardadır. Sumqayıtdakı “Intertextil”də yenə Cahangirin “adam”ı oturub. “Bakı Quşçuluq”da Cahangir Hacıyevin marağı vardı və şərikdi, ona görə ora milyonlar ayırır. Özü-özünə kredit verirdi. Kağız üzərində bir-birlərinə ötürmələrinə baxmayın, bu gün də orada şərik olmadığına inanmıram. Ona aid ASC-lərdən insanlara bir manat da dividend verməyib, hər vaxt özünə işləyib. Sahibkarları səhmdarların qarğışı tutub".
Ötən il ABB-nin xalis mənfəəti 690 milyon manatlıq nizamnamə kapitalının cəmi 3.7 faizi qədər olub. Vəzir Rəcəbovun sözlərinə görə səhmdarı olduğu “Kapital Bank”da bu il hər səhmə 4 manat dividend verilməsi planı barədə xəbər alıb. 99.87 faiz səhm nəzarət paketi ilə “Paşa Holding”ə məxsus olan nizamnamə kapitalı 185 milyon 850 min manat təşkil edən bankın 2013-cü ildə xalis mənfəəti 32 milyon 989 min, keçən il isə 67 milyon 859 min manat, yəni 36.6 faiz təşkil edib: “Bankın səhminin nominal dəyəri 12.39 manatdır. Əgər 4 manatdan dividend verilsə nominalının 32 faizi qədər qazanc olacaq. Mənim gözləntim də budur. Sizə dedim ki, bankın gəliri ən az 25-30 faiz olmalıdır. Bu hesabla ABB də minimum 207 milyon manat gəlir göstərməli idi. Hər iki bankın nizamnamə kapitalını müqayisə etsək, dövlət bankında mənfəət daha çox olmalıdır. Beynəlxalq Bankın nizamnamə kapitalı 890 milyon manat, ”Kapital Bank"ınkı 185 milyon manatdır. Aralarında 4.8 dəfə fərq var. Gəlir onunkundan ən az 4.8 dəfə çox olmalı ikən az qala üç dəfə azdır. “Kapital Bank” şəxsi bankdır, orada dövlət maraqları yoxdur, gəlirlərini də ortaya qoyurlar. Harada dövlət maraqları var, orada korrupsiya “çiçəklənib”. Əslində dövlət qurumlarına bir neçə təşkilat nəzarət edir, amma son nəticədə korrupsiyaya da həmin qurumlar uğrayır. Bu, o deməkdir ki, nəzarət edənlərin özləri bu işlərin içindədir. Iki bankın müqayisəsi vəziyyəti ortaya qoydu".