Hökumətin devalvasiyası fayda vermir; Mərkəzi Bank manatın kursunu saxlamaq üçün bir neçə ayda 7 milyard dollar xərcləyib
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları azalıb. AMB-nin verdiyi məlumata görə, baş bankın ehtiyatları 1 milyard 84 milyon dollar azalıb. 31 mart tarixinə 9 milyard 472 milyon dollar valyuta ehtiyatları 30 aprel tarixinə azalaraq 8 milyard 387 milyon təşkil edib.
Qeyd edək ki, Mərkəzi Bankın hazırkı valyuta ehtiyatları 31.12.2014 tarixindən bu yana, yəni son 4 aya 5 milyard 370 milyon dollar azalıb.
Qeyd edək ki, 2014-cü ilin iyulundan başlayan azalma prosesi Mərkəzi Bankın valyuta rezervlərinə ümumən təxminən 7 milyard ziyan vurub. 2015-ci ilin mayına qədər Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 15 mlrd. 193 mln. dollardan 8 mlrd. 387 mln. dollara kimi azalıb.
Ehtiyatların ən kəskin azalması isə bu ilin ilk dörd ayı ərzində baş verib. Ehtiyatlar stabil olaraq hər ay təxminən 1 mlrd. azalıb. 2015-ci ilin aprelində isə azalma 1 mlrd. 84 mln. təşkil edib.
Devalvasiya çıxış yolu deyil
Ötən ay Mərkəzi Bankın rəsmi valyuta ehtiyatlarının 9 milyard 472.1 milyon dollar olduğu elan edilmişdi. Hazırda baş verənlər fevralın 21-də devalvasiya ilə bağlı qəbul edlən qərarın çıxış yolu olmadığını göstərdi.
Mərkəzi Bankın ehtiyatlarının tükənməsi bu sürətlə davam edərsə, bankı defolt gözləyə bilər. Çünki MB-nin həyata keçirdiyi siyasət hazırkı dönəmdə manatın kursunun sabit qalmasına yardım etmir.
O zaman MB hansı addımlar atmalıdır, çıxış yolu nədədir?
Zəruri addımlar atılmır
Ekspertlərin fikrincə, baş verənlər onu göstərir ki, artıq ölkədəki iqtisadi sistem normal olaraq işləmir. Azərbaycanda iqtisadi sistem sırf neftin qiyməti ilə bağlı olduğundan qeyri-neft sektoru hazırda yox dərəcəsindədir. Azərbaycanın ixracının 92-93 faizinin neft və neft məhsulları təşkil edir. Azərbaycanda yerli istehsala ciddi dəstək yoxdur. Devalvasiya addımı atılsa da hələ də manatın ucuzlaşması davam edir. Mərkəzi Bank başda olmaqla müvafiq təşkilatlar prosesləri müşahidə etməklə kifayətlənirlər. Çünki devalvasiyadan sonra Azərbaycanda anti-böhran addımları atılmayıb. Halbuki, devalvasiyadan sonra hökumət konkret addımlar atmalı idi. Bu addımlardan biri də devalvasiyanın nəticəsi olan qiymət artımının qarşısının indiki kimi inzibati yolla deyil, konkret iqtisadi addımlarla alınması olmalı idi.
Ekspertlərin fikrincə, hökumətin atmalı olduğu daha bir addım Mərkəzi Bankın iqtisadiyyatı pul ilə təmin etməsi olmalı idi. Bu gün ölkədə manat kütləsi yoxdur. Bu da ona gətirib çıxarır ki, banklar faktiki olaraq kredit verə bilmir. Dollarla kreditin götürülməsi isə sahibkarlığa sərfəli deyil.
Oqtay Haqverdiyev: “Sərt pul-kredit siyasəti davam edəcəksə, valyuta ehtiyatları bu templə xərclənəcək”
Iqtisadçı Oqtay Haqverdiyevin isə fikrincə, MB-nin valyuta rezervlərinin azaldılması manatın kursunun sabit saxlanılması üçün yürüdülən siyasətin nəticəsidir. MB-nin kursu sabit saxlamaq üçün bazara bu cür intervensiya etdiyini deyən O.Haqverdiyev vurğuladı ki, MB sərt pul-kredit siyasəti yürütməyə davam edəcəksə, valyuta ehtiyatları bu templə xərclənəcək: “Əgər manatın kursunun saxlanması üçün valyuta ehtiyatından istifadə olunmayacaqsa, o zaman bir dollar 3-5 manat arası olacaq. Məsələn, Səudiyyə Ərəbistanında 3.7 real bir dollara bərabərdir. Bu dövlət də neftdən asılıdır, biz də. Səudiyyə Ərəbistanı pul kredit siyasətini yumşaq aparır. Bu dövlət ixracını stimullaşdırmaq üçün bu yollara əl atır”.
Rövşən Ağayev: “Valyuta ehtiyatlarının ərimə tempinə proporsional olaraq nağd manat kütləsi də azalır”
Iqtisadçı Rövşən Ağayev də MB-nin valyuta ehtiyatları ilə bağlı elan etdiyi informasiyaya “facebook” səhifəsində münasibət bildirib. R.Ağayevin fikrincə, nağd manat kütləsi ölkənin Mərkəzi Bankın valyuta ehtiyatlarının ərimə tempinə proporsional olaraq azalır: “Nağd pul və kommersiya banklarının Mərkəzi Bankdakı ehtiyatlarından ibarət olan ”Pul bazası" göstəricisi 2011-ci ildəki səviyyəyə – 7.4 milyard manata enib.ÿBu göstəricinin ən yüksək səviyyəsi ötən ilin avqustunda qeydə alınmışdı – 11.7 milyard manat. Son 9 ayda pul bazası 4.3 milyard manat azalıb.ÿMəlumat üçün deyim ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının da ən yüksək həddi də elə o zaman qeydə alınmışdı- 15.2 milyard dollar. Ehtiyatlar özünün ən pik dövrünə nisbətən 6.8 milyard dollar və ya 45% əriyib.
Mərkəzi Bank manat kütləsini məhdudlaşdırmaqla manata valyuta təzyiqini azaltmaqla yanaşı, devalvasiyadan sonra gözlənilən inflyasiya təzyiqini də məhdudlaşdırmağa çalışır. Həm bu addım, həm də bazarlar üzərində sərt inzibati nəzarət inflyasiyanı cilovlamağa xeyli dərəcədə kömək etsə də, bu addım valyuta ehtiyatlarının əriməsinin qarşısını ala bilmir".
Xəyal