Xədicə İsmayıla qarşı ərizəsini geri götürən Mustafayev müraciətinə görə prokurorluqda dindirildi
Tural Mustafayev dindirmədən sonra təhlükəsizliyinin təmin olunması üçün diplomatik korpusa müraciət etdi
Bugünlərdə video-müraciət yayımlayaraq, tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıla qarşı şikayət ərizəsi yazmaq üçün MTN və prokurorluq əməkdaşları tərəfindən şantaj edildiyini açıqlayan Tural Mustafayev dünən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə çağırılaraq dindirilib. Bir neçə saat davam edən dindirmədən sonra “Amerikanın səsi” radiosuna açıqlama verən Mustafayev bildirib ki, onun idarəyə çağırılması sözügedən video-müraciətlə bağlı olub.
Tural Mustafayev deyib ki, dindirmə zamanı “yüngül şəkildə” təzyiqə məruz qalıb. Idarədə müstəntiq Sənan Paşayev eyni zamanda, ondan istintaq sirrinin yayılmaması haqqında iltizam alıb.
Prokurorluq hesab edir ki, Tural Mustafayev bu video-müraciətlə istintaq sirrini yayıb, onun orada səsləndirdiyi ifadələr isə əsassızdır. Xüsusən, müstəntiq Tural Mustafayevin “istintaqda Xədicə Ismayılovaya qarşı ittihamların sübutu olmadığı haqda” məlumatı haradan əldə etdiyilə maraqlanıb.
Müstəntiq həmçinin fevralın 27-də Baş Prokurorluqda dindirmə zamanı MTN-nin xüsusi təyinatlısı Elməddin Məmmədovun da iştirakı barədə Turalın dediklərini təkzib edib: “Mənə dedilər ki, o, MTN əməkdaşı deyil, istintaq qrupunun üzvüdür və məhkəmə prosesində iştirak edəcək”.
Tural Mustafayev həmçinin bir daha müstəntiqin nəzərinə çatdırıb ki, Xədicə Ismayıla qarşı şikayətindən imtina edir. Amma bunun cavabında ona deyiblər ki, “məhkəməyə qədər hələ fikrini dəyişə bilər”.
Tural Mustafayev şikayət ərizəsini geri götürmək barədə bir müddət əvvəl Baş prokuror Zakir Qaralova ünvanladığı məktubun nəticəsilə maraqlanıb. Ona bildiriblər ki, istintaq yekunlaşmaq üzrədir və o öz mövqeyini məhkəmədə ifadə edə biləcək.
Tural Mustafayevdən həmçinin bundan sonra mediada bəyanatlarla çıxış etməmək tələb olunub. Bu səbəbdən də Tural Mustafayev öz təhlükəsizliyinə görə narahatdır. O, media vasitəsilə Avropa Ittifaqının Bakıdakı nümayəndəliyinə və ABŞ səfirliyinə müraciət edərək, heç olmasa, məhkəməyə qədər onun təhlükəsizliyinin təmin olunmasını xahiş edib.
O, həmçinin diplomatik nümayəndəliklərə rəsmi müraciət etmək niyyətindədir.
***
Onu da qeyd edək ki, Tural Mustafayev dünən prokurorluqda ifadə verməmişdən əvvəl “Amerikanın səsi”nə danışaraq, Xədicə Ismayıla qarşı ərizəni yazmaq üçün hansı formada təzyiqlərə məruz qaldığını, necə şantaj edildiyini açıqlayıb:
– Sizi sizi istintaqa nə məqsədlə çağırıblar?
– Dünən saat 20:50-də atama müstəntiq Sənan Paşayev zəng vurub. Bildirib ki, məni də götürüb Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinə gəlsin. Heç bir məlumat verilməyib. Qeyd edim ki, Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsində fevralın 27-də olmuşam, MTN-nin 3 əməkdaşı ilə birlikdə. Sənan Paşayevin otağında yenidən ifadələrimi təsdiq eləməyə məcbur ediblər. MTN əməkdaşı, xüsusi təyinatlı Elməddin Məmmədov istintaq otağında olub. Mən buna etiraz etsəm də, məhəl qoyan olmadı. Kimdən kimə şikayət edəsən?
– Siz Xədicə Ismayılova ilə bağlı şikayət ərizənizdən imtina etmisiniz, yoxsa yox?
– Bəli etmişəm. Aprelin 7-də mən ərizəni yazmışam və göndərmişəm Baş prokuror Zakir Qaralova.
– Cavabları nə olub?
– Cavab gec gəldi, hardasa aprelin 26-da gəldi. Cavabı Ağır Cinayətlərə dair Istintaq Idarəsinin rəisi Eldar müəllim yazmışdı ki, sizin göndərdiyiniz ərizəyə tezliklə cavab veriləcək.
Mən bir daha təsdiqləyirəm ki, mən buna məcbur edilmişəm. Şikayət ərizəsini Bakı şəhər prokurorunun birinci müavini Azər Əsgərovun təkidi nəticəsində, onun sözlərilə diqtə-diqtə yazmışam. Yazmağa məcbur ediblər. Mənim evimdə çəkilən video-görüntülər göstəriblər. Bu video görüntülər açıq-saçıq görüntülərdi. Mənim evimə gələn qonaqların hamısının videoları çəkilib. Orada 6-7 nəfər var. Bunlarla şantaj olunurdum. Isa Şahmarlı (LGBT üzvü) ilə birlikdə qalmışdıq, metronun “Nizami” stansiyasının yanında. Biz evdən çıxandan bir ay sonra Isa Şahmarlı özünü asıb öldürmüşdü və mən bunda ittiham olunurdum. Gürcüstanda keçirilən Tekali (Təkəli) prosesində iştirak elədiyim üçün ermənilərlə əlaqədə olduğum bildirilirdi. Bunları göstərdilər ki, onlarla səni ittiham edə bilərik. Və məni məcbur elədilər ki, şikayət ərizəsini yazım.
– Siz qeyd etmisiniz ki, işgəncələrə məruz qalmısınız. Hansı işgəncələrdən söhbət gedir?
– Mən dekabrın 27-də Qəbələ hava limanından bibimlə Moskvaya gedirdim. Açığı desək, ölkəni tərk edirdim. Mənə hava limanından bildirdilər ki, sizin ölkədən çığışınıza qadağa qoyulub. Mən zərərçəkmiş şəxsəmsə, mənim ölkədən çıxmağıma qadağa qoymağa nə əsas var idi? Heç bir əsas yox idi ki, mənim ölkədən çıxışıma qadağan qoyulsun. Mən elə dekabrın 27-də Qəbələ hava limanında bildirdim ki, şikayət ərizəmi geri götürürəm və Göyçay rayonuna gəldim – öz yaşadığım ünvana. Bir az keçmiş atama telefon zəngləri gəlməyə başladı. Zəng eləyən Ilqar Əliyev idi – MTN-in Anti-Terror Mərkəzinin rəisi. Qeyd edim ki, o da Göyçaylıdır və atamı tanıyır. Buna görə atama müraciət edirdi. Mən nüməyəndəm Ruslan Əliyevlə əlaqə saxlayırdım. Ondan xahiş eləmişdim ki, mənə ərizə yazmağa kömək eləsin. O, ərizəni yazıb, e-mail ünvanıma göndərmişdi. Mən çatdıra bilmədim və Göyçayda evimizin qarşısında 4 polis əməkdaşı tərəfindən saxlanıldım, polis şöbəsinə aparıldım. Adı da oldu ki, rəis çağırıb. Mən bundan sonra Göyçay Rayon Polis Şöbəsində iki polis əməkdaşı və Göyçay MTN-nin iki əməkdaşı ilə Bakıya gətirildim. “Space” TV-nin yanında Anti-Terror Mərkəzinin əməkdaşlarına təhvil verildim. “Şüşəli bazar”ın yanında kirayə tutduğum evdə məni yanvarın 14-dək ev dustağı saxladılar. Telefonumu, internet əlaqələrimi kəsmişdilər. Mən yanvarın 14-dək dirəniş göstərdim ki, ərizəmi geri götürəcəm. 14-ü günü xüsusi təyinatlı gəldi evə və məni orada döyərək öz maşınlarına mindirib, başıma maska keçirərək 1 saylı Ruhi Əsəb Xəstəxanasına apardılar – nevroz şöbəsinə, Leyla xanımın (həkim-red) yanına. Orada mənə məcburi şəkildə iynə-dərman tədavülləri göstərirdilər. Mən etiraz etsəm də, dərmanları atmayanda məcburi şəkildə qolumu buraraq iynələr vurdular.
Mənim belimdə tük vəzi var idi, bir neçə dəfə döyüldükdən sonra oradan qanaxma başladı. Onlar məcbur oldular ki, MTN-nin hospitalına yerləşdirsinlər. Orada adım Məmmədov Valeh Əli oğlu kimi, MTN-nin əməkdaşı kimi qeyd olunmuşdu. Əməliyyat olundum orada. Bu barədə mənim sübutlarım var.
– Hazırda həbs olunma ehtimalınız varmı?
– Yəqin ki. Fikirləşirəm ki, mənim özümə qarşı Cinayət Məcəlləsinin 296-cı (bilə-bilə yalan demə) maddəsini istifadə edərlər.
Bu hadisələr baş verməməli idi. Mənim Xədicə xanıma çox böyük hörmətim var. Dost olmuşuq, dəfələrlə evində olmuşam, çox qonaqpərvərlik edib. Yəni sui-istifadə elədilər. Bizim aramızda olan xırda nüanslardan istifadə elədilər.
Vəkil Yalçın Imanov da bildirib ki, Tural Mustafayev şikayətindən imtina edirsə, Xədicə Ismayılova barəsində Cinayət Məcəlləsinin 125-ci maddəsilə (özünü öldürmə həddinə çatdırma) başlanmış cinayət təqibinə xitam verilməlidir: “Tural Mustafayev şikayət ərizəsinin təzyiq və işgəncə altında yazdırıldığını bildirir. O, şikayətindən imtina edir. Qanunvericiliyə görə, bu halda cinayət təqibinə xitam verilməlidir. Cinayət Prossesual Məcəlləyə görə, cinayət işi prokurorun təşəbbüsü ilə başlamayıbsa, zərərçəkən şəxs şikayətindən imtina edirsə, cinayət təqibinə xitam verilir”.