«İlham Əliyev tənqidçilərini susdurmaq üçün həbsxanaya saldırır»
«Əliyev hakimiyyəti ölkə daxilində korrupsiyadan diqqəti yayındırmaq üçün Qarabağ problemilə manipulyasiya edir»
Bakıda keçiriləcək Avropa Oyunları yaxınlaşdıqca beynəlxalq mediada Azərbaycanla bağlı məqalələrin sayı artır. Dünyanın nüfuzlu media orqanları iyunda Bakıda keçiriləcək Avropa Oyunları haqda material hazırlayarkən ilk növbədə turnirə ev sahibliyi edən Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətinə diqqət çəkirlər. Bu qəbildən olan demək olar ki, bütün məqalələrdə Azərbaycandakı repressiyalar, hökuməti tənqid edənlərin həbsxanaya salınması kimi faktlar öz əksini tapır. Böyük Britaniyanın ən nüfuzlu media orqanlarından olan, 1 milyon 500 min tirajla yayımlanan “The Economist” jurnalında da sözügedən məqalədə Birinci Avropa Oyunlarının insan haqlarının pozulduğu, korrupsiyanın geniş yayıldığı ölkədə keçirildiyi vurğulanıb. Məqalənin tərcüməsini təqdim edirik:
***
Azərbaycanlı jurnalist Xədicə Ismayılova bu ölkədəki hakim elitada təmsil olunanlar arasında korrupsiyanı araşdırırdı. O, başa düşürdü ki, bu işi görməklə dərin sularda üzür.
2012-ci ildə xanım Ismayılova bir zərf almışdı. Həmin zərfdə onun evinə yerləşdirilmiş gizli kamera vasitəsilə yataq otağında lentə alınmış görüntülər göndərilmişdi. Ona xəbərdarlıq edilmişdi ki, araşdırmalarını dayandırmasa, həmin görüntülər internet vasitəsilə yayımlanacaq.
Xanım Ismayılova bu şantaja əhəmiyyət vermədi, ona xəbərdarlıq edildiyi kimi, video da yayımlandı. Buna baxmayaraq, Ismayılova da araşdırmalarını dayandırmadı. Ötən ilin dekabrında isə Xədicə Ismayılova keçmiş həmkarı Tural Mustafayevi özünü öldürmək cəhdinə vadar etmək ittihamı ilə həbs olundu. Bu ilin fevralında isə ona qarşı vergidən yayınma, vəzifədən sui-istifadə kimi yeni ittihamlar irəli sürüldü. Mustafayev isə öz ərizəsini geri götürüb. Xədicə Ismayılovanın işi üzrə məhkəmənin nə vaxt başlanacağı isə hələ məlum deyil.
Xanım Ismayılova tək deyil. Təkcə ötən il Azərbaycanda ən azı 33 nəfər digər aktivist, o cümlədən jurnalist və blogger siyasi sifarişlə həbs olunub. Bu barədə Nyu-Yorkda yerləşən “Human Rights Watch” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Azərbaycanda saxlanılan şəxslərə, o cümlədən dustaqlara qarşı zorakılıq geniş yayılıb. Hazırda həbs olan tanınmış hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, tarixçi Arif Yunusun durumu ilə bağlı ciddi narahatlıq var. Onlar keçən ilin yayından həbsdədir. Onlara qarşı dövlətə xəyanət, vergidən yayınma kimi ittihamlar irəli sürülüb. Leyla Yunus şəkərli diabet və qaraciyər problemindən əziyyət çəkir.
“Human Rights Watch”ın veteran araşdırmaçısı olan Georgi Qoqia deyir ki, Azərbaycanda vəziyyət pisdən daha da pisliyə doğru gedir. Cənab Qoqia mart ayında Azərbaycana səfər etmək istəsə də, heç bir izahat verilmədən hava limanında saxlanılıb və ölkəyə buraxılmayıb.
Repressiyaların gücləndiyi vaxt təsadüfi deyil. Neftlə zəngin olan bu keçmiş sovet respublikası gələn ay Avropa Oyunlarına ev sahibliyi edəcək. Turnirdə 50 ölkədən təxminən 6000 idmançı iştirak edəcək.
Beynəlxalq hüquq-müdafiə təşkilatları dünyanın siyasi liderlərini bu turniri boykot etməyə çağırır. Görünür, Azərbaycanın avtoritar prezidenti Ilham Əliyev ölkə daxilindəki tənqidçilərinin öz etirazlarını çatdırmaq üçün bu imkandan istifadə edə biləcəyindən çəkinirdi. Ona görə də onları həbs etdirərək qapalı saxlayır.
Azərbaycan hökuməti ölkənin enerji ehtiyatlarından özünə Avropa və Amerikada dostlar qazanmaq məqsədilə istifadə edir. Cənubi Qafqazın bu ölkəsi həm də özünün neft ehtiyatlarını təklif edir.
Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və Iranın qonşuluğunda, Xəzər dənizinin sahilində yerləşmək Azərbaycan üçün strateji hədiyyədir. Azərbaycan dünyəvi dövlətdir, bu da ABŞ-a Əfqanıstan əməliyyatları zamanı Azərbaycanın ərazisindən istifadə imkanı yaradıb. Bu cür faktlar Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etməsinə niyə imkan verildiyinə dair suallara cavab tapmağa kömək edir. Baxmayaraq ki, Azərbaycanda fərqli fikirliləri, tənqidçiləri həbsxanaya salırlar, bu ölkə 2014-cü ildə 6 ay Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib. Azərbaycan hakimiyyəti neft pulları, o cümlədən kürü və digər vasitələrlə xaricdə lobbi fəaliyyətinə geniş diqqət yetirir.
Hazırda Əliyev üçün əsas başağrısı iqtisadiyyatdır. Dünya bazarında neftin qiymətinin ucuzlaşması Azərbaycanın maliyyə vəziyyətinə ciddi zərbə vurub. Ölkə ixracatının təxminən 95 faizi, ümumdaxili məhsulun isə 40 vaizi məhz enerji resurslarının payına düşür. Ölkədə inflyasiyanın səviyyəsi artır. Hökumətin milli valyutanı əvvəlki səviyyədə saxlamaq səylərinə baxmayaraq, manat ciddi şəkildə dəyərdən düşdü. Büdcə təşkilatlarında çalışanların maaşları gecikdirilir. Hökumət isə bütün bunları Avropa Oyunları ilə əlaqələndirir.
“Aktivistlərin həbsindən fərqli olaraq, bu faktor hökumətin ciddi narahatlığına səbəb olub”, – deyə Vaşinqtonda Azərbaycan üzrə ixtisaslaşmış analitik bildirib.
Narahatlığa digər səbəb isə Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Ermənistanla olan gərginlikdir. Əliyev hakimiyyəti ölkə daxilində korrupsiyadan diqqəti yayındırmaq üçün Qarabağ problemilə manipulyasiya edir.
Siyasət şöbəsi