ABŞ mətbuatı Azərbaycanın Avropadan qopduğunu yazır: "Keçid oyunu dayandırıldı"
«Bu ayın əvvəlində Avropanın xəritəsi yenidən cızıldı. Bu dəfə baş kartoqraf Putin (Ukrayna), yaxud NATO (Kosovo) deyil, Azərbaycan prezidenti İlham Əliyev idi. İllər boyu coğrafiyaşünaslar baş sındırırdılar ki, onun Xəzərin sahilindəki kiçik ölkəsini xəritənin harasına aid etsinlər. Hələ də Avropaya? Yoxsa artıq Orta Asiyaya?».
«The Huffington Post» qəzetində Till Bruckner yazır ki, bu sual həmişə coğrafi deyil, əsasən siyasi baxımdan verilirdi.
«Neftlə zəngin Azərbaycan qonşusu Gürcüstan kimi demokratiyaya doğru keçid mərhələsindədir, yəni sonucda Avropa ailəsinin üzvünə çevriləcək? Yoxsa Şərqə doğru getdikcə ailə idarəçiliyinə dayanan, «…stan» ölkələri kimi feodal quruluşu olacaq?».
Müəllif yazır ki, illər boyu prezident Əliyev ustalıqla bu bölgünü uzadıb – ölkəni mafiya başçısı kimi idarə edib, eyni zamanda demokratik fasad yaradaraq xaricə özünü elə təqdim edib ki, guya daha geniş demokratiyaya keçid üzrədir, azadlıq və insan haqlarına da əlini uzatsan, çatacaq.
Ancaq ayın əvvəlində hər şey dəyişdi: Əliyev rola girməyi dayandırdı və qırmızı xətti keçdi. Müəllifin fikrincə, əslində, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) Azərbaycanın statusunu salanda dramatik bir şeyin baş vermədiyi təəssüratı yaranırdı. Qurum bu addımı ölkədə vətəndaş cəmiyyəti qruplarına davamlı təzyiqlər səbəbindən atdı. Görünür, EITI qərara gəlib ki, korrupsiyada ad çıxarmış ölkə eyni zamanda neft və qaz gəlirlərinin idarəçiliyində şəffaflıq modeli ola bilməz.
«İnsan haqları müdafiəçisi İntiqam Əliyev həmin qərardan bir neçə gün sonra məhkəmə qarşısına çıxanda rejim üçün qızıl fürsət yarandı ki, siyasi məhbusu azadlığa buraxsın, Qərb başını xəfifcə sığallasın və səhnəni növbəti həbs dalğası üçün təmizləsin. Axı bu ssenari bir neçə dəfə təkrarlanıb».
Ancaq müəllif bu ay hər şeyin başqa cür getdiyini vurğulayır. «Bəlkə ona görə ki, hazırda Azərbaycanın xarici yardım kimi aldığı bir neçə milyard dollar prezident üçün xırda-xuruş məbləğdir, ölkəsinin sərvətinin bu il 55 milyard dollara çatacağı gözlənir. Bəlkə də ona görə ki, prezident Avropa Oyunları kimi idman tədbirləri keçirməklə sivil dünyanınhörmətini satın alacağına inanır. Hansı səbəbdən olur olsun, bir şey aydındır: Azərbaycan keçid oyununu dayandırdı və xəttini çəkdi.
Nəticədə, Sovet imperiyasının çöküşündən 25 il sonra Avropanın şərq sərhədi siyasi, sosial və mədəni baxımdan aydın çəkildi: bu xətt qərbdə Gürcüstanı şərqdə yerləşən Azərbaycandan ayırır. Əlvida, Azərbaycan. Avropalıların sənin üçün darıxacağını demək düzgün olmazdı; burada çox az adam getdiyindən xəbər tutacaq. Ancaq yenə də ailəni tərk etməyini görmək qüssə yaradır» (azadliq.org).