Əli Kərimli: "Biz mitinqlərə ara versək, növbəti devalvasiya mütləq olacaq"
Demokratik Qüvvələrin Milli Şurası aprelin 25-də növbəti sessiyasını keçirib. Sessiyanın gündəliyinə aşağıdakı məsələlər salınıb:
1. İctimai-siyasi vəziyyət.
2. 3 may mitinqinə hazırlıq.
3. Təşkilati məsələlər.
4. Cari məsələlər.
Sessiyanı açıq elan edən Milli Şura sədri Cəmil Həsənli qurumun üzvü, siyasi məhbus Tofiq Yaqublunun ailəsinin bugünlərdə başına gələn faciəni xatırladıb. Milli Şura üzvləri Nərgiz Yaqublunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıb.
Ölkədəki ictimai-siyasi vəziyyət barədə danışan Milli Şura sədri yaranmış iqtisadi böhrana diqqət yönəldib. Xatırladıb ki, ölkənin əsas sərvəti olan neftin istehsalı aşağı düşür, üstəlik dünya bazarında neftin qiyməti də ucuzlaşıb. Cəmil Həsənli manatın kəskin devalvasiyası və bunun ölkədə bahalaşmaya səbəb olmasından da danışıb.
Milli Şura sədri daha sonra hakimiyyətin Qarabağ siyasətini tənqid edib. Bildirib ki, İlham Əliyevin işğala qarşı mübarizəsi televiziyada “Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var” deməkdən ibarətdir. Torpaqlarımızın işğaldan azad olunması üçün effektiv siyasət aparılmır, 20 ildə yürüdülən siyasət özünü doğrultmayıb.
Cəmil Həsənli Azərbaycan hökumətinin Avropa İttifaqı ilə Assosiasiya sazişini imzalamaq istəməməsinə də toxunub. “May ayında keçiriləcək Riqa sammitində Asossiasiya sazişi imzalanmalıdır. Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramının iştirakçısı olan 6 ölkədən 3-ü bu sazişi artıq imzalayıb. Azərbaycan da bu sazişi imzalamalıdır. Amma biz hökumətin bunu etməmək üçün gətirdiyi müxtəlif bəhanələrin şahidi oluruq. Azərbaycan tərəfi deyir ki, Strateji Tərəfdaşlıq xarakterli proqramlarda iştirak etmək istəyir. Bunun fərqi ondan ibarətdir ki, Assosiasiya sazişi olanda hökumət demokratik dəyişikliklər, ciddi siyasi, iqtisadi islahatlar öhdəliyi götürür. Azərbaycan hökuməti isə bu islahatlardan – demokratik, azad və ədalətli seçki keçirməkdən, koorupsiyanı, monopoliyanı aradaq qaldırmaqdan qaçmaq istəyir, çalışır ki, indiki mühit qorunub saxlansın”, – deyə Milli Şura sədri bildirib.
Cəmil Həsənli günümüzün hadisələrindən olan saxta erməni soyqırımına xatirə tədbirlərinin keçirilməsinə də münasibət bildirib. O deyib ki, ermənilər uydurma soyqırımla bağlı apardıqları kampaniyada müəyyən nəticələrə həm də bizim hökumətin “əfəlliyi” ucbatından nail oldular. Milli Şura sədri vurğulayıb ki, bu mövzuda ermənilər əbəs yerə tarix müstəvisindən qaçmırlar. Bilirlər ki, tarixi həqiqətlər onların iddialarını təkzib edir. Ona görə də məsələni siyasi müstəviyə çəkirlər. Sonda siyasi məhbuslarımız haqqında demək istəyirəm. Siyasi məhbusların sayəı artır. Son günlərdə Rəsul Cəfərova və İntiqam Əliyevə hökm oxundu. Məhkəmə prosesində heç nə ortaya qoyulmasa da bu insalara fantastik hökmlər oxundu. Bu məhkəmələrdən çox maraqlı bir epizod yadımda qaldı. Vəkil İntiqam bəyin məhkəməsində dedi ki, yalan palanı yığmısız bura, indi də deyirsiz cavab ver. Hakim dedi ki, yalan-palan olsa da bu cinayət işidi. Bu yalan-palan üzərində qurulan cinayət işi bu gün insanlara ən ağır cəzanın oxunmasına gətirib çıxarır”.
***
Sonra çıxış üçün söz AXCP sədri Əli Kərimliyə verilib:
"Əvvəla dünən qeyd olunan qondarma soyqırımla bağlı danışmaq istəyirəm. Mən çox acı bir təəssüf hissi ilə izlədim ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələrinin diqqəti dünən bu tədbirlərə cəlb olunmuşdu. Erməni diasporası müəyyən bir siyasi uğurlar da qazanıb. Dünyanın bir hissəsinə artıq tarixi öz istədikləri kimi qəbul elətdiriblər. Bütün bu prosesi izlədikcə çox təəssüf hissi keçirirdim və görürdüm ki, Azərbaycan əslində yiyəsizdi. Çünki ilk baxışda belə görünür ki, bu soyqırımla davanı Türkiyə ilə aparırlar. Bu hadisənin birbaşa bizimlə əlaqəsi yoxmuş kimi görünür. Amma bu ilk baxışda görünən səthi düşüncədi. Bizim üçün çox acıdı ki, bu gün gözümüzün qabağında bizim 20 faiz torpaqlarımız işğal altında olduğu bir halda bu işğal faktını biz dünyaya bu dərəcədə birmənalı etiraf elətdirə bilmirik. Cəmil bəyin araşdırmalarından da göründüyü kimi əslində Birinci Dünya Müharibəsinə cəlb olunmuş Türkiyənin daxilində vətəndaş müharibəsi kontekstində baş vermiş bu hadisəyə yüz ildən sonra öz gözləri ilə dünyanı baxmağa məcbur edirlər. Amma biz 20 illik tarixi, bizim işğalımızla bağlı dünyanın etirafına nail ola bilmirik. Azərbaycanı yönəldənlərin, Azərbaycanın sərvətlərinə sərəncam verənlərin, onu siyasətini müəyyənləşdirənlərin qətiyyən Azərbaycanın milli maraqlarından çıxış etmədikləri ortaya çıxır. O qondarma soyqırım abidəsinin yanında duranlar Putin, Olland idi. Bundan əlavə Serbiyanın prezidenti durmuşdu orda. 300 milyon bu xalqın boğazından kəsib aşağı faizlə Serbiyaya niyə yedizdirmisən? Bunun cavabını verməlisən. Vatikanda yer qalmayıb təmir elətdirməyə. Niyə Roma Papası ilə müvafiq söhbətlər olmadan bu işlər görülüb ki, indi bu günlərdə Roma Papası çıxıb erməni soyqırımı ilə bağlı həqiqətə uyğun olmayan bəyanatı verdi. Rusiya prezidentinin hərəkətləri isə Azərbaycan hakimiyyətini rüsvay etdi. Azərbaycan hökumətinin strateji portnyoru ermənipərəstdi. Çox aydın bir şəkildə bu gün Azərbaycan hökuməti kimə söykənir, kimə güvənir, kiminlə başqalarını hədələyir? Ermənilərin böyük dostu ilə. Sonra da utanmaz-utanmaz millilikdən, vətənpərvərlikdən danışırlar. Dünən bu səhnələr seyr olunanda Azərbaycan xalqının faktiki başçısız qalmağı görünürdü. O başçı varsa da ancaq öz kürsüsünü qorumaq haqqında düşünür.
Daha sonra çıxış edən Milli Şura üzvü Rahim Hacıyev, hakimiyyət üçün çətin dönəm başladığını, xalqı səfərbər etmək üçün yaşı imkanlar yarandığını bildirdi:
"Vəziyyət günü gündən gərginləşir. Hökumət atdığı addımlarla əhalinin daha çox qəzəbinə tuş gəlir. Hətta avtobus sürücüləri uca səslə danışırlar, etiraz edirlər. Adamların xəbəri var və getdikcə bizim istədiyimiz mövqeyə gəlirlər. Təxminən bir il əvvələ qədər bunu təsəvvür etmək mümkün deyildi. Əhali içərisində geniş iş aparmağa, əhalini zəruri addımlar atmağa, vətəndaşları səfərbər etməliyik. Həqiqətən də üzərimizə böyük iş düşür. Xalqla işləmək üçün çox böyük əsaslar var. Sosial şəbəkələr bizə geniş miqyasda çox effektiv işlər görməyə əsaslar verir. Vəziyyətin pisləşməsi və mitinqlər hökuməti ciddi şəkildə narahat edir. Biz də vəziyyətdən istifadə edib daha yaxşı təbliğat aparmalıyıq".
***
Sonda çıxış edən Milli Şura üzvü Fuad Qəhrəmanlı, ölkədə yeni mərhələnin başlandığını bildirdi və bu mərhələdə daha məsuliyyətli addımların atılmasının zəruri olduğunu qeyd etdi:
"Siyasətdə yeni dövrün başlandığını deyə bilərik. Artıq gözləntilərimiz dəyişib. Əvvəllər beynəlxalq aləmdən Azərbaycandakı problemlərə adekvat münasibət gözləyirdik. Ancaq proseslər elə mərhələyə gəlib çıxdı ki, proseslərin taleyini müəyyən edəcək faktor, Azərbaycanın öz daxilində meydana çıxdı. Artıq qərbin münasibəti bizin üçün ikinci dərəcəli məsələyə çevrilib. Neftin qiymətinin düşməsi ilə iqtisadi böhranın başlaması, ölkədə resursların sürətlə xərclənməsi, anti-böhtan tədbirlərinin həyata keçirilməməsi və s. faktorlar ona gətirib çıxarır ki, cəmiyyətdə sosial narazılıqlar kəskinləşir, cəmiyyətlə hökumət arasında qarşıdurma dərinləşir. Azərbaycanda demokratik inqilabın olmaması sosial inqilabın olmasını qaçılmaz edir. İqtisadi problemlər zəmnində kütləvi etirazlar qaçılmaza çevrilir. Milli Şura olaraq siyasətimizi əsasən bunun üzərində qurmalıyıq. Ola bilsin ki, cəmiyyət hələ bahalaşmanı tam hiss etmir. Eyni zamanda vəziyyət ağırlaşdıqca Azərbaycan xalqının daha çox sıxılması, sahibkarlr təbəqəsinə təzyiqlərin artması cəmiyyətdə narazılığı stimullaşdırır. Hökumət nəinki narazılıqları idarə etmək, hətta artıq elə vasitələrə əl atır ki, o narazılıqlafı stimullaşdırır. Milli Şura üçün kütləvi aksiyaların davam etdirilməsi bugün olduqca vacib məsələdir".
***
Təşkilati məsələ kimi isə əvvəlcə Milli Şuranın bir neçə üzvü, o cümlədən Razi Nurullayev və KXCP təmsilçiləri qurumdan çıxarılıblar. Sonra isə üzvlük üçün yeni müraciətlərə baxılıb. Quruma üzvlük üçün ölkənin tanınmış ictimai-siyasi fəalları Səadət Cahangir, Zümrüd Yağmur, İradə Nəriman və Əfqan Muxtarlı müraciət edib. Milli Şura üzvləri onlardan Səadət Cahangir və Zümrüd Yağmurun müraciətinə müsbət yanaşaraq, üzv qəbul edilmələrinə yekdilliklə səs veriblər. İradə Nəriman və Əfqan Muxtarlının müraciətləri isə özləri iclasda iştirak etmədiyindən baxılmamış qalıb.