«AMAY Abdulla» məhkəmədən müəyyən dairələrə mesaj göndərdi
«Başıma xalta salıb, meymun kimi qapı-qapı gəzdirirlər, heyvan kimi salıblar dörd divarın arasına…»
“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınmış şəxslərin dindirilməsi mərhələsidir. Zərərçəkmişlər də əsasən “Xudafərin” tikinti şirkətinin inşa etdiyi binadan mənzil almış adamlardır.
Qeyd edək ki, binanın tikintisi başa çatsa da, lift, kanalizasiya, elektrik xətti kimi məsələlər yekunlaşmayıb.
Dünən məhkəmədə dindirilən Rəşad Quliyev, Rasim Cavadovun dediklərindən belə məlum olub ki, onlar nə Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Idarəsində olublar, nə də istintaqa ifadə veriblər. Onlar həmçinin Abdulla Abdullayev və digərlərinə qarşı heç bir şikayəti, maddi tələbi olmadığını bildiriblər. Rasim Cavadovun sözlərinə görə, onu bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə çağırıb deyiblər ki, məhkəməyə get: “Mənə dedilər ki, orada sənə kompensasiya verəcəklər”.
Hakim isə bildirib ki, burada cinayət işinə baxılır və heç kimə kompensasiya verilmir.
Digər zərərçəkmiş Marina Ismayılova binanın indiyədək təhvil verilməməsindən gileylənsə də, heç bir maddi tələbi olmadığını bildirib. O yalnız binanın bütün kommunal sistemi ilə birlikdə təhvil verilməsini istəyib. Yeri gəlmişkən, bu zərərçəkmiş də ibtidai istintaq zamanı dindirilmədiyini deyib.
Abdulla Abdullayevin vəkili Osman Kazımov ibtidai istintaq zamanı dindirilməmiş şəxslərin zərərçəkmiş qismində tanınmasını kobud prosessual pozuntu adlandırıb. O, həmin şəxslərin məhkəmədə də dindirilməsinə də etiraz edib. Deyib ki, onların adları zərərçəkmiş siyahısından çıxarılmalı, bu hissədə ittihama xitam verilməlidir: “Axı bunlar özləri deyirlər ki, biz zərərçəkmiş deyilik”.
Vəkil eyni zamanda, bu iş üzrə ibtidai istintaqı aparmış müstəntiqin məhkəmədə dindirilməsini istəyib: “Gəlib ifadə versin ki, istintaqda dindirilməmiş şəxslər nəyə əsasən zərərçəkmiş qismində tanınıb”.
Digər vəkil həmkarları Yavər Hüseyn, Əkbər Bağırov da bu məsələdə Osman Kazımovu dəstəkləyib. Zərərçəkmişlərlə bağlı məsələnin müzakirəsi zamanı vəkillərlə, xüsusən Osman Kazımovla məhkəmə prosesinə sədrlik edən hakim Əfqan Hacıyev, eyni zamanda, iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev arasında mübahisə yaranıb.
Abdulla Abdullayev də məsələyə münasibət bildirib: “Nə qədər deyirəm ki, danışmayacam, dözə bilmirəm. 1918-ci ildə baş verən soyqırımla bağlı 36 cild cinayət işi olub, mənimlə bağlı 80 cild iş düzəldiblər, amma içində heç nə yoxdur. Mən illərlə bu dövlətə sədaqətlə xidmət etmişəm. Heç kimə xəyanət etməmişəm. Amma başıma xalta salıb, meymun kimi qapı-qapı gəzdirirlər. Heyvan kimi salıblar dörd divarın arasına.
Hamı deyir ki, bina tam hazır edilib, təhvil verilməyib. 8 ildir ki, binanın təhvil verilməməsinin səbəbi elə prokurorluqdur. Üç dəfə gəlib tikintini dayandırıblar".
Məhkəmə prosesi aprelin 27-də davam edəcək.
Aytən