İlham Əliyevlə Mərkəzi Bankın açıqladığı rəqəmlər arasında kəskin fərqlər ortaya çıxdı
Ekspertlərə görə, bu təzad ondan xəbər verir ki, Mərkəzi Bankın hesabatı ilə statistik bazası arasında ziddiyyət var
Azərbaycanda nağd xarici valyuta ilə mübadilə əməliyyatları açıqlanıb. Azərbaycan Mərkəzi Bankının saytının verdiyi məlumata görə, fevral ayı üzrə dollar alışı 384 milyon 827 min təşkil edib. Bu mübadilə əməliyyatları yanvar ayına nisbətdə 184 milyon 873 min dollar çoxdur.
Fevral ayı üzrə dollar satışı isə 288 milyon 546 min təşkil edib. Avro ilə mübadilə əməliyyatlarında da ciddi artım müşahidə olunub.
Belə ki, fevral ayına avro 42 milyon 739 min təşkil edib ki, bu da yanvar ayına nisbətdə 7 milyon çoxdur. Avronun satışı isə fevral ayında 147 milyon 49 minə çatıb.
Azərbaycanda banklardan kredit alanların sayı da açıqlanıb. Fevral ayına olan son göstəricilərə əsasən, ölkədə 2 milyon 366 min 967 borcalan var. Borclu şəxslərə isə 1 milyon 89 min 624 nəfər zamin durub.
Amma Mərkəzi Bankın açıqladığı bu rəqəmlər bir sıra suallar doğurur. Hətta təəccüb doğurduğunu desək yanılmarıq. Çünki MB-nin açıqladığı rəqəmlərlə fevralın 21-də baş verən devalvasiyadan sonra dövlət başçısı Ilham Əliyevin Mingəçevirdə elan etdiyi rəqəmlər arasında ciddi fərq var. Belə ki, I.Əliyev MB-nin devalvasiya addımından sonra ilk çıxışında maraqlı faktlar açıqladı və bu faktlardan biri ciddi təzadı ortaya qoyur. I.Əliyev bəyan etmişdi ki, devalvasiya addımı zəruri edən bir neçə səbəb var idi. Onlardan biri gün ərzində bazarda 500 milyon dolların satışa çıxarılması və bu məbləğin alınması olub. Ona görə MB bu cür addım atıb. Amma hazırda fevral ayı üçün MB-nin dollar satışının 288 milyon 546 təşkil etdiyi bildirilir.
I.Əliyevin Mingəçevirdə etdiyi məlum çıxışından sözügedən hissəni diqqətinizə çatdırırıq: “Müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Son vaxtlar hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. Islahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat təxminən 1 dollara bərabərdir”.
Bəs ortada bu cür fərqin yaranmasının səbəbi nədir? Dövlət başçısının elan etdiyi rəqəmlər ilə MB arasında bu qədər fərqin yaranmasını necə izah etmək olar? Hansı rəqəm reallığı əks etdirir? Dövlət başçısının elan etdiyi satış rəqəmi bir günə aiddirsə, MB-nin göstəricisi bütün fevral ayını əhatə edir.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, bazarda qiymət fərqindən gəlir əldə etməkdə heç bir qəbahət yoxdur: “Bu arbitrj fəaliyyəti hesab olunur. Müasir biznes bunu ”ayı" və “öküz” metodu kimi təsnifləndirib. Yəni, aktivləri alırsan və bazardan çıxırsan. Qiymət qalxır, səndə satırsan. Və ya əksi. Bunun adı qəribə səslənsə də, amma bazarlarda düzgün zamanlama strategiyasının qurulmasının effektivliyi ilə bağlıdır".
M.Talıblının sözlərinə görə, bazarda bütün gün və ya həftə ərzində eyni həcmdə MB-nin intervensiyası da doğru siyasət deyil. Ola bilsin ki, kiçik dövr üçün burada problem olmur. Amma müəyyən zaman kəsiyi üçün intervensiya həcmi dəyişə bilər: “Çünki, idxal-ixrac əməliyyatlarının strukturu Mərkəzi Bankın intervensiyasında müəyyən korreksiyalar etməsini şərtləndirə bilər. Bu baxımdan ortalama olaraq gündəlik dollar bazara buraxılmasında fərqlər yarana bilər. Amma bizdəki mövcud fərq eyni dövr üçün iki fərqli dövlət təmsilçisinin fərqli mövqeləridir. Bu anlaşılmazdır”.
MB-nin açıqladığı rəqəmlərlə I.Əliyevin çıxışı arasında ciddi fərqin yaranmasına gəlincə isə, M.Talıblı bildirdi ki, bu ondan xəbər verir ki, MB-nin hesabatı ilə statistik bazası arasında ziddiyyət var. “Ölkə rəhbəri isə onlardan birinə istinad edəndə fərqli mövqe ortaya çıxır”, deyə M.Talıblı bildirdi.
Hikmət